
Bakı. Trend:
“AzerGold” Zod qızıl yatağında genişmiqyaslı geoloji tədqiqat
işləri aparır.
Bunu Trend-in
sorğusuna cavab olaraq “AzerGold”-dan bildiriblər.
“”AzerGold” QSC perspektivli sahələrin axtarışı ilə yanaşı,
mövcud yataqlarda ehtiyatların yenidən qiymətləndirilməsini də
həyata keçirir. 2025-ci ilin avqust ayından etibarən Şərqi Zəngəzur
iqtisadi rayonunda, Kəlbəcər rayonunun inzibati ərazisində yerləşən
Zod qızıl yatağında genişmiqyaslı geoloji tədqiqat işlərinə
başlanılıb. Buna qədər ərazinin mərhələli şəkildə mina və
partlamamış hərbi sursatlardan təmizlənməsi davam etdiyindən
geoloji tədqiqatlar prosesi ləng getsə də, hazırda yatağın
ölkəmizin ərazisindəki hissəsində geoloji qiymətləndirmə işləri
yüksək templə həyata keçirilir”, – deyə şirkətdən bildiriblər.
Məlumata görə, artıq yataq sahəsinin müasir metodlarla
topoqrafik planalması icra edilib: “Bundan əlavə, yataq
filizlərinin yerüstü geokimyəvi sınaqlaşdırılması da aparılıb.
Əlavə olaraq, ehtiyatların qiymətləndirilməsi üçün buruq quyuları
layihələndirilib və hazırda qazma işləri davam etdirilir. Bununla
yanaşı, növbəti mərhələlərdə mühəndis-geoloji,
metallurji-texnoloji, hidrogeoloji tədqiqatlar, qalıq ehtiyatların
hesablanması və texniki-iqtisadi əsaslandırma işlərinin aparılması
planlaşdırılır. Nəticələr əldə olunduqca bu barədə ictimaiyyətə
ətraflı məlumat veriləcək.”

