
Bakı. Trend:
“Mərkəzi Asiya – Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə
məsləhətçi şirkətin seçilməsi yekunlaşmaq üzrədir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Energetika
Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “Mərkəzi Asiya – Azərbaycan Yaşıl Enerji Dəhlizi”
üzrə texniki-iqtisadi qiymətləndirmənin aparılması məqsədilə
məsləhətçi şirkətin seçilməsi prosesi davam edir.
Vurğulanıb ki, yaxın müddətdə bitməsi planlaşdırılan prosesdən
sonar seçilmiş şirkətlə müqavilə bağlanaraq texniki-iqtisadi
əsaslandırmanın aparılmasına ilin sonunadək başlanılması
planlaşdırılır.
Qeyd edilib ki, layihənin texniki-iqtisadi əsaslandırılmasının
maliyyələşdirilməsi məqsildə bu ilin aprel ayında imzalanan
memorandum çərçivəsində Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur
və İnvestisiya Bankı tərəfindən ümumilikdə 2 milyon ABŞ dolları
məbləğində vəsait ayrılması barədə razılıq əldə edilib.
“Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında əldə olunmuş
razılaşma əsasında həyata keçirilən “Mərkəzi Asiya – Azərbaycan
Yaşıl Enerji Dəhlizi” layihəsi regionda enerji ixracı baxımından
strateji əhəmiyyət daşıyan təşəbbüslərdən biridir. Bu layihənin
“Xəzər–Qara dəniz–Avropa”, “Azərbaycan–Türkiyə–Avropa” və
“Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan” kimi “yaşıl enerji”
dəhlizlərinə inteqrasiyası regionun bərpa olunan enerji
potensialının Türkiyə və Avropa bazarlarına yönəldilməsi,
qitələrarası istehsal və istehlak mərkəzlərinin əlaqələndirilməsi,
eləcə də enerjinin dəyişkənliyinin effektiv idarə olunmasında mühüm
rol oynayacaq”, – məlumatda əlavə olunub.

