Zəfər bayrağı azad torpaqlarımızda qürurla dalğalanır – Sevil Mikayılova

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü hər il 9 noyabrda
ölkəmizdə böyük ehtiram və iftixar hissi ilə qeyd olunur.

Bunu Trend
açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova
bildirib.

S.Mikayılova qeyd edib ki, bu gün yalnız bir dövlət atributunun
bayramı deyil bu, Azərbaycan xalqının azadlıq iradəsinin,
dövlətçilik ənənələrinin, milli həmrəyliyinin və qürur duyğularının
təntənəsidir:

“Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il noyabrın 9-da üçrəngli
Dövlət Bayrağını qəbul etməklə milli dövlətçiliyimizin ideoloji
təməlini yaratdı. Bu bayraq xalqımızın əsrlər boyu azadlıq və
istiqlal arzularını özündə birləşdirdi. Azərbaycan Xalq
Cümhuriyyəti süqut etdikdən sonra bu bayraq uzun illər boyu
xalqımızın qəlbində ümid və müstəqillik arzularının rəmzi kimi
yaşadı. 1990-cı il noyabrın 17-də Ulu Öndər Heydər Əliyevin
təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasında üçrəngli bayrağımız
yenidən dövlət rəmzi kimi qəbul edildi. Bu hadisə Azərbaycanın
milli oyanışının rəmzinə çevrildi və 1991-ci il fevralın 5-də
Azərbaycan Respublikası Ali Soveti tərəfindən üçrəngli bayraq rəsmi
Dövlət Bayrağı kimi təsdiqləndi”.

S.Mikayılova vurğulayıb ki, Azərbaycanın 1991-ci il oktyabrın
18-də dövlət müstəqilliyini bərpa etməsi ilə bu bayraq bir daha
suveren dövlətimizin simvoluna çevrildi:




“2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev tərəfindən
imzalanmış sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı Günü elan
edildi. Bu addım bayrağın milli kimliyimizin ayrılmaz hissəsinə
çevrilməsi və gənc nəsildə dövlət rəmzlərinə dərin hörmət hissinin
formalaşdırılması baxımından mühüm tarixi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı şəhərində Dövlət
Bayrağı Meydanının yaradılması bayrağımıza verilən ali dəyərin
təcəssümüdür. Meydan 2010-cu il sentyabrın 1-də açılmış və bu,
Azərbaycanın müstəqillik simvoluna göstərilən ehtiramın parlaq
ifadəsi oldu. 2024-cü ildə yenidən qurulan meydanda dünyanın ən
böyük bayrağı ucaldılıb, Dövlət Bayrağı Muzeyi isə müasir
ekspozisiyalarla zənginləşdirilibr. Bu məkan artıq qürur, zəfər və
milli birliyin ünvanına çevrilib”.

Deputat qeyd edib ki, 2020-ci il 44 günlük Vətən müharibəsində
əldə olunan tarixi Qələbə üçrəngli bayrağımızı yenidən ucalıqlara
qaldırdı:

“Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etdi
və Azərbaycan Bayrağı bu torpaqlarda bir daha dalğalandı. Hər azad
edilmiş kənddə, qəsəbədə, şəhərdə qaldırılan bayraq dövlətin
suverenliyinin təsdiqi, və şəhidlərimizin ruhuna ehtiramın rəmzi
oldu. Bu gün azad Qarabağda, Şuşada, Xankəndidə, Laçında,
Zəngilanda və digər azad edilmiş ərazilərdə dalğalanan üçrəngli
bayraq xalqımızın əzmini və əbədi müstəqilliyini simvolizə
edir”.

S.Mikayılova əlavə edib ki, Prezident İlham Əliyevin işğaldan
azad edilmiş torpaqlarda şəxsən Azərbaycan Bayrağını ucaltması
təkcə simvolik bir hadisə deyildi:

“Bu anlar dövlətin iradəsinin təntənəsi, xalqın birlik və
gücünün təzahürü, həm də şəhidlərin ruhuna ən ali ehtiram idi. Hər
qaldırılan bayraq düşmən işğalına son qoyulmuş torpağın azadlıq
möhürü, Azərbaycanın yenidən dirçəlişinin nişanəsi idi. Bayrağımız
sadəcə bir simvol deyil xalqın birliyinin, milli ideologiyanın,
dövlətin ruhunun daşıyıcısıdır. Bu bayraq altında birləşən
Azərbaycan xalqı bu gün dünyaya milli həmrəyliyin, müstəqil
dövlətçilik ənənələrinin və qələbə əzminin nümunəsini göstərir.
Qalib Azərbaycan xalqı üçün üçrəngli bayraq artıq sadəcə dövlət
rəmzi deyil – millətin ruhunun, birliyinin və gələcəyə inamının
nişanəsidir. Bu gün hər bir azərbaycanlı üçün bu bayraq –
qələbənin, azadlığın, suverenliyin və sabitliyin simvoludur”.