
Bakı. Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.
2020-ci il noyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin “BBC News”a müsahibəsi dərc edilib.
Trend
müsahibəni təqdim edir:
– Prezident Əliyev, BBC News-da bizimlə söhbət etmək
üçün vaxt ayırdığınıza görə Sizə təşəkkür edirəm. Dağlıq Qarabağın
və ətraf yeddi rayonun hər bir qarışı uğrunda savaşmaq
niyyətindəsiniz?
– Bizim mövqeyimiz lap əvvəldən çox aydın idi. Biz hazırıq və
hələ də Ermənistan tərəfi işğal olunmuş ərazilərin boşaldılmasına
dair üzərinə öhdəlik götürəcəyi təqdirdə istənilən vaxt dayanmağa
hazırıq. Mən bunu müharibənin əvvəlindən deyirəm, əgər Ermənistanın
baş naziri işğal olunmuş əraziləri boşaldacağına dair ictimaiyyət
qarşısında üzərinə öhdəlik götürərsə, biz dayanarıq. Lakin bu
vaxtadək artıq 40 gün keçib, onun bunu deməsinə dair heç bir əlamət
yoxdur.
– Bu, o deməkdir ki, Siz sona qədər
döyüşəcəksiniz?
– Ermənistan işğal olunmuş ərazilərdən qoşunların çıxarılması
ilə bağlı üzərinə öhdəlik götürməsə biz sona qədər vuruşacağıq.
Hesab edirəm ki, Ermənistan böyük bir səhv edir, çünki lap əvvəldən
bizə qulaq assaydılar, müharibə uzun müddət bundan öncə dayanardı
və biz artıq danışıqlar masası arxasında olardıq.
– Lakin cənab Prezident, Siz bir ultimatum verirsiniz,
Siz deyirsiniz ki, onlar bütün bu əraziləri qaytarmağa
razılaşmalıdır və yalnız sonra danışıqlar ola bilər. Bu danışıqlar
üçün böyük bir ilkin şərtdir.
– Xeyr, heç də belə deyil. Çünki mənim dediyim əsas prinsiplərə
əsaslanır və əsas prinsiplərdə Dağlıq Qarabağın ətrafındakı
ərazilərin boşaldılması çox aydın qeyd olunub. Bu, Ermənistan üçün
çox aydın mesajdır. Əfsuslar olsun ki, Ermənistan Minsk qrupunun
həmsədrləri və əvvəlki Ermənistan rəhbərliyi tərəfindən işlənib
hazırlanmış əsas prinsiplərlə razılaşmadı. Bu əsas prinsiplərdə
deyilir ki, onlar birinci mərhələdə işğal olunmuş 5 rayonu
boşaltmalıdırlar, ikinci mərhələdə isə 2 rayonu boşaltmalıdırlar.
Lakin beş rayondan dördü artıq azad edilib. Əgər onlar bunu
etsələr, Ağdamın bir hissəsini, Kəlbəcəri və Laçını nə vaxt
boşaldacaqlarını açıq bəyan etsələr, biz dayanarıq.
– Bu ərazilər bizim beynəlxalq auditoriya üçün tanış
olmadığına görə aydınlaşdırmaq istəyirəm. Siz deyirsiniz ki,
Ermənistan rəhbərliyi Dağlıq Qarabağdan kənardakı əraziləri
boşaltmağa razılaşsa, Siz dayanarsınız və
döyüşməzsiniz?
– Elədir ki, var. Bu, mənim dəfələrlə vurğuladığım mövqedir.
Eyni zamanda, bu, danışıqlar masasında olan bütün məsələlər deyil.
Əlbəttə ki, bundan sonra biz azərbaycanlı məcburi köçkünlərin
Dağlıq Qarabağa qayıtmaları üzərində işləyəcəyik. Çünki müharibədən
əvvəl, 1990-cı illərdə Dağlıq Qarabağda 40 min azərbaycanlı
yaşayırdı və bu da oradakı əhalinin 25 faizi idi. Ermənilər onların
hamısını qovdular, etnik təmizləmə törətdilər və sonra “müstəqillik” elan etdilər.
– Lakin Siz Dağlıq Qarabağ üzərində nəzarəti güc yolu
ilə ələ keçirsəniz, Sizin də eynilə eyni şeyi törədəcəyinizlə bağlı
qorxular var. Ermənistan öz insanlarının etnik təmizləməyə məruz
qalacağından çox ciddi qorxduğunu ifadə etmişdir.
– Bu, əsassız ittihamdır. Birincisi, əgər bu məsələ Ermənistanı
həqiqətən də narahat edirsə, nəyə görə onlar əsas prinsiplərlə
razılaşmırlar? Çünki əsas prinsiplər təsdiqlənsə və Ermənistan
mənim onlardan dəfələrlə tələb etdiyim öhdəliyi üzərinə götürsə,
onda hər şey dayanacaq.
– Siz onlardan Dağlıq Qarabağı boşaltmalarını tələb
etmirsiniz? Siz onlardan yalnız ətraf rayonları tələb
edirsiniz?
– Biz BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş
qətnamələrinin icra olunmasını tələb edirik. Bu qətnamələrdə
Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən dərhal, tam və
qeyd-şərtsiz çıxarılması tələb olunur. Dağlıq Qarabağın erməni
əhalisinə gəlincə, onlar orada yaşamağa davam edəcək, onlar bizim
vətəndaşlarımızdır və mən dəfələrlə bu mövqeyi ifadə etmişəm.
– Prezident Əliyev, ermənilərin orada Sizin
vətəndaşlarınız kimi yaşayacaqlarını deyirsiniz. Siz bu yaxınlarda
demisiniz və mən burada Sizdən sitat gətirirəm: “onlar çıxmasalar,
biz onları iti qovan kimi qovacağıq”. Bu bəyanatla insanlar çətin
ki, özlərini təhlükəsiz hiss etsinlər.
– Xeyr. Xahiş edirəm, mənim bəyanatlarıma dəqiqliklə yanaşın.
Mən bunu dedikdə bizim əraziləri işğal etməyə davam edənləri
nəzərdə tuturdum. Mən Ermənistanın hərbi-siyasi rejimini nəzərdə
tuturdum. Mən Dağlıq Qarabağın dırnaqarası “hökumətini”, bu
cinayətkar xuntanı nəzərdə tuturdum, hansı ki, yeri gəlmişkən,
artıq qaçıb gedib. Mənə məlumat verilib ki, Dağlıq Qarabağın
dırnaqarası “rəhbəri” artıq Yerevandadır. Mən erməni xalqını yox,
onları nəzərdə tuturdum.
– Onda Siz Dağlıq Qarabağda erməni vətəndaşlara qarşı
heç bir etnik təmizləmənin aparılmayacağına dair mütləq zəmanət
verirsiniz?
– Bəli. Biz ermənilər deyilik. Onlar bizə qarşı etnik təmizləmə
törədiblər. Onlar Dağlıq Qarabağdan və ətraf yeddi rayondan bütün
azərbaycanlıları qovublar. Ermənistanın etnik təmizləmə siyasəti
nəticəsində bizim bir milyon qaçqın və məcburi köçkünümüz var.
Lakin biz eyni qaydada davranmayacağıq. Biz qisas almayacağıq. Mən
dəfələrlə demişəm, hətta onlar Gəncəni bombalayanda, hətta onlar
Bərdəni bombalayanda, onlar başqa şəhərləri bombalayanda və 92
insanı, mülki şəxsi öldürdükdə mən dedim ki, biz qisasımızı döyüş
meydanında alacağıq. Buna görə bu rəsmi mövqeyi, Azərbaycanda
yaşayan minlərlə ermənini və heç kimin onları etnik təmizləmədiyini
nəzərə alaraq, biz bunu orada nə üçün etməliyik ki?
– Burada, Azərbaycanda yaşayan ermənilərlə bağlı. Bizə
verilən məlumata görə, onların çoxu qorxu içində yaşayır, ermənilər
kimi açıq tanınmağı istəmədiklərinə görə soyadlarını dəyişiblər.
Dağlıq Qarabağdakı ermənilər özlərinin təhlükəsiz olacaqlarına necə
əmin ola bilərlər ki?
– Xeyr, bu, yanlış məlumatdır.
– Bu məlumat burada yaşayan insanlardan daxil
olur.
– Ola bilsin ki, kimsə evlənib soyadını dəyişib. Bu, burada adət
olunan təcrübədir. Amma xeyr. Burada yaşayan çoxlu ermənilər var və
biz onların erməni olduqlarını bilirik. Yeri gəlmişkən, mən sizə
deyə bilərəm və bir çox insanlar bu barədə bilmirlər. Ermənistanın
sabiq müdafiə naziri Arutunyanın bacısı Azərbaycanda yaşayır.
İstəsəniz onunla görüş təşkil edə bilərik. Bu, əslində, qorxu
deyil, bu, erməni təbliğatıdır.
– Prezident Əliyev, əgər təbliğat varsa, aydındır ki,
hər iki tərəfdə təbliğat var. Dövlət dialoqu çərçivəsində burada
ermənilərə qarşı institusional mesajlar səslənir, insanlarda digər
tərəfə qarşı nifrət aşılanır. Siz onların, həqiqətən də, birgə
yaşaya biləcəklərini gözləyirsiniz?
– Nəyə görə onlar dünyanın digər yerlərində birgə yaşaya
bilirlər? Siz qonşu Gürcüstanda ermənilərin və azərbaycanlıların
bir yerdə, eyni kənddə yaşadığı kəndlərin olduğunu bilirsiniz?
Onlar Rusiyada, Ukraynada bir yerdə yaşayırlar, onlar Azərbaycanda
bir yerdə yaşayırlar, dünyanın bir çox digər yerlərində. Dünyadakı
vəziyyəti indi müşahidə etsəniz, Qərbdə bəzi ermənipərəst
mitinqlərdən başqa ermənilər və azərbaycanlılar arasında vəziyyət
sakitdir. Nəyə görə onlar orada yaşaya bilərlər, lakin burada
yaşaya bilməzlər?
– Dağlıq Qarabağ üzərində nəzarəti ələ keçirsəniz,
həqiqətən də, bir erməninin Dağlıq Qarabağda qalacağını və
Azərbaycan qanunları ilə yaşayacağını gözləyirsiniz?
– Hesab edirəm ki, bu, mümkündür. Bir Prezident kimi, mən bu gün
deyirəm və dəfələrlə demişəm ki, biz yanaşı yaşamaq istəyirik. Əgər
biz yanaşı yaşamaq istəməsəydik, nəyə görə mən bunu deməliyəm ki?
Bildiyiniz kimi, bu gün Azərbaycan Ordusu döyüşdə qalib gəlir. Bu
gün biz şəhərləri, kəndləri bir-birinin ardınca azad edirik.
Azərbaycanda istənilən şəxs prinsip etibarilə deyə bilər, baxın,
onlar Xocalıda soyqırımı törətdilər, onlar azərbaycanlıları doğma
torpaqlarından qovdular, onlar bizim bütün şəhərləri və kəndləri
məhv etdilər.
– Ermənilər də, əlbəttə, iddia edirlər ki, onlar da
qovulublar, onlar da illərlə qətliamların qurbanları
olublar.
– Onlar haradan qovulublar? Haradan? Onlar qovulmayıblar. Biz
ermənilərə qarşı etnik təmizləmə törətməmişik. Xeyr, ermənilər
Azərbaycanda yaşayırlar. Onlar bizi nəinki Dağlıq Qarabağdan
qovublar, erməni əhalisinin heç vaxt yaşamadığı Dağlıq Qarabağla
inzibati sərhəddə yerləşən yeddi rayondan qovublar. Onlar
şəhərlərin, kəndlərin adlarını dəyişiblər.
– Prezident Əliyev, dinə gəldikdə, Ermənistanda kilsəyə
hücum olub.
– Bu, Ermənistanda olmayıb.
– Üzr istəyirəm, cənab Prezident, Dağlıq Qarabağda hücum
olub. Eyni gündə kilsə iki dəfə mərmi atəşinə tutulub. Siz həmin
gün dediniz ki, ola bilsin, bu, səhvdir. Siz dediniz ki, araşdırma
aparacaqsınız. Araşdırmanın nəticəsi nədir?
– Bu məsələni araşdırmaq üçün biz orada olmalıyıq. Araşdırmaq
üçün. Mən dəfələrlə demişəm, bu, ya bizim artilleriyanın səhvidir,
ya da bu, ermənilərin özləri tərəfindən qəsdən edilmiş bir
təxribatdır.
– Onlar öz kilsəsini atəşə tutublar?
– Bəli, elədir ki, var.
– Onlar, əlbəttə ki, bunu inkar edirlər.
– Bəli, əlbəttə ki, onlar bunu inkar edirlər. Onlar hər şeyi
inkar edirlər. Onlar Ermənistan ərazisindən Gəncəyə ballistik
raketlə zərbə endirildiyini inkar edirlər. Ermənistanın baş naziri
bunun yanlış məlumat olduğunu demişdir. Buna baxmayaraq, sizin
ölkəniz, Amerika Birləşmiş Ştatları, Fransa, Rusiya, onlar
ballistik raketin haradan buraxıldığını asanlıqla aşkar edə
bilərlər.
– Kilsəyə gəldikdə…
– Kilsəyə gəldikdə. Mən bunun ya səhv olduğunu, ya da onların
bunu qəsdən etdiklərini demişəm. Çünki həmin kilsənin mənim
gördüyüm təsvirləri bunun çox kiçik bir zərər olduğunu göstərir. Bu
zədəni maksimum iki həftə ərzində təmir etmək olar. Bu, birincisi.
İkincisi, siz burada, Bakıdasınız. Yəqin ki, siz şəhər mərkəzində
bizim bərpa etdiyimiz erməni kilsəsini görmüsünüz. Biz orada
minlərlə erməni kitabı saxlayırıq. Əgər biz ermənilərin dediyi kimi
kilsələri dağıdırıqsa, nəyə görə buradakı kilsəni dağıtmamışıq?
– Siz birmənalı şəkildə öz qüvvələrinizin kilsəyə hücum
etmədiyini deyə bilərsiniz?
– Mən birmənalı şəkildə dəfələrlə demişəm. Bu ya bizim
artilleriyanın səhvidir…
– Beləliklə, Siz bunu edə bilərdiniz?
– Kim? Siz kimi nəzərdə tutursunuz?
– Sizin qüvvələriniz bunu edə bilərdi.
– Bu, yalnız səhv nəticəsində ola bilərdi. Çünki hərbi hədəf yox
idi. Kilsə hərbi hədəflər arasında deyil. Bizim Xankəndi şəhərində,
– ermənilər onu Stepanakert adlandırırlar, – hərbi hədəflərimiz var
idi. Bizim Şuşada hərbi hədəflərimiz var idi və biz bu hərbi
hədəflərə zərbələr endiririk, çünki onlar bizə hücum ediblər. Yəqin
ki, bu, səhv olub.
– Eyni gündə iki dəfə səhv edə bilərdiniz? Kilsəyə iki
dəfə zərbə endirilib.
– Nəyə görə yox? İşğal olunmuş ərazilərdə Azərbaycan
məscidlərinin şəkillərini görmüsünüz? Onlar hamısı dağıdılıb. Onlar
bizim məscidlərdə donuz saxlayırlar. Azad edilmiş Zəngilandakı
məsciddən bu yaxınlarda çəkilmiş videogörüntüdə onların orada donuz
saxladıqları göstərilir.
– Siz öz ordunuzun hərbi üstünlüyü haqqında danışarkən
fikir irəli sürmüsünüz, yüz min insanınız var, Sizin İsraildən,
Türkiyədən alınan ən müasir avadanlığınız var, xüsusilə türk
dronları. Sizin sərəncamınızda olan bütün bu imkanları nəzərə
alaraq, kilsənin atəşə tutulması ilə bağlı iki dəfə səhvə yol
verilə bilər?
– Əlbəttə ki, ola bilər. Çünki bu məsələni araşdırmaq üçün bizim
orada olmamız lazımdır. Biz orada olanda onu təmir edəcəyik.
– Lakin bu…
– Biz onu bərpa edəcəyik, siz bunu görəcəksiniz. Biz Şuşaya geri
qayıdanda onu bərpa edəcəyik.
– Bu, o demək deyil ki, bu silahların bu dərəcədə
qeyri-dəqiq olması və belə səhvlərə asanlıqla yol verməsi
ehtimalına görə Siz onları mülki yerlərdə istifadə
etməməlisiniz?
– Biz onlardan mülki yerlərdə istifadə etmirik. Biz onlardan
hərbi infrastrukturu məhv etmək üçün istifadə edirik.
– Prezident Əliyev…
– Xankəndi şəhəri hərbi obyektlərlə dolu idi. Şuşa şəhəri hərbi
obyektlərlə doludur. Biz onlardan fərqli olaraq mülki şəxslərə
hücum etmirik. Onlar qəsdən mülki yaşayış yerlərini dağıdırlar,
ballistik raketlərlə Gəncəyə hücum etdilər.
– Prezident Əliyev, icazə verin, bizim BBC
həmkarlarımızın nə gördüklərini Sizə deyim. Bu, şayiə deyil. Bu,
BBC həmkarlarımız tərəfindən çəkilmişdir, onların gördükləridir.
Onlar oktyabrın biri, ikisi və üçü Stepanakertdə və Dağlıq
Qarabağda olublar. Onlar şəhərin, o cümlədən təcili tibbi yardım
mərkəzinin xaotik mərmi atəşinə tutulmasını, yaşayış binasının
dağıdılmasını, insanlar qaçmağa cəhd göstərəndə onların başlarının
üstündə dronun olmasını, bir az sonra yaxınlıqda əlavə mərmi
atəşlərinin açılmasını görüblər. Onlar bunu aydın hərbi hədəflər
olmadan şəhərin sistemsiz mərmi atəşinə tutulması kimi xarakterizə
etdilər. Bu, şayiə deyil. Bu, BBC-nin şahid olduğu və lentə aldığı
hadisədir.
– Mənim sizin şahid olduqlarınızla bağlı şübhələrim var.
Şübhələrim var.
– Lakin Prezident Əliyev, onlar orada
idilər.
– Nə olsun ki, onlar orada idilər? Bu, heç nə demək deyil. Bu,
feyk xəbər ola bilər. Bizim hərbi…
– Bu nəyə görə feyk xəbər olsun ki? Nəyə görə oraya
gedən istənilən jurnalist feyk xəbərləri yayımlamağı qərara alsın
ki?
– Münaqişəyə qərəzli mövqeyinə görə, beynəlxalq mediada
Azərbaycana qarşı qarayaxma təbliğatına görə.
– Deməli, Sizi heç bir yanlışlıqda günahlandırmaq olmaz?
Hər şey feyk xəbərdir?
– Əlbəttə, bu, feyk xəbərdir. Biz Qərb mediasını yaxından
müşahidə edirik və bu qırx gün ərzində mənim bəlkə də, otuz
müsahibəm olub. Onların hamısı çox aqressiv idi, sanki bu, müsahibə
deyildi, sanki bir ittiham idi. Ermənistan tərəfində heç nə baş
vermir. Heç kim Paşinyandan nəyə görə Gəncəyə ballistik raketlərlə
zərbə endirdiyini soruşmur. Nəyə görə o, 92 nəfəri qətlə yetirib?
Nəyə görə o, Tərtərdə dəfn mərasiminə hücum edib? Nəyə görə onlar
21 insanı qətlə yetirərək və 70 nəfəri yaralayaraq Bərdəyə hücum
etmək üçün kassetli bombalarla “Smerç”dən istifadə ediblər? Heç kim
ondan soruşmur. Heç kim ondan silahları haradan əldə etdiyini
soruşmur? Yalnız bizə hücum edirlər. Beynəlxalq media yalnız
Azərbaycanı ləkələyir. Buna görə sizin BBC, sizin həmkarlarınız o
hadisələrin orada “şahidi” olub. Mən buna inanmıram.
– Onlar bunu lentə alıblar. Əlbəttə ki, hər iki tərəfdə
mülki şəxslərin qətlə yetirildiyini qeyd etmək mühüm əhəmiyyət kəsb
edir. Hər iki tərəf xaotik atəş açmışdır. Biz özümüz burada
ballistik raketin istifadə edildiyi Gəncə hücumunun fəsadlarının
şahidi olmuşuq. Beləliklə, bu tərəfdə də itkilərin olması şübhə
doğurmur.
– Təşəkkür edirəm.
– Lakin eynilə, Siz kassetli silahlardan danışdıqda,
sübut var ki, Siz də mülki yerlərdə, Stepanakertin küçələrində
kassetli silahlardan istifadə etmisiniz və bu, “Human Rights Watch”
təşkilatı tərəfindən geniş şəkildə sənədləşdirilmişdir, şəkillər
çəkilmişdir, videolar çəkilmişdir, şahidlər ifadə vermişdir.
Onların hadisə yerinə getmək imkanı var idi. Nəyə görə Siz o
dərəcədə qeyri-dəqiq ola bilən kassetli silahlardan mülki yerlərdə
istifadə edirsiniz?
– Biz onlardan istifadə etmirik. Bu, növbəti bir feyk xəbərdir.
Ermənistan kassetli bombalardan istifadə edir.
– Deməli, hər şey feyk xəbərdir?
– Əlbəttə ki. Niyə də yox? Biz feyk xəbərlərlə on illərdir
üzləşirik.
– Lakin Siz etiraf edirsiniz ki….
– Heç bilirsiniz, Britaniya mətbuatında Azərbaycan haqqında nə
qədər feyk xəbər dərc edilmişdi? Minlərlə.
– Lakin, Prezident Əliyev, Siz müharibə apardığınızı,
irəli getdiyinizi etiraf edirsiniz. Sonra isə digər tərəfdən bizə
bu silahlardan istifadə etmədiyinizi deyirsiniz.
– Xeyr, istifadə etmirik. Çünki biz döyüş meydanında döyüşürük.
Biz erməni ordusuna qarşı döyüşürük. Biz mülki şəxslərə qarşı
döyüşmürük. Bunun heç bir mənası yoxdur, çünki bizim vəzifəmiz
torpaqları azad etməkdi və biz kəndləri, şəhərləri bir-birinin
ardınca azad edirik. Biz kassetli bombalardan istifadə etmirik,
bizim buna ehtiyacımız yoxdur. Bizim kifayət qədər başqa
alətlərimiz var…
– Beləliklə “Human Rights Watch” təşkilatı tərəfindən
aşkar edilmiş sübutlar da feykdir?
– Əlbəttə ki. Çünki “Human Rights Watch” təşkilatı Azərbaycana
qarşı çox qərəzli mövqeyinə, hətta jurnalistlərin həbsxanalarda
öldüyü zaman, hətta əsas müxalifət partiyasının rəhbəri həbsxanada
olduqda belə Ermənistanda heç bir yanlışlıq görmədiyinə görə bunlar
barədə heç bir məlumat vermir. Onlar yalnız bizə qarşı məlumat
verirlər. Buna görə də biz “Human Rights Watch” təşkilatı ilə
əməkdaşlığı beş-altı il bundan əvvəl dayandırdıq. Yalnız indi bu
müharibə başlayanda biz onları bura gəlməyə və öz gözləri ilə
görməyə dəvət etdik. Biz onların bu halları təsdiqləməsini
istəyirdik, çünki onlar üçün “yox” demək imkanı yox idi. Buna görə
biz onları dəvət etdik. Beləliklə, bu təşkilata Azərbaycanda etimad
yoxdur.
– Prezident Əliyev, bu tərəfdə neçə nəfər mülki şəxs
öldürülüb? Onların sayı nə qədərdir?
– Paşinyan rejimi tərəfindən 92 mülki şəxs öldürülmüşdür, 405
nəfər yaralanmışdır, demək olar ki, 3 min ev ya dağıdılmışdır, ya
da ciddi zərər görmüşdür. Beləliklə bunlar faktlardır və siz oraya
gedib onları yoxlaya bilərsiniz.
– Biz cəbhə xəttini özümüz gedib görmək istəyirik və
sonuncu dəfə buraya səfər etdikdə, bizim oraya müstəqil səfər etmək
üçün qarşımız alınmışdır. Bizə bu dəfə oraya gedə biləcəyimizə dair
təminat verə bilərsinizmi?
– Bəli, hesab edirəm ki, bu, mümkündür. Ancaq sizi qorumaq üçün
təhlükəsizlik tədbirləri görülməlidir. Lakin düşünürəm ki, bu,
mümkündür. Bu, ümumi durum və hərbi vəziyyət haqqında
qanunvericiliklə tənzimlənir. Ona görə, bu səfər müvəqqəti
qaydalara uyğun olmalıdır.
– Beləliklə, biz cəbhə xəttində sərbəst hərəkət edə
bilmərik?
– Cəbhə xətti dedikdə nəyi nəzərdə tutursunuz? Döyüşlərin baş
verdiyi yerə getməyi?
– Bəli.
– Orada jurnalistlər olublar.
– Lakin onlar sərbəst hərəkət etməyiblər.
– “Sərbəst” dedikdə nəyi nəzərdə tutursunuz?
– Hökumətin müşahidəçiləri olmadan sərbəst hərəkət
etmək. Öz istəyinə görə hərəkət etmək. Biz başqa münaqişələrdə bunu
edirik. Biz haraya getmək istədiyimizi qərarlaşdırırıq, biz öz
seçimlərimizi edirik, oraya gedirik və hadisələri lentə
alırıq.
– Mən bu barədə əmin deyiləm. Düşünürəm ki, belə bir imkanın
olub-olmadığını səlahiyyətli orqanlarla dəqiqləşdirmək lazımdır.
Əcnəbi jurnalistləri müşahidə edənlərin yalnız bir məqsədi var –
onları qorumaq və onların hara gedə biləcəyi və hara gedə
bilməyəcəyi barədə onlara məlumat vermək. Lakin gizlədiləsi bir şey
yoxdur. Siz bizim dağıdılmış kəndləri görə bilərsiniz. Siz Gəncədə
olmusunuz. Yəqin ki, siz Bərdəyə də gedə bilərsiniz. Buna görə
bizim gizlədiləsi bir şeyimiz yoxdur. Biz öz torpağımızda
vuruşuruq. Erməni ordusu bizim torpağımızdadır, onlar təcavüzkardır
və biz təcavüzün qurbanı olmuşuq. Lakin bu gün biz qisasımızı
alırıq. Bu gün biz onlara yerini göstəririk və dediyim kimi, onlar
qalan əraziləri könüllü olaraq boşaltmasalar, biz onları axıra
qədər qovacağıq.
– Bu, erməni vətəndaşlarına çox dəhşətli bir mesaj kimi
səslənir.
– Xeyr, niyə? Biz erməni vətəndaşları haqqında artıq danışdıq.
Bizim onlarla təmaslarda heç bir yanlışlığımız yoxdur. Mən
dəfələrlə demişəm və dediklərimin üstündə dururam. Biz
ərazilərimizi işğal etmiş bu cinayətkar dəstələrdən torpaqları azad
etdikdən sonra Dağlıq Qarabağdakı ermənilər qat-qat yaxşı
yaşayacaqlar. Onların daha çox məvacibləri olacaq, çünki
Azərbaycandakı məvaciblər daha yüksəkdir. Onların daha yüksək
təqaüdləri olacaq, çünki Azərbaycanda təqaüdün məbləği
Ermənistandan üç dəfə çoxdur. Onlar sosial müdafiə ilə təmin
olunacaqlar. Biz bu ərazilərə böyük sərmayələr yatıracağıq, onlar
yoxsulluqdan xilas olacaqlar…
– Onların Azərbaycanda insanların eşitdiyi, lakin malik
olmadığı bütün insan haqları olacaqmı? Onların tamamilə azad
mediası olacaqmı? Onların səsini qaldırmağa icazəsi olan müxalifəti
olacaqmı? Onlar burada, Azərbaycanda insanların malik olmadığı
şeylərə malik olacaqmı?
– Siz hesab edirsiniz ki, insanların bu haqları yoxdur? Nəyə
görə siz Azərbaycanda insanların azad mediaya və müxalifətə malik
olmadığını düşünürsünüz?
– Çünki mənə bu barədə müstəqil mənbələrdən məlumat
veriblər.
– Hansı müstəqil mənbələrdən?
– Bir çox müstəqil mənbələrdən.
– Deyin mənə, hansılardır?
– Əlbəttə ki, mən onların adlarını çəkə
bilmərəm.
– Əgər siz onların adlarını deyə bilmirsinizsə, bu, o deməkdir
ki, siz bir hekayə uydurursunuz.
– Siz deyirsiniz ki, media dövlət nəzarəti altında
deyil?
– Xeyr. Əsla yox.
– Fəal azad müxalif media var?
– Əlbəttə ki.
– Mən bunu harada görə bilərəm?
– Siz bunu internetdə görə bilərsiniz. Siz bunu hər yerdə görə
bilərsiniz.
– Qəzetlərdə yox.
– Niyə? Siz bunu qəzetlərdə görə bilərsiniz. Sizdən soruşa
bilərəmmi, siz burada kimi müxalifət adlandırırsınız?
– Burada müxalifətin olmasına icazə varmı?
– Bəli, icazə var.
– QHT-lər təqiblərə məruz qalır, jurnalistlər təqiblərə
məruz qalır.
– Xeyr, əsla.
– Tənqidçilər həbsxanadadır.
– Xeyr, əsla.
– Bunların heç biri həqiqət deyil?
– Tamamilə feykdir. Tamamilə. Bizim azad mediamız var. Bizim
azad internetimiz var. İndi hərbi vəziyyətə görə bizim bəzi
məhdudiyyətlərimiz var, lakin əvvəllər heç bir məhdudiyyət yox idi.
Azərbaycanda internet istifadəçilərinin sayı 80 faizdən çoxdur. Siz
internetin azad olduğu, senzuranın olmadığı və 80 faiz internet
istifadəçilərinin olduğu bir ölkədə medianın məhdudlaşdırılmasını
təsəvvürünüzə gətirə bilərsiniz? Bizim “Facebook”da milyonlarla
insanımız var. Bizdə azad medianın olmadığını necə deyə bilərsiniz?
Bu, yenə də qərəzli yanaşmadır. Bu, Qərb auditoriyasında Azərbaycan
haqqında bir fikir formalaşdırmaq cəhdidir. Bizim müxalifətimiz
var, bizim QHT-lərimiz var. Bizdə azad siyasi fəaliyyət var. Bizdə
azad media var. Bizdə söz azadlığı var. Əgər siz bu sualı
qaldırdınızsa, mən də sizə bir sual verə bilərəmmi? Siz cənab
Assanjla baş verənləri necə qiymətləndirirsiniz? Bu, sizin ölkədə
azad mətbuatın təzahürüdür?
– Biz burada mənim ölkəmi müzakirə etmək üçün
deyilik.
– Xeyr, gəlin müzakirə edək. Gəlin, müzakirə edək.
– Yox, Prezident Əliyev.
– Ermənilərin burada azad mətbuatının olmayacağı ilə bağlı məni
ittiham etmək əvəzinə, gəlin, Assanj barədə danışaq. Bağışlayın, o,
Ekvador səfirliyində neçə il keçirdi və nəyə görə? O, indi
haradadır? Jurnalist fəaliyyətinə görə siz həmin şəxsi girov
saxladınız, əslində, mənəvi və fiziki olaraq onu öldürdünüz. Bunu
siz etmisiniz, biz yox. İndi o həbsxanadadır. Siz bu işlərlə məşğul
olduğunuz halda, sizin azad mətbuat haqqında danışmağa mənəvi
haqqınız yoxdur.
– Münaqişəyə qayıdaraq…
– Bəli, yaxşı olardı ki, münaqişəyə qayıdasınız, çünki bu, sizin
xoşunuza gəlmir. Sizin xoşunuza yalnız ittiham etmək, hücum etmək
gəlir. Amma güzgüyə baxın. Mən dəfələrlə demişəm, buraya
gəlməmişdən və bizə mühazirə oxumaqdan əvvəl baxın. Siz sualınızla
məni ittiham edirsiniz. Bu, sual deyil, bu, ittihamdır. Siz
prokuror kimi danışırsınız. Niyə? Əgər siz bu qədər demokratik və
obyektivsinizsə, nəyə görə Assanjı həbsxanada saxlayırsınız? Nə
üçün? Siz onu jurnalist fəaliyyətinə görə həbsxanada
saxlayırsınız.
– Mən onu həbsxanada saxlamıram, Prezident
Əliyev.
– Bu, sizin xoşunuza gəlmir.
– Bu, xoşa gəlmək məsələsi deyil.
– Siz buna öyrəşməmisiniz.
– Bu, bizim müsahibənin mövzusu deyil.
– Çünki siz ancaq hücum etməyə adət etmisiniz.
– Bu, bizim müsahibənin mövzusu deyil.
– Bu, müsahibənin mövzusu deyil, amma siz bunu
qaldırırsınız.
– Siz bu məsələni qaldırdınız.
– Xeyr, siz qaldırdınız.
– Siz Asanj məsələsini qeyd etdiniz.
– Siz dediniz ki, əgər ölkənizdə azad media yoxdursa, ermənilər
müxalifətsiz sizin ölkədə necə yaşaya bilərlər? Bu, sizin
sözlərinizdir, ittihamdır.
– Prezident Əliyev, Siz suala cavab verdiniz. Münaqişə
mövzusuna qayıdaraq, Sizin dediyiniz kimi 40 gündür ki, toqquşma
davam edir, Siz münaqişənin nə qədər davam etməsini gözləyirsiniz?
Qışda da döyüşlər gedəcək?
– Heç kim bilmir. Yenə də, bizim söhbətimizin əvvəlinə
qayıdaraq, əgər Paşinyan bu gün “mən əsas prinsipləri qəbul edirəm
və mən Ağdamın bir hissəsini, Kəlbəcəri və Laçını bir həftə və ya
iki həftə içində boşaldacağam” desə, biz dərhal dayanarıq.
– Lakin onun Sizə Dağlıq Qarabağda yerdə qalan
ərazilərin boşaldılması ilə bağlı təminat verməyə ehtiyacı yoxdur.
Siz kənarda qalan ərazilərdən danışırdınız. Mən Sizin mövqeyinizi
başa düşmək üçün çox aydın olmalıyam.
– Bəli, bu, əsas prinsiplərdir. Əsas prinsiplərdə bizdə çox
aydın mənzərə yaranır. Yeddi rayonun boşaldılması, sonra
azərbaycanlı məcburi köçkünlərin qayıtması, sonra Azərbaycan
vətəndaşlarının, köçkünlərin Dağlıq Qarabağa qayıtması.
– Beləliklə, o, Dağlıq Qarabağı da Sizə
verməlidir?
– O azərbaycanlıların oraya geri qayıtmasına imkan verməlidir.
Geri qayıtmasına. Şuşaya.
– Beləliklə, Sizin Dağlıq Qarabağı nəzarət altında
saxlamağınıza ehtiyac yoxdur?
– Siz “nəzarət altında” deməklə nəyi nəzərdə tutursunuz?
– Sizə Dağlıq Qarabağ üzərində fiziki olaraq nəzarəti
ələ keçirmək və Dağlıq Qarabağın müdafiə qüvvələrini geri çəkmək,
orada olan erməniləri geri çəkmək lazımdır, yoxsa mülki
şəxslərinizin geri qayıtmasına icazə verilsəydi, bu, Sizi qane
edərdi?
– Ermənistanın qəbul etmədiyi əsas prinsiplərdə, – onlar faktiki
olaraq etibarsızdır, çünki Ermənistan onları qəbul etməyib, – bir
müddəa var ki, azərbaycanlılar oraya qayıdacaqlar, sülh,
təhlükəsizlik şəraitində, təhlükəsizlik təminatı ilə orada
yaşayacaqlar. Biz orada hansı idarəçilik formasının olacağını dəqiq
müəyyənləşdirmək üçün danışıqlar prosesində o qədər irəliyə
getməmişik. Bizim mövqeyimiz ondan ibarətdir ki, bələdiyyə
idarəçiliyi, yaxud ermənilər üçün mədəni muxtariyyət kimi müəyyən
özünüidarə səviyyəsi olmalıdır. Lakin biz o qədər irəliyə
getməmişik. Əgər Paşinyan mənim əvvəldən, biz Füzulini azad edəndə
tələb etdiyimi etsəydi, onda müharibə dayanardı və indi biz
danışıqlar masasında necə irəli getmək barədə danışardıq. Lakin o,
bu öhdəliyi götürmür. Ona görə də, bu cür davam etsə, biz davam
edəcəyik. Başqa yol yoxdur. Biz ölkənin bütün dünya tərəfindən
tanınan ərazi bütövlüyünü bərpa edənə kimi, sona qədər
gedəcəyik.
– Prezident Əliyev, Siz artıq əhəmiyyətli dərəcə də
irəliləmisiniz və Dağlıq Qarabağ yaxınlığında əraziləri
qaytarmısınız. Mülki şəxsləri nə vaxt geri qaytarmağa başlamağı
planlaşdırırsınız?
– İlk növbədə, bizim Ermənistan dövlətinin Azərbaycana və
vətəndaşlarımızın əmlakına vurduğu ziyanı qiymətləndirməyə
ehtiyacımız olacaq. Çünki azad edilmiş ərazilərdə demək olar ki,
hər şey dağıdılıb. Mən dəfələrlə demişəm ki, on minlərlə insanın
yaşadığı böyük şəhər olan Füzulidə biz bayraq sancmaq üçün bina
tapa bilmədik. Beləliklə, biz onu dirəyə taxdıq. Ona görə də, biz,
ilk növbədə, dəymiş ziyanı qiymətləndirəcəyik. Biz ekologiyamıza,
infrastrukturumuza, evlərini itirmiş mülki şəxslərimizə və
dövlətimizə, tarixi irsimizə dəymiş ziyanı qiymətləndirmək üçün
beynəlxalq ekspertləri dəvət edəcəyik. Çünki bütün məscidlər, bütün
muzeylər dağıdılıb. Bu, birincisi. Bundan sonra, əlbəttə ki,
məhkəmə iddiaları olacaq, Ermənistan dövlətinə qarşı məhkəmə
iddiaları və biz artıq buna hazırlaşırıq. İkincisi, bizim
insanların orada yaşaması üçün azı ilkin şərait yaratmağa
ehtiyacımız olacaq. Biz tikinti materialları tədarük etməli,
infrastruktura investisiya yatırmalıyıq.
– Beləliklə, Siz düşünürsünüz ki, bunun üçün real olaraq
illər lazımdır?
-Bilirsiniz, bütün işğal dövründə biz artıq 300 min qaçqın və
məcburi köçkünü yerləşdirmişik. Son illər ən güclü təsir bağışlayan
illər olub, çünki təkcə bu il biz 7 min köçkün ailəsini
yerləşdiririk. Beləliklə, düşünürəm ki, biz ildə 7 mindən 10
minədək ailəni köçürə bilərik. Lakin, əlbəttə ki, bunun üçün bizim
infrastruktura ehtiyacımız var. Biz bunu hər şeyin hazır olduğu
Bakıda edirik. Lakin hər şeyin dağıdıldığı həmin ərazilərdə bizim
elektrik stansiyalarına, yollara, su təchizatına ehtiyacımız var.
Beləliklə, bütün bunlar vaxt aparacaq. Mən bilmirəm bu, nə qədər
vaxt aparacaq. Lakin biz bunu maksimum qısa zamanda həyata keçirmək
üçün əlimizdən gələni etməyə çalışacağıq.
– Prezident İlham Əliyev, icazənizlə sonda bir və ya iki
qısa sual verim. Azərbaycanın çox güclü müttəfiqi olan Türkiyə Sizə
böyük dəstək verib. Siz Prezident Ərdoğanla nə dərəcədə tez-tez
danışırsınız?
– Çox tez-tez. Xüsusilə indi, həftədə bir neçə dəfə.
– Bəs gündə?
– Gündə yox, amma ehtiyac olsa, gündə bir neçə dəfə ola bilər.
Biz qardaşıq, dostuq. Dediyiniz kimi, böyük dəstək, siz haqlısınız.
Lakin mən dəqiqləşdirmək istəyirəm, bu, siyasi dəstək və mənəvi
dəstəkdir. Başqa heç nə.
– Burada istifadə olunan dronları idarə edən türk
pilotlar varmı?
– Xeyr.
– Beləliklə, onlar Sizin qüvvələriniz tərəfindən
istifadə olunur?
– Bəli, hər şey bizim qüvvələrimiz tərəfimizdən istifadə olunur.
Təkcə Türkiyə istehsalı olan dronlar deyil, İsrail istehsalı olan
dronlar, Rusiya istehsalı olan hərbi avadanlıq və bunu pulsuz əldə
edən Ermənistandan fərqli olaraq bizim aldığımız və pul ödədiyimiz
digər ölkələrin istehsalı olan hərbi avadanlıqlar. Hər şey bizim
tərəfimizdən edilir.
– Türkiyənin birbaşa hərbi iştirakını istəyə biləcəyiniz
günü gözləyirsinizmi? Biz Ermənistanın artıq Rusiyaya müraciət
etdiyini və onun nə etməyə hazır olduğunu soruşduğunu görmüşük.
Sizcə Türkiyənin daha çox cəlb olunmağı xahiş edəcəyiniz gün
gələcəkmi?
– Mən çox irəliyə baxmaq istəmirəm. Çünki bu, döyüş meydanındakı
vəziyyətdən asılı olacaq. Bu, Ermənistanın davranışından və digər
ölkələrin davranışından asılı olacaq. Çünki mən bir çox hallarda
demişəm ki, biz münaqişənin beynəlmiləlləşdirilməsinin əleyhinəyik.
Biz bütün ölkələrdən, qonşu ölkələrdən, qonşu olmayan ölkələrdən bu
münaqişədən uzaqda durmağı xahiş etmişik. Biz beynəlxalq səviyyədə
tanınan torpağımızda döyüşürük. Bu, bizim mövqeyimizdir. Mən
düşünürəm ki, hazırda baş verənlər davam edəcək, beləliklə,
Türkiyənin hər hansı hərbi iştirakına ehtiyac olmayacaq. Lakin uzun
illər bundan əvvəl Türkiyə ilə təcavüz olacağı təqdirdə həm də
hərbi dəstəyi təmin edən sənəd imzalamışıq. Beləliklə, bizim
Türkiyə ilə bu və ya digər dərəcədə Ermənistanla Rusiyanın malik
olduğu kimi eyni formatımız, qanuni bazamız var. Əgər Azərbaycan
təcavüzlə üzləşsə və Azərbaycan görsə ki, Türkiyənin hərbi
dəstəyinə ehtiyac var, onda biz variantı nəzərdən keçirəcəyik.
– Prezident Əliyev, icazənizlə mən daha iki sualla bağlı
yardımınızı xahiş edəcəyəm. Münaqişənin indi yenidən alovlanmasının
və Sizin belə güclü irəliləməyinizin səbəblərindən biri kimi
Türkiyənin çox güclü dəstək verdiyini, bunun həqiqətən də həlledici
olduğunu iddia edənlərə nə deyərdiniz. Əminəm ki, belə iddiaları
eşitmisiniz.
– Xeyr, qətiyyən. Yeri gəlmişkən, Türkiyənin hərbi iştirakı
haradadır? Bunu kim təsdiqləyə bilər? Hər hansı türk əsgərini kim
görüb?
– Yerində iştirak deyil, güclü siyasi dəstək, daimi
bəyanatlar, çox güclü regional gücdən çox güclü dəstək. Bu, burada
amil deyil?
– Bəli, bu, amildir. Lakin bu amil münaqişə başlayandan sonra
çox mühüm əhəmiyyət kəsb etdi. Çünki əgər münaqişənin
xronologiyasına nəzər salsanız, bu bəyanatlar Ermənistan bizə hücum
edəndən və biz cavab verəndən saatlarla sonra başladı. Amma
Türkiyənin Azərbaycana siyasi dəstəyi hər zaman olub. Bu, qəfildən
baş vermədi. Bu, hər zaman belə olub. Niyə münaqişə başladı? Mən
sizə deyə bilərəm. Çünki Ermənistan danışıqları pozmaq istəyirdi.
Onlar iyulun 12-də dövlət sərhədində bizə hücum etdilər və bizim
ərazimizə daxil oldular. Biz cavab verməli olduq. Həmin toqquşma 4
gün davam etdi və biz onları Azərbaycandan sıxışdırıb çıxarandan
sonra dayandıq və dövlət sərhədini keçmədik. Sonra avqustun
ortasında onlar diversiya qrupu göndərdilər, o, təmas xəttini
keçdi, həmin qrupun başçısı saxlanıldı və mülki şəxslərə qarşı
terror hücumları planlaşdırdıqlarını etiraf etdi. Sonra sentyabrın
27-də onlar bizim şəhərlərimizi artilleriya atəşinə tutmağa
başladılar, bizim mülki şəxslər və hərbçilər arasında ilk
qurbanlarımız ilk saatlarda, bəlkə də ilk dəqiqələrdə oldu. Onlar
bizi ağır artilleriyadan atəşə tutdular. Beləliklə, bu, belə
başladı. Niyə başladı?
– Prezident Əliyev, üzr istəyirəm. Bilirəm Siz bizə
tarixini danışmaq istəyirsiniz, lakin Sizinlə iki məqama aydınlıq
gətirmək istəyirəm. Siz hərbçilər arasında itkiləri qeyd etdiniz.
Niyə Siz hərbi itkilərinizlə bağlı rəqəmləri açıqlamırsınız? Siz
narahatsınız ki, insanlar bu müharibədə nə qədər gənc insanın həlak
olduğunu görsə, dəstək zəifləyə bilər?
– Xeyr, qətiyyən. Birincisi, bizdə çox deyil. Əgər siz
müharibənin miqyasına və bizim Ermənistanın 30 il ərzində tikdiyi
istehkamları, bütün mövqeləri dağıtmalı olduğumuza baxsanız, bizim
itkilərimiz minimaldır. Əlbəttə ki, biz bu cür danışa bilmərik. Hər
bir insanın həyatı qiymətsizdir. Lakin bizim itkilərimiz
Ermənistanınkından xeyli aşağıdır. Çünki bizim hərbi imkanlarımız
daha yaxşıdır və bizim minimum itki verməyə imkan yaradan müasir
silahlarımız var, xüsusilə həmin dronlar. Çünki həmin dronlar
olmasaydı, bütün o tanklar və toplar çox sayda adamı öldürərdi.
Səbəb o deyil ki, biz düşünürük ictimaiyyətin dəstəyini almarıq,
əksinə. Yaxın qohumlarını, oğullarını, qardaşlarını itirən insanlar
bizdən dayanmamağı xahiş edirlər. Təsəvvürünüzə gətirə bilərsiniz?
Hər gün mən minlərlə məktub alıram, minlərlə məktub. O məktubların
heç birində mən “Dayanın” sözünü görməmişəm. Onlar deyirlər, mən
oğlumu itirmişəm, qardaşımı itirmişəm, həyat yoldaşımı itirmişəm,
xahiş edirik, sona kimi gedin. Xahiş edirik, sona kimi gedin. Çünki
bizim xalqımız bu vəziyyətdə, demək olar ki, 30 il yaşayıb.
– Prezident Əliyev, amma demək olar belə çıxmır ki,
Sizin bu müharibədən başqa yolunuz yoxdur, Siz hər sonuncu qarışı
geri almaq üçün döyüşməlisiniz?
– Bəli, mənim dediyim məhz budur. Lakin, eyni zamanda, mən
əvvəldən demişəm ki, əgər Paşinyan şəxsən özü, xarici işlər naziri
deyil, şəxsən özü desə ki, Ermənistan Ağdamdan, Kəlbəcərdən,
Laçından, boşaltmalı olduqları 3 qalan rayondan qoşunlarını çıxarır
və bizə vaxt cədvəli versə, biz dərhal dayanarıq. Biz bu müharibəni
davam etdirmək istəmirik. İstəmirik. Biz dayanmaq istəyirik. Mənim
indi dediyim lap əvvəldən dediklərimdir. Məni tanıyan insanlar
bilirlər ki, mən sözümə əməl edən insanam. Mən nə deyirəmsə, onu
edirəm. Əgər Paşinyan bunu bu gün desə, sizə söz verirəm ki, biz
dərhal dayanarıq. Amma o, bunu etmir. O, bunu etmir. O, geri almaq
istəyir. O, öz qüvvələrini yenidən qruplaşdırmaq, daha çox insan
səfərbər etmək üçün bu atəşkəs imkanından istifadə etmək istəyir.
Qeyd etdiyiniz ki, indi o, hərbi dəstək üçün Prezident Putinə
məktub göndərib, bununla da öz məğlubiyyətini etiraf edib. Əgər o,
məğlubiyyətini etiraf edibsə, niyə demir ki, əraziləri boşaldacaq?
Bu ərazilər Ermənistana məxsus deyil. Bu, bizim torpaqlarımızdır.
Onlar bu əraziləri bizə geri qaytarmalıdırlar. Əgər onlar bunu
etməsələr, dediyim kimi, biz sona qədər gedəcəyik. Dayanmağın yolu
yoxdur.
– Siz bilirsiniz Sizin qüvvələrinizin fəaliyyəti
nəticəsində Dağlıq Qarabağda neçə mülki şəxs həlak
olub?
– Xeyr, bilmirik. Biz Ermənistanın Müdafiə Nazirliyinin rəsmi
məlumatını eşitmişik. Biz bu rəsmi məlumata inanmırıq.
– Onlar 45 mülki şəxs deyir.
– Bəli, bilirəm 45, ya 47 – biz bilmirik. Mən bilmədiyim bir
şeyi deyə bilmərəm. Lakin mən düşünürəm ki, bu, çox şişirdilib.
Çünki biz onların kəndlərinə hücum etməmişik. Biz onların
şəhərlərinə hücum etməmişik.
– Hörmətli Prezident Əliyev, onların kənd və şəhərlərinə
hücumlarla bağlı sənədli sübutlar var.
– Mən hələ bitirməmişəm. Biz Xankəndiyə hücum etmişik, çünki
Xankəndi hərbi istehkamlarla dolu idi, biz onları məhv etməli
idik.
– Mülki şəxslərin evləri dağılıb.
– Müharibə vaxtı bu, bəzən baş verir. Belə olur. Biz o qədər
dəqiq deyilik, əgər onların artilleriyası düz evin yanındadırsa.
Bu, Gəncədə olduğu kimi deyil ki, onlar bəlkə də 20-30 kilometr
radiusunda heç bir hərbi obyektin olmadığı mülki obyektə qəsdən
ballistik raketlərlə hücum etdilər.
– Mülki şəxslərin ölümü ilə bağlı məlumatlar Sizi
narahat edirmi?
– Bəli, əlbəttə. Mən təəssüf edirəm. Təəssüf edirəm ki, bu, baş
verib. Mən qohumlarını itirən hər kəsə başsağlığı verirəm. Mən
Dağlıq Qarabağdakı mülki şəxsləri nəzərdə tuturam. Lakin yenə də
münaqişənin miqyasını nəzərə alaraq, yenə də hər bir insanın həyatı
qiymətsizdir deyərək, itkilər yenə də çox aşağıdır. Bu, onu
göstərir ki, biz mülki şəxslərə qarşı döyüşmürük. Bilirsiniz onlar
1990-cı illərdə müharibədə neçə mülki şəxsi qətlə yetiriblər?
Minlərlə, minlərlə. Xocalı soyqırımında onlar 63-ü uşaq, 106-sı
qadın olmaqla, 613 günahsız insanı qətlə yetiriblər, onların yalnız
azərbaycanlı olduqlarına görə. Xocalı soyqırımı çox yaxşı tanınan
sübuta yetirilmiş faktdır.
– Siz bu qışda Dağlıq Qarabağda humanitar fəlakət
təhlükəsinin olmasını qəbul edirsiniz? Siz yaxınlaşırsınız və
tezliklə ərazini mühasirəyə almaq mövqeyində ola bilərsiniz.
İçəridəki mülki şəxslərin taleyi necə olacaq?
– Bu sual mənə yox, Paşinyana verilməlidir ki, dayansın və mən
necə dayanmağı deyirəm.
– Lakin Siz onları təcrid edə bilərsiniz. Əgər Sizin
qüvvələriniz onları təcrid etsə, onlar necə sağ
qalacaq?
– Biz onların qayğısına qalacağıq. Onların qayğısına qalacağıq.
Buna qətiyyən şübhə olmasın. Biz onları hər şeylə – ərzaqla, su
ilə, hər şeylə təmin edəcəyik. Buna şübhə olmasın. Münaqişənin ilk
saatlarında bizim bütün hərbi komandirlərimiz məndən birbaşa
göstəriş alıblar ki, mülki şəxslərin qayğısına qalınmalıdır. Siz
bizim Hadrutda tapdığımız yaşlı iki adam haqqında əhvalatı
bilirsiniz? Onların qohumları və hərbçilər onları, sadəcə olaraq,
tərk edərək qaçmışdılar. Bir qadın və bir kişi, təxminən 90
yaşlarında. Biz onları buraya, Bakıya gətirdik, xəstəxanaya
yerləşdirdik və onları Ermənistana təhvil verdik. Bilirsiniz nə baş
verdi? Həmin yaşlı kişi artıq sərhəddə, Qazaxda, buradan uzaqda
olanda, ermənilər onu qəbul etməkdən imtina etdilər. Onlar dedilər
ki, o, xəstədir, tezliklə öləcək, biz onu istəmirik. Bilirsiniz?
Onlar məhz belə etdilər. Həmin şəxs Qırmızı Xaçın himayəsi altında
xəstəxanaya yerləşdirildi və qadın onlara təhvil verildi. Əfsuslar
olsun ki, kişi öldü. Biz mülki şəxslərlə bu cür davranırıq. Ona
görə də, hazırda Dağlıq Qarabağda yaşayan həmin mülki şəxslər tam
əmin ola bilərlər ki, biz onların qayğısına qalacağıq və onlar
Azərbaycanın himayəsi altında daha yaxşı yaşayacaqlar.
– Lakin onların təxminən 90 mini artıq qaçıb. Görünür
Sizin təminatlarınız onları sakitləşdirmir.
– Bizdə olan məlumata görə, Dağlıq Qarabağda yaşayan real əhali
60-70 min nəfər olub. Bütün bu rəqəmlər çox şişirdilib. Ona görə
də, mən şübhə edirəm ki, 90 min nəfər qaça bilər, çünki maksimum 70
min nəfərdir.
– Prezident Əliyev, Sizə uzunmüddətli perspektivlə bağlı
sual verə bilərəm? Cənubi Qafqazın gələcəyini necə görürsünüz?
Buraya sülhün gəlməyini necə görürsünüz? Demək istəyirəm ki,
Azərbaycanla Ermənistan arasında nə vaxtsa sülhün olacağı günü
görürsünüzmü?
– Bəli, əgər mənim mövqeyimi soruşursunuzsa, düşünürəm ki, bu,
mümkündür. Lakin bu, təkcə məndən asılı deyil. Bu, yalnız
Ermənistan tərəfindən asılıdır. Müharibənin bu 40 günü ərzində mən
dəfələrlə demişəm ki, Cənubi Qafqazın 3 ölkəsinin birlikdə
işləyəcəyi günü görmək arzusundayam, necə ki, məsələn, biz yaxın
strateji tərəfdaşımız və dostumuz olan Gürcüstanla edirik. Baxın,
biz onlarla neçə layihə həyata keçirmişik, bizim əlaqələrimiz necə
yaxındır. Bu əlaqələr tarixi irsə, praqmatizmə, maraqlarımızın
balansına əsaslanır. Niyə Ermənistan təcrid olunub? İşğal
səbəbindən. Əgər siz, məsələn, bizim enerji və nəqliyyat
layihələrimizin xəritəsinə baxsanız görərsiniz ki, onlar
Ermənistandan yan keçir. Bizim resurslarımızı beynəlxalq bazarlara
nəql etməyimiz üçün ən qısa yol Ermənistandan keçir və biz 1990-cı
illərdə bunu onlara təklif etmişik. Biz dedik – əraziləri boşaldın,
gəlin, Ermənistan ərazisindən keçməklə Naxçıvan və sonra Türkiyəyə
daxil olan kəmər tikək, onda biz bütün ölkələrin maraqlarını
birləşdirərik, regionun bütün ölkələrini müəyyən mənada
bir-birindən asılı edərik və bu, sülhün təminatı olar. Onlar
dedilər – yox. Mən Minsk qrupu həmsədrləri vasitəsilə, – onlar bunu
təsdiqləyə bilərlər, – dəfələrlə maliyyə yardımı, Dağlıq Qarabağda
sosial proqramlar, büdcəmizdən maliyyələşmə təklif etmişəm, əgər
onlar əraziləri boşaltsalar. Onlar deyiblər – yox. Mən Dağlıq
Qarabağa muxtariyyət, dünyada mümkün olan ən yüksək muxtariyyət
təklif etmişdim. Ermənistan dedi – yox. Onlar hər şeyə “yox”
deyiblər. Beləliklə, indi baş verənlər onların günahıdır. Yeri
gəlmişkən, onların Qarabağ klanı tərəfindən devrilmiş ilk
prezidenti məqalə dərc etdirərək deyib ki, – bu, 1990-cı illərin
ortalarında olub, – azərbaycanlılar indi bizə təklif etdiklərini
bir daha təklif etməyəcəklər.
– Siz indi Dağlıq Qarabağ üçün muxtariyyət statusunu
qəbul edərsiniz?
– İndi mən bu barədə danışmamağa üstünlük verirəm. Çünki indi
yerində vəziyyət dəyişib. Lakin mən bunu dəfələrlə təklif etmişdim
və ermənilər bunu rədd etdilər.
– Beləliklə, Siz indi Dağlıq Qarabağ üçün nə
istəyirsiniz?
– Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. O, hər hansı
başqa rayon kimi Azərbaycanın bir hissəsi olaraq qalacaq. Bu, yenə
də Ermənistan hökumətinin necə davranacağından asılı olacaq.
Onların məntiqli olması üçün hələ də çox gec deyil. Onların
danışıqlar masasında daha çox şey əldə etmələri üçün hələ də çox
gec deyil. Çünki biz digər şəhər və kəndlərə nəzarəti ələ
keçirəndən sonra danışılacaq bir şey qalmayacaq. Beləliklə, onlar
vaxt itirirlər. Əgər onlar məntiqli davransalar, biz bəzi
özünüidarəetmə formaları üzərində işləyə bilərik. Biz bunun
əleyhinə deyilik. Lakin onlar Azərbaycanın ərazi bütövlüyünü
pozmamalıdır. Onlar İtaliya, İsveç və Finlandiya kimi Avropa
ölkələrinin öz aralarında sahib olduğu ən yaxşı təcrübəyə
əsaslanmalıdır. Niyə bundan fərqli olmalıdır? Sonra əlbəttə ki,
regiona sülh gələcək. Zənnimcə, səmimi desək, Ermənistanın bu baş
naziri ilə sülh üçün hər hansı imkanın olduğunu düşünmürəm.
Ermənistanda hökumət dəyişməli, məntiqli insanlar, qan axıdılması
və hərbi cinayətlərlə əlaqəsi olmayan insanlar gəlməlidirlər və
sonra düşünürəm ki, birgə addımlarla biz Cənubi Qafqazda
Azərbaycan, Gürcüstan və Ermənistan arasında Sovet İttifaqı
dövründə mövcud olmuş əməkdaşlığın yeni formatını yarada bilərik.
Bizim dost münasibətlərimiz var idi. Biz birlikdə yaşayırdıq.
– Sülh naminə Sizin təklif edə biləcəyiniz hər hansı bir
kompromis varmı? Sizin indi verməyə hazır olduğunuzu söyləyə
biləcəyiniz nəsə varmı?
– Digər tərəf kompromis arzulamadığı halda, mən kompromis təklif
edə bilmərəm. Bilirsiniz, bu müddət ərzində Ermənistanın baş naziri
də bir neçə dəfə xarici jurnalistlərə müsahibə verib. Rusiya
televiziyasında bir veriliş var. Onlar eyni sualı mənə də, ona da
verdilər. Məndən kompromis barədə soruşanda, mən sizə söylədiyimi
dedim. Ondan 3 dəfə kompromis barədə soruşanda o dedi – Dağlıq
Qarabağda yaşayan ermənilər üçün öz müqəddəratını təyinetmə. Amma
bu, kompromis deyil. Onlar hansı kompromisə getməyə hazırdırlar?
Yeri gəlmişkən, bu gün onların kompromisə getmək imkanları azalır.
Çünki biz həmin əraziləri güc yolu ilə geri qaytarırıq. Bizim
kompromis hələ də masanın üzərindədir. Lakin əgər biz bütün
əraziləri geri qaytarsaq, 100 faiz zəmanət yoxdur ki, bu, masada
olacaq. Onda biz nə barədə danışacağıq? Beləliklə, hazırda
Ermənistanın baş naziri üçün, onun özü üçün ən yaxşısı odur ki,
mənə qulaq assın, açıq şəkildə desin ki, “Biz Ağdamı, Kəlbəcəri və
Laçını boşaldırıq”, biz dayanarıq, atəşkəs olar, əgər onlar onu
yenidən pozmasalar və biz sizin qeyd etdiyiniz məsələlərə – status,
muxtariyyət, mədəni muxtariyyət, icma və digərlərinə geri
qayıdarıq. Biz ədalətli ola bilərik. Mən həmişə xalqımıza düz
danışıram. Bu gün vəziyyət dəyişib. Ona görə də, mənim bir il
bundan əvvəl, iki il bundan əvvəl onlara təklif etdiyim, ola bilsin
ki, etibarsızdır. Lakin bu barədə danışmaq tezdir.
– Sizin sülh yolu ilə həllə ümidiniz varmı?
– Bəli, ümidim var. Çünki indi mənim ümidim bizim döyüş
meydanındakı uğurumuza əsaslanır. Mənim ümidim Ermənistanın
konstruktiv mövqeyinə əsaslanmır. Çünki bizim döyüş meydanında
gördüklərimiz, Füzulidə, Cəbrayılda gördüklərimiz, biz gördük ki,
onlar əraziləri boşaltmağı planlaşdırmırdılar. Onlar bizə yalan
danışırdılar. Onlar Minsk qrupunun həmsədrlərinə yalan
danışırdılar. Çünki onlar o istehkamlara o qədər vəsait yatırıblar
ki, oraları heç vaxt boşaltmazdılar. Buna görə Füzuliyə nəzarəti
ələ almaq bizim çox vaxtımızı apardı. Sonra biz Araz çayı boyu
Ermənistanla dövlət sərhədinə doğru hərəkət edəndə bir neçə kənddə
çox şiddətli toqquşmalar oldu. Bu müdafiəni yarmaq bir neçə gün
vaxtımızı aldı.
-Prezident Əliyev, icazənizlə mən Sizə BBC-nin
Azərbaycan xidməti adından sual vermək istəyirəm. Əgər öz dilinizdə
cavab verməyə şad olsanız, düşünürəm ki, onlar çox şad olarlar. Bu
münaqişədən sonra burada, Azərbaycan xalqı üçün necə gələcək
görürsünüz. Bəziləri deyər ki, bilirəm Siz razılaşmazsınız, lakin
bəziləri deyər ki, bu, hələ də tam azadlığı, tam insan haqları
olmayan cəmiyyətdir. Əgər münaqişə bitərsə, Siz sülhün dividend
gətirəcəyini görürsünüzmü? Düşünürsünüzmü ki, cəmiyyət onları
düşündürən Dağlıq Qarabağ məsələsini geridə qoyacaq? Burada hansı
gələcəyi görürsünüz.
-Mən hesab edirəm ki, ölkəmizin gələcəyi çox parlaq olacaq. Biz
son illər ərzində çox böyük uğurlara imza atmışıq. Ölkəmizin həm
siyasi, həm iqtisadi sahələrdə uğurları bu gün beynəlxalq
təşkilatlar tərəfindən də qəbul edilir. Beynəlxalq arenada böyük
uğurlar əldə edilib. Azərbaycan bu gün çox güclü bir ölkəyə
çevrilib. Ölkə daxilindəki bütün məsələlər öz həllini tapır.
Əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ölkəmizə yeni nəfəs
verəcək. İnsanlar, ilk növbədə, öz dədə-baba torpaqlarına
qayıdacaqlar, öz yaxınlarının qəbirlərini ziyarət edə biləcəklər.
Azərbaycan dövləti mütləq bu işlərdə onlara maksimum kömək
göstərəcək. Biz işğaldan azad edilmiş torpaqları yenidən quracağıq,
evlər, inzibati binalar, məktəblər tikiləcək. Beləliklə, ölkəmiz
üçün yeni bir dövr başlanacaq. Bu yeni dövr böyük imkanlar açacaq,
təkcə iqtisadi sahədə yox, eyni zamanda, siyasi münasibətlər
sahəsində hesab edirəm ki, müsbət meyillər daha da güclənəcək.
Azərbaycan beynəlxalq arenada öz rolunu daha da artıracaq.
Azərbaycana olan hörmət daha da artacaq ki, biz güclü dövlət kimi
öz ərazi bütövlüyümüzü, ədaləti və beynəlxalq hüququ bərpa edirik.
Beləliklə, ölkəmizin gələcək inkişafı əminəm ki, çox uğurlu olacaq.
Biz bu günə qədər qarşımızda duran bütün vəzifələrə uğurla
çatmışıq. Bəyan etdiyim bütün hədəflərə çatmışıq. Ərazi
bütövlüyümüzün bərpası, torpaqlarımızın qaytarılması mənim
Prezident kimi başlıca vəzifəm idi. Mən şadam ki, bu vəzifənin
öhdəsindən də şərəflə gəlirəm və Azərbaycan xalqının dəstəyi,
zəhməti və cəsarəti hesabına biz torpaqlarımızı qaytarırıq.
Azərbaycan xalqının fədakarlığı bir daha onu göstərir ki, biz böyük
xalqıq, biz birlik nümayiş etdirmişik və bu birlik bizi daha da
gücləndirəcək, ölkəmizi daha da qüdrətli ölkəyə çevirəcəkdir.

