
Bakı. Trend:
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin
inzibati binasında Qarabağda tarixi qələbəmizin beşinci ildönümünə
həsr edilən “Zəfərimiz dünyada” adlı təntənəli tədbir
keçirilib.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat
verilib.
Tədbirdə komitənin rəhbər heyəti, əməkdaşlar, ictimaiyyət və
media təmsilçiləri, şəhid ailələrinin üzvləri, diaspor
nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, ölkəmizin
ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərin əziz
xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış üçün ilk söz şəhid polkovnik-leytenant Anar
Əliyevin qızı Nigar Əliyevaya verilib və o, Zəfərimizin 5-ci ilində
keçirdiyi qürur hissini bölüşüb, atasının ruhunun şad olduğunu qeyd
edib.
“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında
rəşadətli Azərbaycan Ordusunun Qarabağda qazandığı qələbə
tariximizin ən parlaq qələbəsidir. Qələbəmiz dünya
azərbaycanlılarının qürur mənbəyinə çevrilib, onları daha sıx
birləşməyə, haqq səsimizin beynəlxalq ictimaiyyətə çatdırılması
üçün daha əzmkar olmağa sövq edib” – bu fikirləri səsləndirən
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov xaricdəki
Azərbaycan icmalarının müharibə və postmüharibə dövründəki
fəaliyyətindən danışıb. Diqqətə çatdırılıb ki, zəfərimizin 5
illiyində xarici ölkələrdə onlarla tədbir, irimiqyaslı kampaniya
keçirilir, diasporun fəaliyyəti dövlətimizin siyasi xətti ilə
harmoniya təşkil edir.
Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini, ictimai
xadim, filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü
Rafael Hüseynov çıxışında Vətən müharibəsində qazanılan qələbəni
xalqımızın mənəvi gücünün və tarixi ədalətin bərpasının təntənəsi
adlandırıb.
II Qarabağ müharibəsinin iştirakçısı, kapitan Mahur Həmidov,
Xalq artisti Fəxrəddin Manafov, Xalq artisti Yalçın Adıgözəlov,
A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, tarix üzrə elmlər
doktoru, professor Mais Əmrahov, “Zəfər” İctimai Birliyinin sədri
Sevinc Orucova, “Qarabağa səyahətim” kitabının müəllifi, uzun
müddət Azərbaycanda yaşamış Nik Noulisa çıxış edərək Zəfər Gününü
birliyimizin, dövlət-xalq həmrəyliyinin rəmzi adlandırıblar.
Çıxışlarda şəhid ailələrinin, qazilərin cəmiyyətimizdə
göstərdikləri nümunəvi rola da diqqət çəkilib.
Tədbirdə dövlət başçısının çıxışlarının, xaricdəki Azərbaycan
icmalarının müharibə və postmüharibə dövründəki fəaliyyətinin,
görkəmli diaspor nümayəndələrinin təbriklərinin yer aldığı
“Zəfərimiz dünyada” adlı videoçarx, həmçinin “Şəhidə məktub”
sənədli filmi nümayiş olunub.
“Zəfərimiz dünyada” adlı tədbir çərçivəsində Azərbaycan diasporu
adından şəhid övladlarına hədiyyələr təqdim olunub, şəhid
ailələrinə göstərilən maddi yardımlar barədə məlumat verilib.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi, ADDF və
xaricdəki Azərbaycan icmaları hər zaman şəhid ailələrini diqqət
mərkəzində saxlayır, onlara maddi-mənəvi dəstək göstərir, şəhid
uşaqları mütəmadi olaraq komitənin müxtəlif layihələrinə cəlb
olunurlar.

