İşgəncənin tətbiqinin Ermənistan dövlətinin siyasətini əks etdirdiyi sübut olunub – Prokuror

Baş səhifə

Noyabrın 13-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası
vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi
dövlət ittihamını müdafiə edən prokurorların ittiham çıxışı ilə
davam etdirilir.

Trend xəbər
verir ki, məhkəmədə ittiham çıxışının verilmiş ittihamlar üzrə
əməlin tövsifinə hüquqi qiymət hissəsi elan edilib.

Dövlət ittihamını müdafiə edən prokuror bildirib ki, BMT
Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri
Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının
suveren ərazilərinin işğal edildiyini, bununla da Ermənistanın
Azərbaycana qarşı təcavüzkar müharibə apardığını təsdiqləyib.

İttiham çıxışında göstərilib ki, Ermənistan tərəfindən
Azərbaycana qarşı təcavüzkar müharibə aktiv hərbi əməliyyatların
aparılmadığı dövrdə belə faktiki olaraq dayandırılmayıb.

Təcavüzkar müharibənin gedişində atəşkəs dəfələrlə pozulmaqla
Azərbaycan Respublikası ərazisində qanuni fəaliyyət göstərən onun
Silahlı Qüvvələrinin üzvləri, mülki şəxslər, onların əmlakları,
mülki təyinatlı dövlət obyektləri, dini, təhsil, elm, tibb
obyektlərinə, xəstə və yaralıların yerləşdiyi yerlər, habelə mühüm
strateji əhəmiyyətə malik obyektlər, o cümlədən Bakı-Tbilisi-Ceyhan
neft kəməri hücum obyektinə çevrilib.




Habelə bildirilib ki, işgəncələrin sistematik xarakter daşıması
və geniş coğrafiyada yayılması işgəncənin tətbiqinin Ermənistan
dövlətinin siyasətini əks etdirdiyini sübut edir.

Vurğulanıb ki, Cenevrə Konvensiyalarına I Əlavə Protokol “işğal
edən dövlətin öz vətəndaşlarının bir hissəsini işğal etdiyi əraziyə
köçürməsini” cinayət sayıb. Qeyd edilib ki, məhkəmə istintaqı
zamanı təqsirləndirilən şəxslər Arayik Harutyunyan, Arkadi Qukasyan
və Bako Sahakyan ifadələrində Azərbaycanın işğal altında olan
bölgələrinə, xüsusən də Laçın rayonuna Ermənistandan əhalinin
köçürüldüyünü təsdiqləyiblər. Eyni zamanda, bu faktlar məhkəmə
istintaqında tədqiq edilmiş məktublar, erməni mənbələrin
məlumatları və internet informasiya ehtiyatında olan məlumatlara
əsasən təsdiq olunub.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və
insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən
təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,
müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu
zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə
təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının
məhkəməsi davam etdirilir.