
Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarova Braziliya Federativ
Respublikasının Belem şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyası
çərçivəsində Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet
Yılmazla görüşüb.
Trend xəbər verir
ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsi məlumat yayıb.
Görüşdə ötən il COP29-un Bakıda yüksək səviyyədə təşkil
olunduğunu söyləyən Cevdet Yılmaz, COP29 zamanı mühüm qərarların
qəbul olunduğunu bildirib. O, qardaş Türkiyənin bu tədbirdə fəal
iştirak etdiyini xatırladıb.
Türkiyə Respublikasının Vitse-prezidenti 8 noyabr – Zəfər Günü
münasibətilə təbriklərini çatdıraraq, bu böyük zəfər nəticəsində
Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyini söyləyib.
Milli Məclisin sədri qeyd edib ki, dost və qardaş ölkələrimiz
arasında münasibətlər Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki
dövlət” prinsipi əsasında inkişaf edir və qardaş ölkələrimiz bütün
məsələlərdə bir-birini daim dəstəkləyir. Söhbət zamanı əlaqələrin
bu səviyyəyə gəlib çatmasında dövlət başçılarımızın müstəsna rolu
qeyd edilərək, onların şəxsi dostluğunun və qardaşlığının, siyasi
iradəsinin və qətiyyətinin münasibətlərin hazırki yüksək səviyyədə
olmasını təmin etdiyi bildirilib.
Görüşdə ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərin
Türk Dövlətləri Təşkilatı çərçivəsində də əməkdaşlığın, o cümlədən,
təşkilatın daha da gücləndirilməsinə töhfə verdiyi diqqətə
çatdırılıb. Eyni zamanda, bu əlaqələrin fonunda
Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli zirvəsinin önəmi qeyd
edilib.
Tərəflər ikitərəfli münasibətlərin daha da dərinləşməsində
parlamentlər arasında dialoqun vacib əhəmiyyət kəsb etdiyini
vurğulayaraq, bu mənada qardaş ölkələrimizin qanunvericilik
orqanları arasında əlaqələrin də yüksək səviyyədə olmasından
məmnunluqlarını bildiriblər.
Söhbət zamanı qeyd olunub ki, Azərbaycan və Ermənistan arasında
normallaşma prosesi regiona uzunmüddətli sülh, sabitlik və rifahın
gəlməsinə müsbət təsir göstərəcək.

