
Bakı. Trend:
Hər bir müstəqil dövlətin siyasi, hüquqi və mənəvi dayağı onun
Konstitusiyasıdır. Dövlətin quruluşu, idarəetmə prinsipləri,
vətəndaşların hüquq və azadlıqları, cəmiyyətin inkişaf
istiqamətləri məhz əsas qanunla müəyyən olunur. Azərbaycan
Respublikasının Konstitusiyası da xalqımızın dövlətçilik tarixində
xüsusi əhəmiyyətə malik sənəddir və onun qəbul olunduğu 12 noyabr
tarixi hər il Konstitusiya Günü kimi qeyd edilir.
Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabrın
12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul olunmuşdur.
Bu mühüm hadisə ölkəmizin suverenlik tarixində yeni bir mərhələ
açdı. Azərbaycan xalqı öz iradəsini sərbəst şəkildə ifadə edərək,
demokratik, hüquqi və dünyəvi dövlətin təməl prinsiplərini
təsdiqlədi.
Yeni Konstitusiya Azərbaycan Respublikasının dövlət
müstəqilliyinin hüquqi əsaslarını möhkəmləndirdi, vətəndaş
cəmiyyətinin formalaşmasına və insan hüquq və azadlıqlarının
qorunmasına geniş şərait yaratdı.
Azərbaycan Respublikasının Konstitusiyası beş bölmədən, on iki
fəsildən və 158 maddədən ibarətdir. Əsas Qanun dövlətin quruluşunu,
hakimiyyətin bölgüsünü, iqtisadi sistemin əsaslarını, insan və
vətəndaş hüquq və azadlıqlarını aydın şəkildə müəyyən edir.
Konstitusiyada hakimiyyətin bölünməsi prinsipi – qanunverici, icra
və məhkəmə hakimiyyətlərinin ayrılığı təsbit edilmişdir ki, bu da
demokratik idarəçiliyin mühüm təminatıdır.
Konstitusiya vətəndaşların söz, vicdan, mülkiyyət, toplaşma və
digər əsas hüquqlarını təmin etməklə, insan amilini dövlət
siyasətinin mərkəzinə çıxarmışdır.
Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanması və
qəbulunda ümummilli lider Heydər Əliyevin mühüm rolu olmuşdur. Məhz
onun rəhbərliyi və siyasi iradəsi sayəsində yeni Konstitusiya
layihəsi yüksək səviyyədə hazırlanmış, xalqın müzakirəsinə
çıxarılmış və referendumla qəbul edilmişdir.
Ulu Öndərin hüquqi dövlət quruculuğu strategiyası bu gün də
Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bu gün Azərbaycan Respublikası Konstitusiyası ölkənin inkişafını
təmin edən başlıca hüquqi baza kimi çıxış edir. Onun müddəaları
bütün qanunların və dövlət qərarlarının əsasını təşkil edir.
Konstitusiya Günü xalqımızın hüquqi dövlət və vətəndaş cəmiyyəti
ideallarına sadiqliyinin rəmzi, dövlət müstəqilliyimizin
möhkəmliyinin göstəricisidir.
12 Noyabr – Konstitusiya Günü təkcə bir tarixi hadisənin
xatirəsinə qeyd edilmir. Bu gün hər bir azərbaycanlının dövlətə,
qanuna və ədalətə olan sədaqətini təcəssüm etdirir. Azərbaycan
xalqı Konstitusiyasını milli suverenliyinin və dövlət
müstəqilliyinin ən mühüm təminatı kimi qoruyur və gələcək nəsillərə
ötürür.
Milli Məclisin deputatı,
Əminə Ağazadə

