Azərbaycanı ucaldan, xalqımızı məğrur edən, gələcəyimizə işıq salan Zəfər

Baş səhifə

Bakı. Trend:

Torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən
Vətən müharibəsinin başa çatmasından 5 il ötür. 2020-ci il
sentyabrın 27-də başlanan və noyabrın 10-da Ermənistanın
kapitulyasiya etməsi ilə başa çatan bu savaş Azərbaycan xalqının
əyilməz ruhunu, dövlətimizin gücünü dünyaya nümayiş etdirdi. Bu
savaşda qazanılan şanlı Zəfər möhtərəm Prezidentimiz, Müzəffər Ali
Baş Komandan İlham Əliyev cənablarının yürütdüyü qətiyyətli
siyasətin ən möhtəşəm təntənəsinə çevrildi.

Azərbaycan xalqı hər zaman böyük əminliklə inandı ki,
torpaqlarımız işğaldan mütləq azad ediləcək. Bu inamın və əminliyin
əsasında dayanan siyasi-mənəvi amil Ulu Öndər Heydər Əliyev
tərəfindən müəyyən edilən və Prezident İlham Əliyev tərəfindən
qətiyyətlə davam etdirilən siyasət idi. Cənab İlham Əliyev
respublikamıza rəhbərlik etdiyi ilk gündən torpaqlarımızın işğaldan
azad olunması istiqamətində məqsədyönlü fəaliyyət həyata keçirdi.
Silahlı Qüvvələrimizin döyüş imkanları, ordumuzun şəxsi heyətinin
peşəkarlığı artırıldı, yeni hərbi birliklər yaradıldı.

Torpaqlarımızın işğaldan azad olunmasına hesablanan fəaliyyət
yalnız ordumuzun döyüş qabiliyyətinin yüksəldilməsi ilə
yekunlaşmadı, eyni zamanda siyasi sferada mühüm addımlar atıldı,
respublikamızın beynəlxalq birlikdəki mövqeləri daha da
möhkəmləndirildi. Hücum diplomatiyası yürüdülərək, Ermənistanın
işğalçı siyasəti bütün siyasi platformalarda ifşa edildi. Eyni
zamanda iqtisadi yüksəlişə nail olunması Azərbaycanın dünyada
nüfuzunu artırdı, beynəlxalq miqyasda uğurlarımıza yol açdı və
Ermənistanın siyasi-diplomatik küncə sıxışdırılmasını
şərtləndirdi.

Cənab Prezident İlham Əliyev hər zaman çıxışlarında bəyan edirdi
ki, sülh danışıqları nəticəsiz qalarsa, Azərbaycan öz ərazilərinin
müharibə yolu ilə işğaldan azad edəcək. 2020-ci il sentyabrın 27-də
Ermənistanın hərbi təxribatlarından sonra başlanan İkinci Qarabağ
savaşı Prezident İlham Əliyevin bu sözlərinin təsdiqi oldu. Silahlı
Qüvvələrimizin «Dəmir yumruq» adını alan əks hücum əməliyyatı
müharibənin ilk saatlarından torpaqlarımızın işğaldan azad edilməsi
ilə nəticələndi. Bir-birinin ardınca kəndlərimizin, rayonlarımızın,
və şəhərlərimizin azad olunması dövlətimizin gücünü, ordumuzun
yüksək döyüş qabiliyyətini, xalqımızın milli birliyini dünyaya
nümayiş etdirdi.

Bu müharibədə Azərbaycan xalqı və dünya bir daha Prezident İlham
Əliyevin dəmir iradəsini, yenilməz qətiyyətini, vətənpərvərliyini
gördü. Dövlətimizin başçısı yüksək diplomatiyası ilə ölkəmizə qarşı
olan bütün xarici siyasi təzyiqləri iflasa uğratdı. Eyni zamanda,
Prezident İlham Əliyevin müharibə günlərində xalqa etdiyi
müraciətlər, xarici KİV-ə verdiyi müsahibələr Azərbaycanı
informasiya savaşının qalibinə çevirdi.

Qeyd etdiyim kimi “Dəmir yumruq” əməliyyatının ilk saatlarından
cəbhə xəttindən qələbə xəbərlər gəldi. Prezident İlham Əliyevin
böyük sevinclə xalqımıza çatdırdığı zəfər müjdələri, Cəbrayılın,
Suqovuşanın, Hadrutun, Zəngilanın, Qubadlının, o cümlədən Şuşa,
Xocalı, Laçın və Ağdərə rayonlarının bir sıra kəndlərinin işğaldan
azad olunması göstərirdi ki, tam qələbə günü uzaqda deyil. Zəfər
müjdələri həm də müharibə günlərində xalqımızın və ordumuzun
mübarizliyini daha da gücləndirən, cəmiyyətimizin ovqatını məhz
qalibiyyət ruhunda kökləyən mühüm siyasi-mənəvi faktorlar kimi
özünü göstərdi.

Cənab Prezident İlham Əliyev Vətən müharibəsi günlərində
xalqımıza növbəti və həm də səbirsizliklə gözlənilən xoş müjdəni
noyabr ayının 8-də çatdırdı. Həmin gün Şuşa şəhərinin işğaldan azad
edilməsi müharibənin taleyini müəyyən edən mühüm hərbi hadisə oldu
və məhz bundan sonra Ermənistanın kapitulyasiya etməkdən başqa yolu
qalmadı. 8 noyabr tarixi isə təqvimə Zəfər Günü kimi yazıldı.

44 gün davam edən bu savaşda Azərbaycan Ermənistana tarixi boyu
unutmayacağı layiqli cəzanı verdi. Cənab Prezident İlham Əliyevin
Ali Baş Komandanlığı ilə ordumuz işğalçı dövləti döyüş meydanında
məğlub edərək xalqımıza Zəfər sevincini yaşatdı. 2020-ci il noyabr
ayının 10-da Azərbaycanın şərtləri əsasında imzalanan Üçtərəfli
bəyanat isə respublikamızın siyasi-hərbi qələbəsi oldu. Üçtərəfli
bəyanata əsasən Ağdam, Kəlbəcər və Laçın rayonları da işğaldan azad
edildi.

Torpaqlarımızın işğaldan azad olunmasının əsasında möhtərəm
Prezident İlham Əliyev cənablarının müdrik və uzaqgörən siyasi
kursu dayandı. «Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu
mən bilirəm»
– deyən Prezident İlham Əliyev 44 günlük
Vətən müharibəsində sərkərdə qətiyyəti ilə tarixi ədaləti bərpa
etdi. Bu qələbə Azərbaycanı ərazi bütölüyünün fonunda həm də
beynəxalq hüququn müddəalarının icrasının təntənəsi kimi tarixə
həkk olundu.

Müharibədən ötən 5 ilin mənzərəsi də Prezident İlham Əliyevin
milli maraqları rəhbər tutan qətiyyətli siyasi kursundan,
dövlətimizin qüdrətindən xəbər verir. Bunun ən böyük nümunəsi
2023-cü ilin antiterror əməliyyatları nəticəsində Qarabağda erməni
separatizminə son qoyulmasıdır. Artıq Qarabağda Azərbaycanın
konstitusiuon əsasları və milli ərazi suverenliyi tam təmin
olunub.

Ötən 5 ildə Azərbaycanın nail olduğu əsas siyasi-diplomatik uğur
isə ərazilərimizin işğaldan azad olunması və Qarabağda erməni
separatizminə son qoyulması nəticəsində yaranan reallıqların
beynəlxalq birlik tərəfindən qəbul edilməsidir. Dünya erməniliyinin
siyasi mərkəzləri kimi tanınan dövlətlər belə Azərbaycanın
yaratdığı yeni reallıqları artıq qəbul edirlər. Çünki başqa yolları
da yoxdur.

5 ildə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən möhtəşəm
bərpa və quruculuq işləri isə Azərbaycanın qüdrətinin növbəti
təcəssümüdür. Hazırda Azərbaycan Lüksemburq dövlətinin ərazisindən
4 dəfə böyük olan Qarabağ və Şərqi Zəngəzuru tamamilə yenidən
qurur. Ən əsası odur ki, işğaldan azad edilmiş ərazilərimizdəki
bərpa və yenidənqurma işləri yalnız Azərbaycan dövlətinin öz
maliyyə imkanları hesabına həyata keçirilir.

Xalqımız hər il 8 noyabr Zəfər gününü böyük qürurla qarşılayır,
şəhidlərimizi ehtiramla yad edir. Vətən müharibəsində qazanılan
zəfər Azərbaycanın yalnız hərbi uğuru deyil. Bu Zəfər Azərbaycanın
dövlətçilik salnaməsinə qızıl hərflərlə həkk olunan, xalqımızı
məğrur və başıuca edən, gələcəyimizə işıq salan bir möhtəşəm
hadisədir. Milli kimliyimizi dünyaya tanıdan bir tarixi irs daim
fəxr mənbəyimiz olacaq. Azərbaycan xalqı bu Zəfərlə hər zaman qürur
duyacaq.

Xanlar Fətiyev,
Milli Məclisin deputatı