
Daşkənd. Trend:
Özbəkistanla Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında
ticarət dövriyyəsi 2025-ci ilin ilk doqquz ayında 10 faiz artaraq,
5,5 milyard dollara çatıb.
Trend bu barədə
Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyinə istinadən
xəbər verir.
Nazirliyin bildirdiyinə görə, Özbəkistan ilə Mərkəzi Asiya
ölkələri arasında qarşılıqlı ticarət sabit şəkildə artmağa davam
edir. Əgər 2017-ci ildə ticarət dövriyyəsi 3,2 milyard dollar
təşkil edirdisə, 2024-cü ildə bu göstərici 6,9 milyard dollara
yüksəlib. Qazaxıstanla ticarət dövriyyəsi 4 milyard dollara
yaxınlaşır, Qırğızıstanla – təxminən 700 milyon dollar,
Tacikistanla – 570 milyon dolları keçir, Türkmənistanla isə son beş
ildə iki dəfədən çox artaraq 1,15 milyard dollara çatıb.
Azərbaycanla ticarət də artıb və cari ilin əvvəlindən 13 faiz
qalxıb.
Bu məlumatlar Özbəkistanın naziri Ləziz Küdratovun sədrliyi ilə
Daşkənddə keçirilən Mərkəzi Asiya ölkələri və Azərbaycan Ticarət və
İnvestisiya Nazirləri Şurasının ilk iclasında açıqlanıb.
İclasda Özbəkistan, Qazaxıstan, Tacikistan, Türkmənistan və
Azərbaycanın ticarət və investisiya nazirliklərinin rəhbərləri,
həmçinin Qırğızıstanın diplomatik nümayəndəliklərinin nümayəndələri
qatılıblar.
Tədbir region ölkələri arasında iqtisadi əməkdaşlığın
gücləndirilməsi istiqamətində mühüm addım olub. Qarşılıqlı ticarət
dövriyyəsinin 20 milyard dollara yüksəldilməsi, “Made in Central
Asia” brendi altında birgə istehsalatların yaradılması, sənaye
əməkdaşlığının inkişafı və investisiyaların cəlb edilməsi
tədbirləri müzakirə olunub.

