Bakı. Trend:
Ankara şəhərində fəaliyyət göstərən Azaflı Sosial Yardım və
Kültür Dərnəyində 8 Noyabr – Zəfər Gününün 5 illiyi münasibətilə
tədbir keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, tədbir
şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və
iki qardaş ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə
başlayıb.
Dərnəyin sədri Arzuman Azaflı qeyd edib ki, Azərbaycan xalqı və
dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız bu gün müstəqil
Azərbaycanın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılan Zəfər
Gününün 5-ci ildönümünü böyük qürur və iftixar hissi ilə qeyd
edir.
Tədbirdə “Qarabağ salnaməsi” filmi nümayiş etdirilib.
Daha sonra professor Toğrul İsmayıl çıxış edərək 44 günlük Vətən
müharibəsində Azərbaycan Ordusunun misilsiz qəhrəmanlıq
göstərməsini, ölkəmizin ərazi bütövlüyünün bərpasını və bu Zəfərin
xalq-ordu birliyinin təntənəsi olduğunu tarixi faktlarla diqqətə
çatdırıb. Qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi, ordunun peşəkarlığı, xalqın birliyi və dəmir iradəsi
sayəsində bu möhtəşəm Qələbə qazanılıb.
Tədbir çərçivəsində, həmçinin Hacettepe Universitetində tarix
ixtisası üzrə bakalavr və magistr təhsili almış Kürşat İsmayılın
müəllifi olduğu “Azerbaycanın modernleşmesi” kitabının təqdimatı
keçirilib.
Sonda tarixçi alimlər iştirakçıların çoxsaylı suallarını
cavablandırıblar.

