
Bakı. Trend:
Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, deputatlar Fariz
İsmayılzadə, Bəxtiyar Əliyev, Nizami Səfərov və Sabir Hacıyev MDB
PA-nın Şura, plenar və daimi komissiyalarının iclaslarında iştirak
etmək üçün Tacikistanın Düşənbə şəhərində səfərdə olublar.
Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində Milli Məclisin deputatları MDB
PA Şurasının, həmçinin Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq
üzrə daimi komissiyasının və Hüquqi məsələlər üzrə daimi
komissiyasının iclaslarında iştirak ediblər. İclaslarda bir sıra
model qanun layihələri müzakirə olunub, təşkilati məsələlərə
baxılıb.
MDB PA-nın 59-cu plenar iclasında isə “MDB iştirakçısı olan
dövlətlərdə dərman təminatı haqqında”, “Uşaq hüquqları üzrə
müvəkkil haqqında”, “İctimai təhlükəsizlik haqqında”,
“Lisenziyalaşdırma haqqında”, “Standartlaşdırma haqqında”, “Su
obyektlərindəki mədəni irs nümunələrinin dövlət mühafizəsinin
təminatı haqqında” və digər model qanun layihələri müzakirə olunub,
bir sıra qanunlara təklif edilən dəyişikliklərə baxılıb.

