Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı dayanır – Kamaləddin Qafaqov

Baş səhifə

Bakı. Trend:

2020-ci ilin noyabrın 8-də Azərbaycan Ordusu misilsiz
qəhrəmanlıq göstərərək Şuşanı azad etməklə tarixin gedişatını
dəyişdi. Qarabağın mədəni, mənəvi və strateji mərkəzi olan bu
şəhərin azad olunması təkcə hərbi əməliyyat deyil, həm də xalqın
iradəsini, milli birliyini və əzmini nümayiş etdirən hadisə kimi
tarixə düşdü.

Bu sözləri Trend-ə sabah qeyd
ediləcək əlamətdar hadisə – 8 Noyabr Şuşa Şəhəri Günü ilə əlaqədar
açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O bildirib ki, bu qələbə Azərbaycan əsgərinin hünərinin, Ali Baş
Komandan, Prezident İlham Əliyevin qətiyyətinin və xalqın
birliyinin nəticəsi idi: “Dünya hərb tarixində analoqu olmayan Şuşa
əməliyyatı müasir dövrdə taktiki düşüncənin, milli ruhun və
sarsılmaz inamın təntənəsi kimi dəyərləndirilir. Bu baxımdan tam
əminliklə demək olar ki, Qarabağ Zəfərinin zirvəsində məhz Şuşa
əməliyyatı dayanır. 2021-ci ilin yanvarında dövlət başçısının
Şuşada üçrəngli bayrağımızı qaldırması Azərbaycan dövlətçiliyinin
və milli iradənin əsl təntənəsi oldu”.

Millət vəkili vurğulayıb ki, işğaldan azad edilmiş şəhərlərə
həsr olunan günlərin təsis edilməsi Azərbaycan xalqının 44 günlük
Vətən müharibəsində əldə etdiyi tarixi Qələbənin əbədiləşdirilməsi
baxımından mühüm siyasi və mənəvi hadisədir: “Ölkə Prezidentinin 31
iyul 2023-cü il tarixli Sərəncamı ilə bu istiqamətdə yeni
mərhələnin əsası qoyulub. Həmin sənədə əsasən, hər il noyabrın 8-də
ölkəmizdə Şuşa Şəhəri Günü kimi qeyd olunması milli qürur və Zəfər
təntənəsinin simvoludur. 28 illik ayrılıqdan sonra Şuşaya qayıdış
yalnız torpağın azad olunması deyil, həm də milli-mənəvi dirçəlişin
başlanğıcıdır. Qədim mədəniyyət beşiyi olan Şuşa bu gün sürətlə
inkişaf edir, burada genişmiqyaslı infrastruktur layihələri icra
olunur, tarixi-mədəni irsin bərpası istiqamətində mühüm addımlar
atılır. İşğal illərində dağıdılmış abidələr yenidən bərpa olunur,
şəhərin tarixi memarlıq siması qorunaraq müasir həyatla vəhdət
təşkil edir. Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi
bu qədim şəhərin təkcə ölkəmiz üçün deyil, həm də bütün Türk
dünyası üçün mənəvi məkan kimi əhəmiyyətini bir daha təsdiqləyir.
Bu gün Şuşa təkcə Azərbaycanın deyil, bütövlükdə regionun dirçəliş
rəmzinə çevrilib. Burada həyata keçirilən hər bir layihə həm dövlət
siyasətinin uzaqgörənliyini, həm də xalqın Zəfər ruhunu əks
etdirir”.