
Bakı. Trend:
Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın tanınmış jurnalisti,
“Euronews” telekanalının keçmiş müxbiri Emin İbrahimovun faciəli
şəkildə həlak olması ilə əlaqədar mərhumun ailəsinə, yaxınlarına və
həmkarlarına başsağlığı verib.
Trend xəbər
verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.
“Azərbaycan jurnalistikasının peşəkar nümayəndəsi kimi həm
ölkəmizdə, həm də beynəlxalq media mühitində yer tutmuş Emin
İbrahimovun xüsusilə Vətən müharibəsi dövründə hazırladığı
reportajlar obyektivliyi, vətənpərvərliyi və yüksək peşəkarlığı ilə
yadda qalıb”, – paylaşımda qeyd olunub.
Qeyd edək ki, azərbaycanlı jurnalist, “Euronews” telekanalının
müxbiri Emin İbrahimov Türkiyədə yol-nəqliyyat hadisəsi nəticəsində
həlak olub.

