Uzunmüddətli reabilitasiya tələb edən travmalar – Nazirliyin mütəxəssisi aydınlıq gətirir

Baş səhifə

Bakı. Trend:

Ən çox reabilitasiya tələb edən travmalar çoxsaylı sınıqlar,
açıq sınıqlar, böyük oynaq çıxıqları, kompression sınıqlarıdır.

Trend
xəbər verir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam
səhər” efirində travmatoloq Murad Davudov açıqlayıb.

Onun sözlərinə görə, bud, çanaq, onurğa, dirsək, çiyin, diz,
aşıq-baldır nahiyyəsində olan sınıqlarda da uzunmüddətli
reabilitasiya tövsiyə oluna bilər.




“Çünki bu tip sınıqlarda funksional bərpa prosesi çox mərhələli,
sümük və oynaqların tam sağalması, əzələ tonusunun bərpası,
funksional hərəkətlərin qaytarılması vaxt aparan ola bilər. Travma
sonrası reabilitasiya, yəni sınıqdan sonrakı bərpa prosesi sınığın
növünə, yerinə və sağalma mərhələsinə görə dəyişir. Bu zaman məqsəd
mərhələli şəkildə əzələnin gücünü və koordinasiyasını,
hərəkətliliyi və funksiyanı bərpa etməkdir. Buna misal kimi
ultrasəs, maqnitoterapiya, elektrostimulyasiya, müxtəlif növ
kompreslər və fizioterapiyanın digər prosedurlarını qeyd etmək
olar”.

Travmatoloq bildirib ki, yüngül və ağrısız hərəkətlərdən
başlamaq şərti ilə passiv və aktiv hərəkətlər:

“Masaj, əzələ gücləndirici məşqlər və s. kimi prosedurların hər
birini reabilitasiyaya aid etmək olar. Bunlardan sonra
reabilitoloqun nəzarəti altında reabilitasiya dövrünün daha aktiv
bərpa mərhələsinə keçmək olar. Bu zaman diqqət etməli nüanslardan
biri əgər reabilitasiya dövründə şiddətli ağrı, şişkinlik
yaranarsa, mütləq həkimə müraciət etmək lazımdır”.