
Bakı. Trend:
Azərbaycan yeganə ölkədir ki, biz ana dilimizin içərisinə yad
sözlər qatanda düşünürük ki, daha savadlı görünürük.
Trend xəbər
verir ki, bunu bu gün “Mediada Azərbaycan ədəbi dilinin
normalarının düzgün tətbiqi” konfransı çərçivəsində keçirilən
“Televiziya və radio məkanında Azərbaycan ədəbi dilinin normalarına
əməl olunması vəziyyəti və nitq mədəniyyəti” mövzulu panel
sessiyada Mətbuat Şurası sədrinin müavini Səadət Məmmədova
deyib.
O bildirib ki, nitq mədəniyyəti bizim orta təhsil bazamızda
yoxdur.
“Biz indi internet dilində danışan bir nəsil ilə üz-üzəyik.
Sosial media dili ilə efir dili arasında sərhədlər çox böyükdür.
Bizim efirdə Azərbaycan dilində danışanda onu köhnə dəb
adlandırırlar”,- deyə o əlavə edib.
Səadət Məmmədovanın sözlərinə görə, ilkin təhsil həm də
danışmağı öyrətməlidir.
“Mən “həsəd” və “həsrət” sözünü bir-birindən fərqləndirə bilməyə
gənclər görmüşəm və təəccüblənmişəm ki, o bunu necə bilməyə bilər.
Azərbaycan yeganə ölkədir ki, biz ana dilimizin içərisinə yad
sözlər qatanda düşünürük ki, daha savadlı görünürük”.
“Efir dili həm də mədəniyyət formalaşdırır. Dil vətənin səsidir.
Vətənin özünü ifadə formasıdır və o bizim səsimizdən çıxır”, – deyə
o vurğulayıb.

