
Bakı. Trend:
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev
küçəsi, ev 18A ünvanında fəaliyyət göstərən, fiziki şəxs Axundov
Ağəli Məhəmməd oğluna məxsus “Aqat” şadlıq evində Qida
Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar
yoxlama keçirilib.
Bu barədə Trend-ə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən
məlumat verilib.
Bildirilib ki, Yoxlama zamanı şadlıq sarayında qonaqların
istehlakına dana əti adı ilə təqdim olunan ətin müvafiq baytarlıq
sənədi ilə təmin edilən camış əti olduğu, menyuda bununla bağlı hər
hansı bir məlumat verilmədiyi müəyyən edilib. Camış əti qida
təhlükəsizliyi riski yaratmasa da, bu hal istehlakçıların
aldadılaraq hüquqlarının kobud şəkildə pozulmasına səbəb olur.
Həmçinin yoxlama zamanı şadlıq evində soyuq qəlyanaltıların
hazırlanması sahəsində işçi masaların səthlərinin tamlığının
pozulduğu, mətbəx sahəsində rəflərin korroziyaya uğradığı, eləcə də
digər sanitar-texniki və sanitar-gigiyenik nöqsanlar
aşkarlanıb.
Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati xəta haqqında
protokol tərtib olunub, nöqsanların aradan qaldırılması ilə bağlı
icrası məcburi göstərişlər verilib, müəssisədə hazırlanan
yeməklərdən nümunələr götürülərək, laboratoriyaya təqdim
edilib.

