
Bakı. Trend:
Azərbaycan hökuməti ilə Dünya Bankı arasında kənd təsərrüfatı və
suvarma sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək
istiqamətləri, o cümlədən Kənd Təsərrüfatı Nazirliyi ilə birgə
hazırlanmaqda olan “Rəqabətli, Dayanıqlı Kənd Təsərrüfatı və
Suvarma Xidmətləri” (CRAIS) layihəsinin hazırlıq prosesi, təsdiqi
və icrası ilə bağlı məsələlər müzakirə olunub.
Trend Kənd
Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu, nazir Məcnun
Məmmədovun Azərbaycanda səfərdə olan Dünya Bankının Kənd
Təsərrüfatı və Qida üzrə Təcrübə missiyası ilə görüşü zamanı baş
tutub.
Bildirilib ki, hazırda müzakirə edilən və hazırlıq mərhələsində
olan layihə ölkə üzrə suyun nəqli ilə bağlı infrastrukturun
yenilənməsi, seçilmiş ərazilərdə müasir suvarma sistemlərinin
qurulması, torpaq konsolidasiyası və Sudan İstifadəçilər
Birliklərinin işi ilə bağlı pilot tətbiqləri əhatə edir. Qeyd
edilib ki, bu layihə suvarma suyuna qənaət və iqlimədost yanaşmalar
ilə ölkənin kənd təsərrüfatı sektorunda məhsuldarlığın,
dayanıqlığın və rəqabət qabiliyyətinin artırmasına töhfə
verəcək.
Görüş zamanı nazir Məcnun Məmmədov Azərbaycanda aqrar sahədə
həyata keçirilən tədbirlər barədə məlumat verib, suvarma
sistemlərinin bərpası, suya qənaət edən sistemlərin tətbiqinin
ölkənin kənd təsərrüfatının inkişafında xüsusi əhəmiyyət kəsb
etdiyini qeyd edib. Görüşdə Azərbaycanın iqlim dəyişikliyi
səbəbindən su qıtlığı ilə üzləşən ölkələr kateqoriyasına aid
olması, istifadə edilən suyun böyük hissəsinin ölkədən kənar
mənbələrdən formalaşdığı diqqətə çatdırılıb. Bu baxımdan kənd
təsərrüfatında istifadə edilən suyun toplanması, nəqli və
istifadəsində su itkisini minimumlaşdıracaq yanaşmaların tətbiqinin
aqrar siyasətdə əsas prioritetlərdən biri olduğu qeyd edilib.
Həmçinin, layihə çərçivəsində ölkə üzrə torpaq konsolidasiyası və
təsərrüfatdaxili suvarma suyunun idarə edilməsi sahəsində yeni
pilot yanaşmaların tətbiqinin mühüm olduğu vurğulanıb.
Nümayəndə heyətinin üzvü Holger Kray Azərbaycanın iqlim
dəyişmələri və onun mənfi təsirləri ilə mübarizəyə xüsusi önəm
verdiyini qeyd edib, ölkəmizin kənd təsərrüfatı və suvarma
infrastrukturunun inkişafı sahəsində əldə etdiyi nailiyyətləri
yüksək qiymətləndirdiyini vurğulayıb. O, hazırlanmaqda olan CRAIS
layihəsinin kənd təsərrüfatı sektorunda məhsuldarlığın və iqtisadi
fəallığın artırılmasına, məşğulluğun dəstəklənməsinə və fermerlərin
maliyyə əlçatanlığının artırılmasına xidmət edəcəyinə əminliyini
ifadə edib.
Görüşdə həmçinin layihənin icrasına hazırlıq, sahə üzrə
mütəxəssislərin cəlb olunması, texniki hazırlıq proseslərinin
sürətləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.

