
Bakı. Trend:
Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin
təşkilatçılığı ilə Seulda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş
təntənəli tədbir keçirilib.
Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.
Səfir Ramin Həsənov 44 günlük Vətən müharibəsində qazandığımız
şanlı Qələbənin Azərbaycana qarşı tarixi ədalətsizliyə son qoymaqla
yanaşı, regionda sülhün əldə olunmasına yol açdığını bildirib. Qeyd
edib ki, dünya birliyinin 30 ildən çox göz yumduğu işğal və
cəzasızlıq mühiti, eləcə də beynəlxalq hüququn pozulması yalnız
xalqımızın möhkəm iradəsi və fövqəladə qəhrəmanlığı ilə aradan
qaldırılıb. Bu yolda minlərlə azərbaycanlının öz canını qurban
verdiyini vurğulayan səfir şəhidlərimizə rəhmət və qazilərimizə
şəfa diləyib.
Diplomat 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik
İli” olaraq qeyd edildiyini vurğulayaraq, məhz Vətən müharibəsində
qazanılmış şanlı Qələbənin ölkəmizin ərazi bütövlüyünü təmin
etdiyini və suverenliyimizin bütün ölkə ərazisində bərpasına imkan
yaratdığını diqqətə çatdırıb.
Prezident İlham Əliyevin BMT-nin Baş Assambleyasının son iclası
zamanı səsləndirdiyi “Biz həm müharibəni udduq, həm də sülhü
qazandıq” fikrini sitat gətirən səfir Ermənistan və Azərbaycan
arasında münaqişənin başa çatmasından sonra ölkəmizin və bütövlükdə
regionun yeni mərhələyə qədəm qoyduğunu qeyd edib. Sülh
danışıqlarının gedişatından bəhs edən diplomat bu xüsusda
Azərbaycan Prezidentinin tarixi Vaşinqton səfəri zamanı əldə
edilmiş nəticələri vurğulayıb. Ramin Həsənov sülh gündəliyimizin
digər məsələlərinə toxunub, torpaqlarımızın minalanması probleminin
ağır fəsadları, itkin düşmüş soydaşlarımızın taleyinə aydınlıq
gətirilməsi, Qərbi Azərbaycan İcmasının hüquqlarının bərpası kimi
çağırış və çətinliklərdən bəhs edib.
Ermənistanın işğalı zamanı viran edilmiş ərazilərimizin
bərpasından danışan diplomat bu istiqamətdə əldə olunmuş uğurları
qeyd edib, “Böyük Qayıdış” proqramı çərçivəsində 50 mindən çox
keçmiş məcburi köçkünün geri döndüyünü diqqətə çatdırıb.
Səfir, həmçinin ölkəmizdə böyük Azərbaycan bəstəkarı Üzeyir
Hacıbəylinin anadan olmasının 140 illik yubileyinin qeyd edilməsinə
toxunub. O, tədbirin həsr olunduğu Zəfər Gününün dahi musiqiçinin
Vətəni, Azərbaycanın “musiqi paytaxtı” Şuşa şəhərinin işğaldan azad
edilməsi ilə bağlı olduğunu diqqətə çatdırıb.
Sonra Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbir koreyalı ifaçılardan ibarət musiqi qrupunun Azərbaycan və
dünya musiqisinin nümunələrindən, o cümlədən Üzeyir Hacıbəylinin
məşhur əsərlərindən ibarət konsert proqramı ilə davam edib.
Qonaqlara Azərbaycana dair çap materialları təqdim olunub.
Tədbirdə Koreyanın dövlət qurumlarının, siyasi, iqtisadi, elmi,
mədəni dairələrinin nümayəndələri, jurnalistlər, Seuldakı
diplomatik korpusun təmsilçiləri, Azərbaycan diasporunun fəalları
və bu ölkədə təhsil alan tələbələr iştirak ediblər.

