Ömər Çelik: Yunanıstan tərəfi tədbir görməlidir

Baş səhifə

Yunanıstan Hərbi Hava Qüvvələrinin “X” hesabında paylaşımı edənlər məsuliyyətə cəlb olunmalıdır.

APA-nın Türkiyə bürosu xəbər verir ki, Türkiyənin Hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çelik, Yunanıstan Hərbi Hava Qüvvələrinin sosial media hesabında paylaşdığı foto ilə bağlı sərt açıqlama verib.

Çelik bildirib ki, C130 yük təyyarəsinin paylaşımı şəhidlərin ruhuna hörmətsizlikdir:

“Yunan Hərbi Hava Qüvvələrinin şəhidlərimizə yönəlmiş bütün humanitar və hərbi dəyərlərdən məhrum olan iyrənc bir mesaj olan C130 yük təyyarəsinin fotosunu paylaşmasını pisləyirik.”

AK Parti sözçüsü Yunanıstan tərəfinin sonradan paylaşımı silməsini düzgün addım kimi dəyərləndirib və əlavə edib ki, zəlzələlər və fəlakətlər zamanı ölkələr bir-birinin köməyinə gəlir və ağrıları bölüşürlər. O, Türkiyə tərəfindən bu paylaşımın səbəblərinin araşdırılmasını və məsul şəxslərə tədbir görülməsini tələb etdiklərini qeyd edib:

“Həmin iyrənc mesajı yayanlara qarşı lazımi tədbirlərin görülməsini və lazımi cəzaların verilməsini gözləyirik.”

Xatırladaq ki, Yunanıstan Hərbi Hava Qüvvələrinin sosial media hesablarında C130 yük təyyarələrinin fotosu günün fotosu adı ilə paylaşdıqdan sonra Türkiyənin sərt reaksiyası ilə üzləşincə paylaşımı silib.

Daha sonra Yunanıstan Hərbi Hava Qüvvələri X hesabında general Dimosthenis Grigoriadisin imzası ilə başsağlığı mesajı yayımlayıb. Mesajda Türkiyə Hərbi Hava Qüvvələrinə və şəhidlərin ailələrinə dərin hüznlə başsağlığı verilib.