Zığ–Hövsan kanalizasiya kollektorunun inşasına başlanılıb (FOTO)

Baş səhifə

Bakı.Trend:

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan
Obyektlərin Müdiriyyəti Bakı şəhəri və Abşeron rayonunda yeni
kanalizasiya kollektorları və tullantı sular üçün sutəmizləyici
qurğuların tikintisi layihələrinə başlayıb.

Trend xəbər
verir ki, bu barədə ADSEA məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərinin ekoloji vəziyyətinin
yaxşılaşdırılması və kanalizasiya-infrastrukturunun
müasirləşdirilməsi məqsədilə həyata keçirilən mühüm layihələrdən
biri də Zığ–Hövsan kanalizasiya kollektorunun tikintisidir. Layihə
çərçivəsində ümumi uzunluğu 28 kilometr olan yeni kollektor
xəttinin inşası, həmçinin müasir tələblərə cavab verən nasos
stansiyasının qurulması planlaşdırılır.

Bu layihə nəticəsində “Şəhərkənarı” kanalizasiya kollektorunun
istismar vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırılacaq, tullantı
sularının idarə olunması prosesi daha səmərəli və təhlükəsiz
şəkildə təşkil ediləcək. Bununla yanaşı, layihə Bakı buxtasının
ekoloji durumunun qorunmasına mühüm töhfə verəcək.




Kollektorun fəaliyyət sahəsinə Xətai rayonunun bir hissəsi,
eləcə də Suraxanı rayonunun Zığ, Hövsan, Bahar və Dədə Qorqud
qəsəbələri daxil olacaq. Bu ərazilərdə yaşayan əhalinin
kanalizasiya və tullantı sularının idarə olunması ilə bağlı mövcud
problemləri aradan qalxacaq, mühəndis-kommunikasiya infrastrukturu
daha dayanıqlı sistemə çevriləcək.

Layihənin icrasına 2025-ci ildə başlanılıb və bütün tikinti
işlərinin 2028-ci ildə tamamlanması nəzərdə tutulur. İşlər
mərhələli şəkildə aparılacaq, inşaat zamanı ekoloji standartlara və
təhlükəsizlik qaydalarına ciddi riayət olunacaq.

Zığ–Hövsan kollektorunun inşası zamanı yeraltı mikrotunel
texnologiyasından da istifadə olunacaq. Bu tipli layihələr,
xüsusilə mikrotunel texnologiyası ilə qurulan kanalizasiya
şəbəkələri müasir və dayanıqlı olması ilə seçilir, geniş ərazilərdə
qurulma imkanı və əhalinin məmnunluq səviyyəsinin yüksəldilməsinə
şərait yaradır.

Görülən işlər yeni kollektorlar vasitəsilə daşınan tullantı
suların sutəmizləyici qurğulara ötürülməsi və təmizlənməsinə, su
hövzələrinin çirklənməsinin qarşısının alınmasına xidmət
edəcək.