
Bakı. Trend:
Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq 8–11
noyabr tarixlərini əhatə edən ardıcıl istirahət günlərində ölkə
üzrə nəqliyyat axınının intensivləşəcəyi, paytaxtdan bölgələrə,
eləcə də əks istiqamətdə hərəkətin artacağı gözlənilir.
Trend
xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi hərəkət
iştirakçılarına müraciət edərək bildirir ki, qarşıdakı dörd günlük
qeyri-iş günlərində yollarda təhlükəsizliyin təmin olunması hər bir
hərəkət iştirakçısının diqqətindən və məsuliyyətindən asılıdır:
“Sürücülərdən xahiş olunur ki, yola çıxmazdan əvvəl idarə
etdikləri nəqliyyat vasitələrinin texniki vəziyyətini diqqətlə
yoxlasınlar — xüsusilə tormoz sistemi, şinlərin aşınma dərəcəsi,
işıq cihazları və şüşəsilənlərin işləkliyinə nəzarət etsinlər.
Xalqımızın birlik və qürur hissi ilə qeyd etdiyi bu əlamətdar
günlərdə hərəkət iştirakçılarına tövsiyə olunur ki:
– Hərəkət marşrutlarını əvvəlcədən planlaşdırsınlar və səfər
vaxtını elə müəyyən etsinlər ki, hərəkət rahat və təhlükəsiz
olsun;
– Uzun məsafələrə yola çıxmazdan əvvəl mütləq istirahət
etsinlər, yorğun və yuxusuz halda sükan arxasına keçməsinlər;
– Sürət həddinə ciddi riayət etsinlər, riskli manevrlərdən və
qəfil ötmələrdən çəkinərək ara məsafəsini düzgün saxlasınlar;
– Uşaqları avtomobildə təhlükəsizlik kəməri və ya uşaq
oturacağından istifadə etməklə daşısınlar;
– Spirtli içki qəbul etmiş şəxslərin sükan arxasına keçməsinin
yolverilməz olduğunu unutmasınlar.
Piyadalara da xatırladılır ki:
Yalnız müəyyən olunmuş keçidlərdən istifadə etsinlər, işıqforun
siqnallarına əməl etsinlər və xüsusilə axşam saatlarında, görmə
şəraiti zəiflədikdə geyimlərində işıq əks etdirici elementlərə
üstünlük versinlər.
Bayram günlərində BDYPİ-nin şəxsi heyəti gücləndirilmiş iş
rejimində xidmət aparacaq. Məqsəd — hərəkətin təhlükəsizliyini
təmin etmək və qəzaların qarşısını almaqdır.
Unutmayaq ki, özümüzün və sevdiklərimizin təhlükəsizliyi hər
birimizin davranışından asılıdır.
Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarına
təhlükəsiz və xoş bayram günləri arzulayır”.

