
Bakı. Trend:
Azərbaycan Bolqarıstanın paytaxtı Sofiyada Beynəlxalq Nəqliyyat
Forumu (BNF) və “Eurostat”ın təşkil etdiyi “Məlumatlara əsaslanan
qərar qəbuletmənin təşviqi” mövzusundakı konfransda təmsil olunub.
Tədbirdə 20-yə yaxın ölkənin mütəxəssisləri səmərəli və dayanıqlı
şəhər mobilliyi sistemlərinin formalaşdırılmasında rəqəmsallaşmanın
rolunun gücləndirilməsinə dair müzakirələr aparıblar. Sessiyalar
zamanı iştirakçılar ölkələrinin təcrübələrini bölüşüblər.
Azərbaycan nümayəndə heyəti Bakının “Rəqəmsal əkiz”i mövzusunda
təqdimatla çıxış edib. Şəhər mobilliyinin idarə olunması, məlumat
inteqrasiyası və qərar qəbuletmə proseslərinin
təkmilləşdirilməsində bu layihənin rolu vurğulanıb. Təqdimat
iştirakçılar arasında böyük maraq doğurub, sürətlə böyüyən
şəhərlərdə rəqəmsal texnologiyaların nəqliyyatın planlaşdırılması
və monitorinqini asanlaşdırmasına dair uğurlu nümunə kimi
qiymətləndirilib.
Tədbir Azərbaycanın rəqəmsal transformasiya və dayanıqlı
nəqliyyat istiqamətlərində əldə etdiyi nailiyyətləri bölüşməsi üçün
mühüm platforma rolunu oynayıb.

