Prezident İlham Əliyev: Özbəkistan Azərbaycan üçün qardaş ölkə, etibarlı müttəfiqdir (Özbəkistanın Milli İnformasiya Agentliyinə MÜSAHİBƏ)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın
Milli İnformasiya Agentliyinə (UzA) müsahibə verib.

Trend müsahibəni təqdim
edir.

-Hörmətli cənab Prezident, Siz tezliklə Daşkənddə
keçiriləcək Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə
iştirak etməyə hazırlaşırsınız. Siz regional əməkdaşlığın bu
formatı barədə nə deyə bilərsiniz? Azərbaycanın bu regionla
əlaqələri necə inkişaf edir və əməkdaşlığın indiki səviyyəsi Sizi
qane edirmi?

-Əvvəlcə qeyd etmək istəyirəm ki, bu, mənim Mərkəzi Asiya Dövlət
Başçılarının Məşvərət görüşündə sayca üçüncü iştirakım olacaq.
Dəvət aldığım ilk görüş 2023-cü ildə Düşənbədə, ikincisi isə
2024-cü ildə Astanada keçirilib və qarşıdakı görüşün Daşkənddə
keçirilməsi gözlənilir. Mən dəvətə, həmçinin Azərbaycanın bu mühüm
tədbirdə iştirakına göstərilən dəstəyə görə bütün həmkarlarıma, ilk
növbədə isə qardaşım Şavkat Mirziyoyevə səmimi təşəkkürümü
bildirirəm.

Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə
malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı
formalaşdırır. İlk baxışda Azərbaycanı Mərkəzi Asiya ölkələrindən
fiziki olaraq ayırsa da, Xəzər dənizi, əslində, mühüm birləşdirici
amildir. Bu gün Xəzər dənizi, sadəcə, coğrafi anlayış deyil, o, hər
şeydən əvvəl xalqlarımızın strateji birliyinin, iqtisadi
potensialının və tarixi əməkdaşlığının rəmzidir.

Ölkələrimizi təkcə coğrafiya deyil, həm də tarixi-mədəni
əlaqələr, ortaq dini və mənəvi dəyərlər, adət-ənənələr
birləşdirir.

Azərbaycan regiondakı bütün ölkələrlə ən yüksək səviyyədə
əməkdaşlığın hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir. Hesab
edirəm ki, Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında
ikitərəfli əsasda qurulan strateji tərəfdaşlıq və müttəfiqlik
münasibətləri, həmçinin fəal siyasi dialoqumuz və qarşılıqlı
səfərlərimiz bu əməkdaşlıq formatının uğurunda mühüm rol
oynayır.

Son bir neçə ildə dövlət başçıları arasında qarşılıqlı
səfərlərin və təmasların dinamikası münasibətlərimizin yüksək
səviyyəsini əyani şəkildə nümayiş etdirir. Belə ki, son üç ildə
Mərkəzi Asiya dövlətlərinin başçıları Azərbaycana təxminən 30 səfər
ediblər və mən özüm də həmin müddətdə qardaş ölkələrdə 13 dəfə
səfərdə olmuşam.

Orta Dəhlizin artan əhəmiyyəti əməkdaşlığımızın
genişləndirilməsi üçün əhəmiyyətli imkanlar yaradır.

Əminəm ki, Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət
görüşü qardaş xalqlarımız arasında əsrlər boyu davam edən dostluğun
möhkəmləndirilməsində, siyasi, iqtisadi, nəqliyyat, investisiya,
enerji, mədəni, humanitar və rəqəmsal transformasiya sahələrində
çoxsəviyyəli əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli mərhələ
olacaq.

-Hörmətli cənab Prezident, Siz Azərbaycan ilə Mərkəzi
Asiya ölkələri arasında qarşılıqlı səfərlərin intensivliyini, fəal
siyasi dialoqu və yüksəksəviyyəli qarşılıqlı anlaşmanı
vurğuladınız. Diqqət yetirdik ki, son bir il yarım ərzində
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana beş dəfə səfər
edib. Bundan başqa, Siz il ərzində müxtəlif beynəlxalq məkanlarda
bir neçə dəfə görüşmüsünüz. Azərbaycan ilə Özbəkistan arasında
diplomatik münasibətlərin qurulmasının hazırkı 30-cu ildönümündə
ikitərəfli əlaqələrin vəziyyətini necə xarakterizə
edərdiniz?

-Özbəkistan Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiqdir.
Bizi ortaq köklər, mənəvi dəyərlər, dil, etnik yaxınlıq, zəngin
tarixi və mədəni irs birləşdirir. Əsrlər boyu qardaş xalqlarımız
bir-birinə dərin rəğbət və hörmət bəsləyiblər. Sevindirici haldır
ki, dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində uğurla
inkişaf edir.

Bu gün Azərbaycan ilə Özbəkistan arasında münasibətlər ən yüksək
– müttəfiqlik səviyyəsindədir.

Münasibətlərimizin inkişafına təsir edən digər, əhəmiyyəti heç
də az olmayan amil Özbəkistan Prezidenti Şavkat Miromonoviç
Mirziyoyev ilə aramızda yaranan şəxsi etimad və dostluq
münasibətləridir. Prezidentin dövlətlərarası münasibətlərimizin
inkişafına şəxsi töhfəsini, onun çoxşaxəli əməkdaşlığımızın ardıcıl
olaraq gücləndirilməsinə daim diqqət yetirməsini xüsusi vurğulamaq
istərdim.

Qardaş Özbəkistanın lideri, görkəmli dövlət xadimi və
Azərbaycanın böyük dostu Prezident Şavkat Mirziyoyevi ölkəmizdə
salamlamaq bizim üçün həmişə böyük şərəf və məmnuniyyətdir. Qeyd
etdiyiniz kimi, son bir il yarım ərzində beş belə səfər olub. Bütün
bunlar münasibətlərimizin yüksək dinamikasını əyani şəkildə
göstərir.

Keçən ilin avqustunda mənim Özbəkistana dövlət səfərim oldu, bu
ilin iyulunda isə Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri
etdi. Bu tarixi səfərlər zamanı onlarla mühüm sənəd, o cümlədən
Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında
Bəyannamə, Müttəfiqlik münasibətləri haqqında Müqavilə, “Azərbaycan
Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik
münasibətləri haqqında Müqavilənin həyata keçirilməsi üzrə
2025-2029-cu illər üçün “Yol Xəritəsi” və digər sənədlər imzalandı.
Qısa müddət ərzində çox böyük işlər görüldü. Bütün bu qarşılıqlı
səfərlər Azərbaycan-Özbəkistan münasibətlərinin həm ikitərəfli
əsasda, həm də Mərkəzi Asiya və Xəzər regionu da daxil olmaqla,
vahid coğrafi məkanda yeni tərəfdaşlıq imkanlarının
reallaşdırılması baxımından bütün sahələrdə möhkəmləndirilməsinə
əhəmiyyətli təkan verib.

Həmçinin 2023-cü ilin avqustunda təsis edilmiş Ali
Dövlətlərarası Şura da münasibətlərimizin inkişaf strategiyasının
müəyyənləşdirilməsində xüsusi rol oynayır. Şura artıq qarşılıqlı
dövlət səfərləri çərçivəsində 2024-cü il avqustun 22-də Daşkənddə
və 2025-ci il iyulun 2-də Bakıda iki iclas keçirib.

Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü dəyişməz olaraq
dəstəkləyib. Fürsətdən istifadə edərək, qardaş Özbəkistana
Qarabağın bərpasına verdiyi töhfəyə, xüsusən də azad edilmiş
Füzulidə böyük özbək alimi Mirzə Uluqbəyin adını daşıyan və hazırda
təxminən 600 şagirdin təhsil aldığı məktəbin tikintisinə görə
minnətdarlığımı bildirirəm. Özbəkistan Qarabağ bölgəsinin yenidən
qurulmasına yardım göstərmək təşəbbüsünü irəli sürən ilk ölkə,
Prezident Mirziyoyev isə dünyada ilk lider olub. Biz bunu həmişə
xatırlayacaq, ölkələrimiz və xalqlarımız arasında həmrəylik,
dostluq və qardaşlıq jesti kimi qəbul edəcəyik.

Qardaş ölkəyə qarşıdakı səfəri səbirsizliklə gözləyirəm. Hər
dəfə Özbəkistanın dinamik inkişafını və özbək xalqının əldə etdiyi
heyranedici nailiyyətləri böyük məmnunluqla müşahidə edirəm. Həyata
keçirilən genişmiqyaslı islahatlar və cəmiyyətin bütün sahələrinin
ardıcıl müasirləşdirilməsi ölkənin nüfuzunun davamlı artmasına və
beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə kömək edir. Bu
nailiyyətlər dostum və qardaşım Prezident Şavkat Mirziyoyevin
rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və düşünülmüş dövlət
siyasətinin göstəricisidir.

Ölkələrimiz arasında əməkdaşlıq təkcə ikitərəfli formatda deyil,
həm də beynəlxalq platformalarda uğurla inkişaf edir. Azərbaycan və
Özbəkistan Türk Dövlətləri Təşkilatının fəal üzvləridir və türk
birliyinin möhkəmləndirilməsinə mühüm töhfələr verirlər. Bundan
əlavə, münasibətlərimiz BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq
Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, AQEM və digər beynəlxalq
təşkilatlar çərçivəsində uğurla inkişaf edir.

-Azərbaycan ilə Özbəkistan arasında iqtisadi-ticari
əməkdaşlığın hazırkı səviyyəsini necə
qiymətləndirirsiniz?

-İqtisadi-ticari əməkdaşlığın dinamikası tam məmnunluq doğurur
və onun səviyyəsinin daha da artmasına kömək edir. Hər iki tərəf
qarşılıqlı əməkdaşlığı genişləndirmək üçün əhəmiyyətli səylər
göstərir, yeni layihələr irəli sürür və birgə təşəbbüslərin həyata
keçirilməsinə xüsusi əhəmiyyət verir. Bu gün Azərbaycanda təxminən
120 Özbəkistan investisiyalı kommersiya təşkilatı qeydiyyatdan
keçib və iqtisadiyyatın müxtəlif istiqamətlərində – sənaye, kənd
təsərrüfatı, tikinti, nəqliyyat və xidmət sahələrində uğurla
fəaliyyət göstərir.

Azərbaycanla Özbəkistan arasında ticarət sürətli templə inkişaf
edir. Belə ki, 2024-cü ildə əmtəə dövriyyəsi 252 milyon ABŞ dolları
təşkil edib və 2025-ci ilin yanvar-sentyabr aylarında bu göstərici
keçən ilin eyni dövrü ilə müqayisədə 87,5 faiz artaraq 319 milyon
ABŞ dollarına çatıb.

Sərmayələr sahəsində əməkdaşlıq da möhkəmlənməyə davam edir. Bu
günədək Özbəkistan Azərbaycan iqtisadiyyatına 21,8 milyon ABŞ
dolları, həmçinin Azərbaycan Özbəkistan iqtisadiyyatına 183,5
milyon ABŞ dolları sərmayə qoyub. 2023-cü ildə həm ölkələrimizin
daxilində, həm də üçüncü ölkələrdə sərmayə qoyuluşunu nəzərdə tutan
ümumi kapitalı 500 milyon ABŞ dolları olan Azərbaycan-Özbəkistan
İnvestisiya Şirkəti yaradılıb.

Yüngül sənayenin inkişafı üçün yeni imkanlar açan, ənənəvi
dostluq və qardaşlıq münasibətlərini möhkəmləndirən birgə müəssisə
– Xankəndidə tikiş fabriki xüsusilə diqqətəlayiqdir.

Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında
əməkdaşlığa dair Hökumətlərarası Komissiyanın iqtisadi əlaqələrin
inkişafı və perspektivli işbirliyi istiqamətlərinin
müəyyənləşdirilməsi sahəsindəki aktiv fəaliyyətini xüsusi qeyd
etmək lazımdır. Artıq mütəmadi olaraq keçirilən
Azərbaycan-Özbəkistan Regional Forumu bu istiqamətdə əməkdaşlığın
təşviqi üçün səmərəli platformadır.

Azərbaycan qardaş Özbəkistan ilə iqtisadiyyatın bütün
sahələrində əməkdaşlığı daha da genişləndirməkdə maraqlıdır. Bunun
üçün güclü siyasi iradə və əhəmiyyətli potensial mövcuddur. Bu
günədək iqtisadi münasibətlərimizin daha da inkişafı üçün etibarlı
hüquqi baza yaradan təxminən 200 sənəd imzalanıb. Azərbaycan hər
iki tərəfin maraqlarına uyğun olan və xalqlarımız arasında
dostluğun, tərəfdaşlığın möhkəmlənməsinə töhfə verən qarşılıqlı
faydalı əməkdaşlığı bundan sonra da dəstəkləyəcək.

-Nəqliyyat, logistika və energetika sahələrində
ikitərəfli əməkdaşlığın hansı perspektivlərini
görürsünüz?

-Ölkələrimiz arasında əməkdaşlığın əsas istiqamətlərindən biri
şaxələndirilmiş nəqliyyat və logistika infrastrukturunun inkişafı,
tranzit imkanlarının genişləndirilməsidir. Bu sahədə ölkələrimizin
Orta Dəhliz Beynəlxalq Nəqliyyat Marşrutunda iştirakı xüsusi
əhəmiyyətə malikdir və onun çərçivəsində Azərbaycan Özbəkistan və
Mərkəzi Asiya dövlətləri üçün mühüm tranzit ölkə qismində çıxış
edir. Son illərdə Orta Dəhliz vasitəsilə ixrac imkanlarının və
daşımaların artması xüsusi strateji əhəmiyyətə malikdir.

2024-cü ildə ölkələrimiz arasında tranzit daşımaların həcmi
2023-cü illə müqayisədə 18 faizdən çox artaraq 1,3 milyon tonu
keçib. 2025-ci ilin ilk doqquz ayında bu rəqəm təxminən bir milyon
tona çatıb ki, bu da nəqliyyat mübadilələrində dinamik artımı
nümayiş etdirir.

Azərbaycanda yaradılan müasir nəqliyyat infrastrukturu, o
cümlədən ticarət donanması, yaxın illərdə gücü 25 milyon tona
çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir
yolu və ölkənin doqquz beynəlxalq hava limanı da daxil olmaqla,
bütün bunlar Azərbaycanın qlobal nəqliyyat və logistika qovşağı
kimi rolunu gücləndirən amillərdir. Bundan əlavə, Zəngəzur
dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda
gətirəcək.

Hava nəqliyyatının inkişafı və şəhərlərimiz arasında uçuşların
intensivliyi xüsusi əhəmiyyət kəsb edir. AZAL müntəzəm sərnişin
reysləri – Bakı-Daşkənd-Bakı (həftədə 7 uçuş), Bakı-Səmərqənd-Bakı
(həftədə 2 uçuş) və Bakı-Ürgənc-Bakı (həftədə 2 uçuş) həyata
keçirir. Öz növbəsində, “Uzbekistan Airways” Daşkənd-Bakı-Daşkənd
marşrutu üzrə həftədə üç, “Centrum” isə həftədə iki uçuş yerinə
yetirir.

Energetika sektorunda əməkdaşlıq və yaşıl enerjinin inkişafı da
prioritet istiqamət olaraq qalır. SOCAR Özbəkistana Azərbaycanın
neft məhsullarını və neft-kimya məhsullarını ixrac edir. 2016-cı
ildən bəri “OZLITINEFTGAZ” İnstitutunun və “SOCAR NIPI Nefteqaz”ın
bazasında yaradılan “Neftegaztexnologiya” birgə müəssisəsi uğurla
fəaliyyət göstərir.

2024-cü ildə Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji
sistemlərinin inteqrasiyasına və bərpaolunan enerji mənbələrinin
təşviqinə yönəlmiş bir sıra strateji sazişlər, memorandumlar
imzalayıblar ki, bu da regionun davamlı inkişafı və enerji
əməkdaşlığını gücləndirmək üçün yeni perspektivlər açır.

-Azərbaycan ilə Özbəkistan arasında mədəni və humanitar
sahələrdə əməkdaşlıq barədə nə deyə bilərsiniz?

-Mədəni və humanitar əməkdaşlıq ölkələrimiz arasında dostluq və
qardaşlıq münasibətlərinin möhkəmləndirilməsində, həmçinin
xalqlarımızın birbaşa əlaqələrinin genişləndirilməsində mühüm rol
oynayır. Biz ortaq tarixi və mədəni dəyərləri qorumaq, bütün
səviyyələrdə sıx əməkdaşlıq etmək üçün birgə səylər göstəririk.

Belə ki, 2023-cü ildə Azərbaycanda Özbəkistan Mədəniyyəti
Günləri, 2024-cü ildə isə Özbəkistan Elm və Mədəniyyət Günləri
keçirilib. Elə həmin il Özbəkistanda Azərbaycan Mədəniyyəti
Günləri, Xivə şəhərində isə “Şuşa günləri” təşkil olunub. Bu
tədbirlər xalqlarımızın zəngin mədəni irslərini bölüşmək,
qarşılıqlı anlaşmanı dərinləşdirmək və bir-birinin mənəvi məkanını
qarşılıqlı şəkildə zənginləşdirmək istəyini əks etdirir.

Ölkələrimizin regionları arasında əməkdaşlığa xüsusi diqqət
yetirilir. İsmayıllı-Riştan, Şuşa-Xivə, Lənkəran-Buxara,
Şəki-Kokand, Biləsuvar-Termez, Mingəçevir-Namanqan,
Füzuli-Gülüstan, Quba-Cizak və Beyləqan-Şəhrisəbz şəhərləri
arasında qardaşlaşma və tərəfdaşlıq münasibətləri qurulub. Bu cür
regionlararası əlaqələrin fəallaşması xalqların yaxınlaşmasına,
təcrübə mübadiləsinin aparılmasına və əməkdaşlığın mədəni-humanitar
gündəliyinin möhkəmləndirilməsinə kömək edir.

Ölkələrimiz arasında dostluğun rəmzi ifadəsi mədəni əhəmiyyəti
olan obyektlərdir: Daşkənddə Heydər Əliyev meydanı var və bu ilin
iyulunda Bakıda “Özbəkistan” parkının təməli qoyulub.

Fürsətdən istifadə edərək, həmçinin Azərbaycan xalqının
Ümummilli Lideri, özbək xalqına həmişə böyük sevgi hissləri
bəsləyən Heydər Əliyevin xatirəsinə göstərilən ehtiram və həqiqətən
qardaşlıq münasibətinə görə Özbəkistan rəhbərliyinə, bütün qardaş
xalqa minnətdarlığımı bildirmək istəyirəm.

Həmçinin idman sahəsində əməkdaşlıqda yaxşı nəticələr var. İki
ölkənin birgə səyləri sayəsində FIFA İcraiyyə Komitəsi 2027-ci ildə
keçiriləcək futbol üzrə U-20 Dünya çempionatının final mərhələsini
Azərbaycanda və Özbəkistanda təşkil etmək qərarına gəlib. Bu,
Avropa ilə Asiyanı birləşdirəcək ortaq tarixi nailiyyətdir.

Media və qeyri-hökumət təşkilatları sahələrində əməkdaşlıq da
məhsuldar inkişaf edir. 2024-cü il sentyabrın 23-dən 25-dək
Daşkənddə Birinci Özbəkistan-Azərbaycan Media Forumu, 2025-ci il
sentyabrın 29-da isə Bakıda İkinci Azərbaycan-Özbəkistan Media
Forumu keçirilib. Bundan əlavə, 2024-cü ilin dekabr ayında
Daşkənddə ilk dəfə Özbəkistan-Azərbaycan Qeyri-Hökumət Təşkilatları
Forumu təşkil olunub.

Bütün bu tədbirlər və həyata keçirilən layihələr Azərbaycan ilə
Özbəkistanın mədəni, humanitar sahələrdə güclü qardaşlıq
münasibətlərini əyani şəkildə nümayiş etdirir, xalqlarımız arasında
dostluğun möhkəmlənməsinə, mənəvi və mədəni qarşılıqlı əlaqələrin
daha da inkişafına xidmət göstərir.

-Cənab Prezident, sıx iş cədvəlinizdə bu məzmunlu
müsahibəyə vaxt ayırdığınıza görə Sizə minnətdarıq.

-Özbəkistan cəmiyyətinin həm Azərbaycan-Özbəkistan gündəliyində,
həm də bütövlükdə regionda baş verən proseslərə artan marağını qeyd
etməkdən çox məmnunam. Qoy, əsrlər boyu qardaş xalqlarımızı və
ölkələrimizi birləşdirən dostluq və əməkdaşlıq əlaqələri daha da
möhkəmlənsin.