
Bakı.Trend:
“AzərEnerji” ASC Böyük Zəfərin 5 illiyi münasibətilə
respublikanın bir sıra bölgələrində — Mingəçevir, Naxçıvan, Qarabağ
və digər ərazilərdə silsilə tədbirlər təşkil edib, şəhidlərin
məzarı ziyarət olunub. Zəfər ruhunu əks etdirən bu tədbirlərin əsas
mərhələsi Səhmdar Cəmiyyətin Baş İdarəetmə Kompleksində yerləşən
500 nəfərlik Energetiklərin Mədəniyyət Mərkəzində baş tutub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin
səsləndirilməsi, ulu öndər Heydər Əliyevin və Vətən uğrunda
canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla
anılması ilə başlayıb. Ardınca Prezident İlham Əliyevin tapşırığı
əsasında “AzərEnerji” tərəfindən azad edilən ərazilərdə son beş
ildə görülən işlərə həsr olunmuş “İşığın qayıdışı” filmi nümayiş
olunub.
“AzərEnerji” ASC-nin sədri Baba Rzayev tədbirdə çıxış edərək
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə
qazanılan tarixi Zəfərin əhəmiyyətindən danışıb. O vurğulayıb ki,
44 günlük Vətən müharibəsində Azərbaycanın otuz ilə yaxın işğal
altında olan torpaqlarını azad etməsi, Şuşada üçrəngli bayrağımızın
dalğalanması xalqımızın ən şanlı tarix səhifələrindən biridir.
Böyük Zəfərdən keçən 5 il ərzində görülən quruculuq işlərindən
danışan Baba Rzayev bildirib ki, Cənab Prezidentin tapşırığı ilə
“AzərEnerji” ASC də bu müqəddəs missiyada iştirak edib. – “Müharibə
bitdikdən sonra Cənab Prezidentin energetiklərə verdiyi tapşırıq,
dəqiq və aydın idi – azad edilən əraziləri ən qısa zamanda enerji
ilə təmin etmək və bu torpaqları 100 faiz “yaşıl enerji” zonasına
çevirmək. Bu gün artıq bütün azad edilmiş rayonlarda Azərbaycan
işığı yanır. Cəmi beş il ərzində “AzərEnerji” tərəfindən 12 yerdə
330 və 110 kilovoltluq yarımstansiyalar inşa edilib, 1000
kilometrdən çox ötürmə xətti çəkilib, bölgənin dairəvi enerji
təchizatı sistemi qurulub. Bundan əlavə, rəqəmsal idarəetmə
mərkəzləri yaradılıb və müasir innovativ texnologiyalar tətbiq
olunub”.
Baba Rzayevin sözlərinə görə ölkə başçısının tapşırığı ilə
Qarabağ və Şərqi Zəngəzurda ümumi gücü 307 meqavat olan 38 su
elektrik stansiyası tikilib. Onların sırasında 42 meqavatlıq
“Zəngilan SES”-lər silsiləsi və 22,5 meqavatlıq “Yuxarı Vəng” SES
kimi strateji obyektlər də yer alır. Bu stansiyalardan 14-ü
Kəlbəcərdə, 11-i Laçında, 9-u Ağdərədə, 4-ü isə Zəngilanda
yerləşir.
Baba Rzayev bildirib ki, hazırda bölgənin enerji tələbatı tam
şəkildə bu stansiyalarda istehsal olunan “yaşıl enerji” vasitəsilə
ödənilir və istehsal olunan enerjinin artıq qalan 60 faizi ölkənin
ümumi enerji sisteminə ötürülür. Bu ərazilərdə istehsal olunan
“yaşıl enerji”nin maya dəyəri digər stansiyalarla müqayisədə 3–5
dəfə aşağıdır.
Beş il ərzində bu stansiyalarda 1,5 milyard kilovat-saat
elektrik enerjisi istehsal edilib, nəticədə 335 milyon kubmetr
təbii qaza qənaət olunub, 620 min ton karbon qazının atmosferə
atılmasının qarşısı alınıb. Ümumilikdə, azad edilmiş ərazilərdə
50-dən çox enerji obyekti – 12 yarımstansiya və 38 su elektrik
stansiyası inşa edilib, daha 8 yeni stansiyanın tikintisinə
başlanılıb.
Tədbirdə çıxış edən digər natiqlər də Böyük Zəfərin və onun
ardınca həyata keçirilən bərpa prosesinin dövlətimizin qüdrətini və
xalqımızın birliyini göstərdiyini vurğulayıblar.
Sonda 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərmiş
“AzərEnerji” əməkdaşlarına hədiyyələr təqdim olunub, tədbir bayram
konserti ilə başa çatıb.
Sonda onu da qeyd edək ki, “AzərEnerji”də çalışan 700-dən artıq
şəhid ailələri, qazilər, birinci və ikinci Qarabağ mügaribələrində
iştirak edən əməkdaşlara Səhmdar Cəmiyyət tərəfindən pul mükafatı
verilib.

