AYİB Azərbaycanda gənc sahibkarlara dəstək məqsədilə kreditin ayrılması imkanını nəzərdən keçirir

Baş səhifə

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “Cənubi Qafqazda
Gənclər Biznesdə” (Youth in Business for Caucasus) proqramı
çərçivəsində Azərbaycanda gənc sahibkarlara məxsus və ya onlar
tərəfindən idarə olunan mikro, kiçik və orta biznesi dəstəkləmək
məqsədilə 20 milyon dollara qədər həcmdə əsas kreditin ayrılması
imkanını nəzərdən keçirir.

Trend Banka
istinadən xəbər verir ki, ilkin məlumata görə, kredit “AccessBank”a
iki bərabər tranşla təqdim olunacaq. Hər bir tranşın müddəti üç il
olacaq, o cümlədən bir illik güzəşt dövrü nəzərdə tutulur, daha
sonra isə bərabər altıaylıq ödənişlər həyata keçiriləcək. İkinci
tranşın ayrılması ilə bağlı yekun qərar AYİB rəhbərliyinə həvalə
ediləcək.

Layihə təsdiqlənəcəyi təqdirdə, onun məqsədi gənclərə məxsus
MKOB-lərin kreditləşmə həcmini artırmaq, institusional potensialı
gücləndirmək, həmçinin Azərbaycanda gənc sahibkar və menecerlərə
bilik və bacarıqların ötürülməsinə töhfə verməkdir.




Təşəbbüs həmçinin Qafqaz regionu üçün innovativ alətlərin
tətbiqini nəzərdə tutur – nəticələrə əsaslanan mükafat mexanizmi
(Result-Based Compensation, RBC) və ilkin zərərin qarşılanması
mexanizmi (First Loss Risk Cover, FLRC). Bu alətlər tərəfdaş bankda
gənclərin kreditləşmə infrastrukturunun inkişafına, eləcə də gənc
borcalanlara daha əlverişli şərtlərin – faiz dərəcələrinin
azaldılması və girov tələblərinin yumşaldılmasının – təmin
edilməsinə xidmət edir.

Ümumilikdə, layihə inklüziv maliyyələşdirmənin inkişafına və
Azərbaycandakı aşağı gəlirli gənc sahibkarlar seqmentinin
ehtiyaclarının daha dərindən öyrənilməsinə yönəlib.