AHİK-də Zəfər Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 8
Noyabr – Zəfər Günü münasibətilə “Tarixi Zəfər” tədbiri
keçirilib.

Tədbirdə dövlət rəsmiləri, AHİK-in rəhbərliyi və kollektivi, üzv
təşkilatların nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib,
şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Konfederasiya sədri Sahib Məmmədov Zəfər
Gününün tarixi əhəmiyyətindən, Müzəffər Ali Baş Komandan cənab
İlham Əliyevin yüksək sərkərdəlik məharətindən, uzaqgörən
siyasətindən və müdrik qərarlarından söz açıb, əsgər və
zabitlərimizin döyüş meydanında göstərdiyi igidlik və
qəhrəmanlıqlardan, xalqımızın sarsılmaz birliyindən bəhs edib.

Vurğulanıb ki, bu möhtəşəm Qələbə Ulu Öndər Heydər Əliyevin
ideyalarının, cənab Prezident İlham Əliyevin qətiyyətli siyasətinin
nəticəsi, minilliklərə söykənən qədim tariximizin qürur səhifəsi və
qəhrəmanlıq salnaməsidir. Qeyd olunub ki, haqq savaşımızda
qəhrəmancasına döyüşərək üçrəngli Bayrağımızı işğaldan azad edilmiş
torpaqlara sancan mübariz oğul və qızlarımızın şücaəti dövlətimiz
və xalqımız tərəfindən yüksək qiymətləndirilir, şəhid ailələrinin
və qazilərin sosial rifahı daim diqqətdə saxlanılır.

Hazırda azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və
quruculuq işləri aparılır, Şərqi Zəngəzur və Qarabağ dirçəldilir və
bu torpaqlara yenidən həyat qayıdır.




AHİK sədrinin müşaviri, Vətən müharibəsi iştirakçısı Kamran
Umudov keçdiyi döyüş yolundan, komandiri olduğu əsgərlərin
əzmkarlığından və yüksək döyüş ruhundan danışıb.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının
sədri polkovnik Cəlil Xəlilov isə çıxışında Azərbaycan Ordusunun
gücünü, dövlətimizin müharibə iştirakçılarına göstərdiyi diqqət və
qayğını qeyd edib.

Tədbir çərçivəsində Vətən müharibəsində əsgər və zabitlərimizin
qəhrəmanlıqlarını, xalqımızın birliyini və qələbəyə olan inamını
əks etdirən film nümayiş etdirilib.

Əməkdar artist Ağalar Bayramovun vətənpərvərlik mövzusunda
səsləndirdiyi şeirlər, Vətən müharibəsi qazisi və müğənni Məbud
Əhmədovun ifasında təqdim olunan qələbə ruhlu mahnılar maraqla
qarşılanıb. Həmçinin şəhid övladlarından ibarət xor qrupunun “Şəhid
övladlarının zəfər sədası” kompozisiyası alqışlarla müşayiət
olunub.

Tədbir müğənni Gülzar Fərəcovanın ifasında dövlətimizin
qüdrətini və xalqımızın qələbə ruhunu tərənnüm edən “Yaşa,
Azərbaycan!” mahnısı ilə başa çatıb.