Azərbaycan – BƏƏ Birgə Biznes Şurasının həmsədrlərinin ilk iclası keçirilib (FOTO)

Baş səhifə

Bakı.Trend:

Azərbaycan – Birləşmiş Ərəb Əmirlikləri Birgə Biznes Şurasının
həmsədrlərinin ilk iclası keçirilib.

Tədbirdə Biznes Şuranın ilk iclasına hazırlıq işləri, hər iki
ölkənin biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi
imkanları, birgə layihələrin icrası müzakirə edilib.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarja şəhərində Azərbaycan –
BƏƏ Birgə Biznes Şurasının həmsədrləri – Kiçik və Orta Biznesin
İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov
və BƏƏ-nin Ticarət və Sənaye Palataları Federasiyasının sədr
müavini və Şarja Ticarət və Sənaye Palatasının (SCCI) sədri
Abdullah Əl-Uveys görüşüblər. Görüşdə həmçinin KOBİA və müvafiq
palataların nümayəndələri, iş adamları iştirak ediblər.




Görüşdə Biznes Şuranın ilk iclasına hazırlıq işlərinə, eləcə də
hər iki ölkənin biznes dairələri arasında əməkdaşlığın
genişləndirilməsi imkanlarına, birgə layihələrin icrasına dair
müzakirələr aparılıb. Sənaye, kənd təsərrüfatı, turizm, logistika
və İKT kimi Azərbaycan üçün prioritet sahələrdə Biznes Şuranın
potensialından geniş istifadə olunması qeyd edilib. KOB-ların
rəqəmsal və yaşıl keçidinin təşviqi istiqamətində görülən işlərin
bu sahələrdə qarşılıqlı investisiya qoyuluşlarını aktuallaşdırdığı
diqqətə çatdırılıb.

Qeyd edək ki, Azərbaycan – BƏƏ Birgə Biznes Şurasının
yaradılması haqqında 2025-ci ildə KOBİA və Birləşmiş Ərəb
Əmirliklərinin Ticarət və Sənaye Palataları Federasiyası arasında
Anlaşma Memorandumu imzalanıb. Biznes Şurasının yaradılmasında
məqsəd hər iki ölkənin biznes dairələri arasında əməkdaşlığı təşviq
etməklə ticarət, investisiya, sənaye kimi sahələrdə əlaqələri
genişləndirməklə ölkələrimiz arasında iqtisadi münasibətlərin
inkişafına töhfə verməkdir.

KOBİA və BƏƏ-nin Ticarət və Sənaye Palataları Federasiyası
arasında ikitərəfli görüş də keçirilib. Görüşdə palata ilə
əməkdaşlıq məsələləri, hər iki qurumun imkanlarından bizneslər
arasında əlaqələrin inkişafında istifadə məsələləri nəzərdən
keçirilib.