
Bakı. Trend:
Prezident İlham Əliyevin Azərbaycan dilinin təmizliyi və
saflığının, ədəbi dilin qorunub saxlanmasının vacibliyi ilə bağlı
dəyərli fikirləri, habelə 10 il əvvəl qaldırdığı bu məsələyə
yenidən diqqət çəkməsi dövlət rəhbərliyinin bu sahəyə nə qədər
həssas yanaşdığını və necə önəm verdiyini göstərir. Bu, son 10 ildə
görülən işlərə baxmayaraq, vəziyyətin hələ də tam qənaətbəxş
olmadığını deməyə əsas verir.
Trend xəbər
verir ki, bunu bu gün “Mediada Azərbaycan ədəbi dilinin
normalarının düzgün tətbiqi” mövzusunda konfransda Azərbaycan
Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət
təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Media ilə iş
sektorunun müdiri Kamran Həsənov deyib.
O bildirib ki, ədəbi dilin qorunması istiqamətində bir çox vacib
addımlar atılıb:
“Bu müddət ərzində Azərbaycanda qanunvericilik bazası
təkmilləşdirilib. 2002-ci ildə Azərbaycan Respublikasının “Dövlət
dili haqqında” Qanunu qəbul olunub və bununla dilin saflığının
qorunması, xarici təsirlərdən mühafizəsi üçün hüquqi çərçivə
yaradılıb. Dövlət proqramları və tədbirlər planları çərçivəsində
Azərbaycan dilinin düzgün istifadəsinə nəzarət və təşviq ilə bağlı
müxtəlif qərarlar qəbul olunub. Məktəb və universitetlərdə
Azərbaycan dilinin ədəbi normalarının öyrədilməsinə xüsusi diqqət
yetirilir”.
Kamran Həsənov qeyd edib ki, Azərbaycan dilinin beynəlxalq
müstəvidə və müxtəlif qlobal platformalarda təbliği yüksək
səviyyədə dəstəklənir:
“Lakin Azərbaycan dili qloballaşma, texnoloji inkişaf və xarici
təsirlər kimi çağırışlarla da üz-üzədir. Qloballaşma günümüzün
reallığıdır və digər sahələrdə olduğu kimi dilin özünəməxsusluğunun
qorunmasına da təsir göstərir. Düşünürəm ki, qloballaşma ilə dilin
saflığının qorunması arasında balans yaratmaq mümkündür. Yeni
terminlər dilimizin saflığına zərər də vura bilər, əksinə onu
zənginləşdirə də bilər. Mediada xarici sözlərin yersiz işlədilməsi
ədəbi dilin normalarını pozur, gənclərin dil mühitinə mənfi təsir
göstərir. Buna görə yeni terminlərin dilimizə gətirilməsində,
dilimizin zənginliyinin və orijinallığının qorunmasında medianın və
jurnalistlərin üzərinə böyük məsuliyyət düşür”.

