
Bakı.Trend:
Hərbi Prokurorluqda Silahlı Qüvvələrin müxtəlif qoşun növlərinin
Vətən müharibəsinin iştirakçısı olmuş bir qrup hərbi qulluqçusunun
iştirakı ilə 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş
tədbir keçirilib.
Bu barədə Trend-ə Hərbi Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, öncə Ulu öndər Heydər Əliyevin büstü önünə gül
dəstələri qoyulub, dahi liderin əziz xatirəsi ehtiramla yad
edilib.
Daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla
yad olunub, Dövlət Himni səsləndirilib.
Tədbiri açıq elan edən Azərbaycan Respublikasının Baş
prokurorunun müavini – Hərbi prokuror Bəhruz Əhmədov Zəfər bayramı
münasibətilə xalqımızı, o cümlədən hərbi qulluqçuları və Hərbi
prokurorluğun kollektivini təbrik edib, tarixi zəfərin
qazanılmasında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin
əvəzsiz rolundan, habelə döyüşlərdə hərbiçilərimizin şücaətindən
danışıb.
Vurğulanıb ki, prokurorluq orqanları, o cümlədən hərbi
prokurorluq əməkdaşları həmin günlərdə təkcə hüququ və ədaləti
qorumaqla kifayətlənməyib, eyni zamanda vətəndaşlıq və insanlıq
borcunu layiqincə yerinə yetirib, Vətən sevgisi nümayiş
etdirib.
Daha sonra “Şəhidə məktub” adlı film nümayiş etdirilib.

