Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi və SABAH qrupları Zəfər Gününə həsr olunmuş hakaton təşkil edib (FOTO)

Baş səhifə

Bakı.Trend:

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nəzdində fəaliyyət
göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi (AKM) Elm və Ali
Təhsil üzrə Dövlət Agentliyinin SABAH qrupları ilə birgə Zəfər
Gününə həsr olunmuş “Secure Tomorrow” hakatonunu təşkil edib. Bu
yarış AKM-in “CyberPark” bloku çərçivəsində həyata keçirilib.

Uğurlu əməkdaşlığın davamı olaraq artıq 2-ci dəfə baş tutan
yarış hər komandada minimum 3, maksimum 5 nəfər olmaqla, SABAH
qruplarının bakalavr və magistr tələbələri arasında keçirilib.
Hakatonun əsas məqsədi komandaların təhlükəli faylları təhlil etmək
üçün həm açıq mənbə, həm də özəl hazırlanmış texnologiyaları daha
dayanıqlı, təhlükəsiz və səmərəli şəkildə birləşdirmə bacarığını
qiymətləndirmək olub. Hakaton kibertəhlükəsizlik sahəsində
innovativ yanaşmaların tətbiqinə və süni intellekt
texnologiyalarının kiberproseslərə inteqrasiyasına yönəlib.

Hakaton çərçivəsində təqdim olunan layihələr minimum işlək
məhsul (MVP) mərhələsinə gətiriləcək. Belə ki, qalib komandaların
layihələri startap inkişaf proseslərinə yönləndiriləcək ki, bu isə
tələbələrin ideyalarını real biznes modellərinə çevirməyə imkan
verəcək.




Qeyd edək ki, iştirak edən komandaların seçim prosesi AKM-in
yüksək ixtisaslı ekspertlər qrupu tərəfindən xüsusi olaraq müəyyən
edilmiş kriteriyalara əsasən aparılıb. Həmçinin tədbirin yekununda
nəticələr müstəqil ekspertlər qrupundan təşkil olunan münsiflər
heyəti tərəfindən qiymətləndirilib.

Sözügedən hakatonun keçirilməsində məqsəd ölkəmizin
kibertəhlükəsizlik sahəsindəki gücünü və potensialını nümayiş
etdirmək, həmçinin yeni nəsil mütəxəssislərin yetişdirilməsinə
dəstək verməkdir.