
Bakı. Trend:
Azərbaycanda olduğumuza görə, çox xoşbəxtik.
Trend xəbər verir
ki, bunu ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin “On İki Həvari Kvorumu”nun üzvü Deyvid Bednar kilsənin Bakı
ofisinin açılış mərasimində bildirib.
O, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin sədri Ramin Məmmədova kilsənin tanınması və qeydiyyata
alınması prosesində göstərilən dəstəyə və yardıma görə təşəkkürünü
bildirib.
“Biz Rəbbi sevirik, bütün qardaş və bacılarımızı sevir və onlara
xidmət edirik. Azərbaycanda olmaqdan nə qədər xoşbəxt olduğumuzu
sözlə ifadə edə bilmirəm. Buna görə sizə təşəkkür edirik və bu gün
bizimlə olduğunuz üçün minnətdarıq,”- deyə Deyvid Bednar qeyd
edib.
Qeyd edək ki, açılış mərasimində Ramin Məmmədov, Deyvid Bednar,
“Yetmişlər Kvorumu”nun üzvü və Mərkəzi Avropa Regional ofisinin
birinci müşaviri Cek Cerard, “Stirling Fondu”nun prezidenti və
idarə heyətinin sədri Mayls Hansen, eləcə də Mərkəzi Avropa və
Avrasiya üzrə “Yetmişlər Kvorumu”nun üzvü Pol Pikard iştirak
ediblər.
Xatırladaq ki, İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsi
2024-cü ildə Azərbaycanda rəsmi şəkildə qeydiyyatdan keçib.

