Macarıstan ABŞ-dan HIMARS raket sistemi və digər silahlar almağı planlaşdırır

Baş səhifə

Bakı. Trend:

Macarıstan hökuməti ABŞ-dən HIMARS çoxnövlü raket sistemi və
digər müasir silahlar almağı planlaşdırır.

Trend xəbər verir
ki, bu barədə Baş nazir Viktor Orbanı Vaşinqtona müşayiət edən
müdafiə naziri Kriştof Szalay-Bobrovnitski məlumat verib.

Budapeştə qayıdarkən macar jurnalistlərə müsahibəsində o
bildirib ki, HIMARS sistemi ölkənin silahlı qüvvələrinin növbəti 10
il üçün inkişaf planına uyğun satınalma siyahısında yer alır. Nazir
əlavə edib ki, bu sistem Macarıstanın strateji imkanlarını
genişləndirmək potensialına malikdir.




Jurnalistlər ona xatırladıblar ki, əvvəllər Macarıstanın ABŞ-dən
20-24 ədəd HIMARS almaq niyyətində olması barədə mediada məlumatlar
yayılmışdı. Szalay-Bobrovnitski təsdiqləyib ki, təklif olunan
müqavilə təxminən həmin məbləğə bərabərdir.

O, Pentaqonda Amerika silahlarının alınması ilə bağlı danışıqlar
apardığını, lakin ABŞ Konqresi də daxil olmaqla müxtəlif icazələrin
tələb olunduğu üçün bu danışıqların yaxın zamanda Macarıstanda
nəticələnməyəcəyini bildirib.