Budapeştdə Zəfər Gününün 5-ci ildönümü qeyd edilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Macarıstanın paytaxtı Budapeştdə 8 Noyabr – Zəfər Gününün 5-ci
ildönümünə həsr olunan tədbir keçirilib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan
Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi məlumat
yayıb.

Bildirilir ki, tədbir Azərbaycan Respublikasının Diasporla İş
üzrə Dövlət Komitəsinin, komitənin tabeliyindəki Azərbaycan
Diasporuna Dəstək Fondunun dəstəyi, Budapeştdə fəaliyyət göstərən
Azərbaycan Evinin və Azərbaycan Respublikasının Macarıstandakı
Səfirliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə çıxışında
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
altında rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində
Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyaraq dövlətimizin
ərazi bütövlüyünü, beynəlxalq hüququ və tarixi ədaləti bərpa
etdiyini bildirib. 9 Noyabrın hər il Azərbaycanda Dövlət Bayrağı
Günü kimi qeyd edildiyini də xatırladan səfir bu gün üçrəngli
bayrağımızın ölkəmizin hər bölgəsində qürurla dalğalandığını
vurğulayıb.




Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli Zəfər Gününün tarixi
əhəmiyyətindən danışıb, qazanılan qələbənin ölkəmizin ərazi
bütövlüyünün və suverenliyinin, xalqımızın qəhrəmanlığının və
birliyinin rəmzi olduğunu qeyd edib. Bu parlaq qələbədən sonra
Azərbaycan xalqının Dövlət Bayrağı Gününü daha böyük qürur və
sevinclə qeyd etdiyini dilə gətirib.

Tədbirdə Zəfər Gününə həsr olunan videoçarxların nümayişi
maraqla izlənib.

Mərasim “Harmoniyada Zəfər” adlı konsert proqramı ilə davam
edib. Gənc pianoçular Ayan Məmmədli və Sona Ağarzayeva xalq
mahnılarımızı, Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini
ifa ediblər.