
Bakı. Trend:
SOCAR-ın təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” və
12 noyabr – Konstitusiya Günü münasibətilə keçirilən “Neftin
suverenlik yolunda rolu” adlı rəsm müsabiqəsinə yekun vurulub.
Trend xəbər verir ki, gənclər
arasında Konstitusiya, suverenlik anlayışlarının, dövlətçilik və
müstəqillik dəyərlərinin bədii ifadə vasitəsilə təşviq olunması,
eləcə də yaradıcı gənclərin inkişafına dəstək məqsədi daşıyan
müsabiqəyə ümumilikdə 70-ə yaxın rəsm təqdim olunub.
Cari ilin sentyabr və oktyabr aylarında təşkil edilən ilkin
mərhələdə seçilən 22 ən yaxşı rəsm SOCAR-ın Baş ofisində keçirilən
sərgidə nümayiş olunub. Tədbirdə SOCAR nümayəndələri, münsiflər
heyəti və rəsmlərin müəllifləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və
ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş
şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İlkin olaraq müəlliflər rəsmləri ilə bağlı təqdimatlar
ediblər.
Rəsmlər Əməkdar artist Bəhram Bağırzadə, SOCAR-ın Sosial
məsuliyyət Departamentinin rəis müavini Mirsahib Musayev,
İstedadların idarə edilməsi və biznes tərəfdaşlığı Departamentinin
Səriştəliliklərin qiymətləndirilməsi və insan resursları
əməliyyatlarının koordinasiyası şöbəsinin rəisi Asim Əliyev və Bakı
Ali Neft Məktəbinin Tədbirlərin və sərgilərin təşkili şöbəsinin
tərtibatçı dizayneri Tahir Əfəndiyevdən ibarət münsiflər heyəti
tərəfindən qiymətləndirilib.
Müsabiqənin nəticələrinə əsasən, I yerin qalibi Aydan Qurbanova
olub, II yerə Onur Aşurlu, III yerə isə Gülnisə Novruzova layiq
görülüb.
İştirakçılara və qaliblərə sertifikatlar, eləcə də hədiyyələr
təqdim olunub.
Sonda xatirə fotosu çəkdirilib.

