
Bakı.Trend:
Gələn ildən elektrik mühərrikli avtomobillərin idxalı və satışı
əlavə dəyər vergisinə (ƏDV) cəlb ediləcək. Bu dəyişiklik avtomobil
bazarında qiymət dinamikasına, istehlakçı davranışına və ümumi
rəqabət mühitinə təsir göstərə bilər. ƏDV-nin tətbiqi elektrik
avtomobillərinin qiymətlərinin artmasına, nəticə etibarilə isə
satış tempinin müəyyən qədər zəifləməsinə səbəb ola bilər?
Nəqliyyat eksperti Eldəniz Cəfərov Trend-ə açıqlamasında
bildirib ki, idxal olunan elektromobillər əlavə dəyər vergisinə
cəlb ediləcəksə, təbii ki, bu növ nəqliyyat vasitələrinin
qiymətində yüksəlmə olacaq.
O qeyd edib ki, elektromobillərin əlavə dəyər vergisinə cəlb
edilməsi avtomobil bazarına ümumilikdə ciddi təsir etməyəcək.
“Elektromobillərə bizim ölkədə maraq olsa da, populyarlıq
dərəcəsi bir o qədər də deyil. Bunun da bəzi səbəbləri mövcuddur.
Məsələn, hələki ölkədə enerji doldurma məntəqələrinin sayı azdır.
Həmçinin bu növ avtomobillərin ehtiyat hissələri, təmir
məsələlərində də bir qədər problemlər mövcuddur”.
Ekspert əlavə edib ki, növbəti il Azərbaycanın avtomobil
bazarında bahalaşma gözləniləndir.
Nəqliyyat eksperti Elməddin Muradlı Trend-ə açıqlamasında
deyib ki, ƏDV-dən azad olunmanın ləğvi elektromobillərin və dolayı
yolla digər avtomobillərin qiymətinə də təsir edəcək.
“Elektrik və hibrid avtomobillər ölkəyə daha ucuz qiymətə
gətirildiyi üçün onlara maraq daha çox idi. Bu da ikinci əl
avtomobil bazarında durğunluq yaratmışdı”.
Ekspert bildirib ki, indi qiymətlər arasında fərq azalacağı
üçün, yəni elektrik və hibrid avtomobillərin qiyməti ənənəvi
avtomobillərə yaxınlaşacağı üçün, insanlar seçim zamanı artıq
yalnız bu kateqoriyaya üstünlük verməyəcəklər:
Digər tərəfdən, elektrik və hibrid avtomobillərə olan maraq, çox
zaman ekoloji səbəblərdən yox, dövlətin tətbiq etdiyi vergi
güzəştlərinə görə idi. Yəni, insanların bu avtomobilləri alma
səbəbi daha çox iqtisadi üstünlüklər idi, nəinki yalnız ətraf
mühiti qorumaq.
O əlavə edib ki, əgər güzəşt ləğv olunarsa, bu avtomobillərin
qiymətində təxminən 15-20% civarında artım müşahidə oluna
bilər.
“Eyni zamanda, ənənəvi avtomobil bazarında da bir qədər canlanma
baş verə bilər. Bu canlanma onların qiymətinə də müəyyən təsir
göstərə bilər”,- deyə ekspert əlavə edib.

