KİV: Epsteynə Trampa qarşı ifadə verməsi müqabilində azadlıq təklif edilib

Baş səhifə
KİV: Epsteynə Trampa qarşı ifadə verməsi müqabilində azadlıq təklif edilib

ABŞ-nin Federal Prokurorluğu, həddi-büluğa çatmayanlara qarşı təcavüzdə ittiham olunan amerikalı maliyyəçi Ceffri Epsteynə Prezident Donald Trampa qarşı ifadə verməyə razılıq müqabilində azadlığa buraxılmağı təklif ediblər.

“Report” xəbər verir ki, bu barədə “New York Post” qəzeti Nyu-Yorkdakı islah mərkəzində iş adamının keçmiş kamera yoldaşı Nikolas Tartalyoneyə istinadən məlumat yayıb.

Tartalyonenin sözlərinə görə, prokurorlar Epsteynə bildiriblər ki, əgər Prezident Trampın onun cinayətlərində iştirak etdiyini desə, azadlığa çıxa bilər. Tartalyone bunu iyul ayında əfv ərizəsində yazıb. Sənəddə söhbətin hansı cinayətlərdən getdiyi dəqiqləşdirilmir. Onun sözlərinə görə, Epsteynin özü Trampın cinayətlərdə iştirakını rədd edib.

Epsteyn 6 iyul 2019-cu ildə həbs edilib. Nyu-York ştatının Prokurorluğu iddia edib ki, o, 2002-2005-ci illərdə Manhettendəki evinə onlarla yetkinlik yaşına çatmayan qızı gətirib, onlardan ən kiçiyi 14 yaşında olub. Onun tanışları arasında keçmiş dövlət başçıları, iş adamları və məşhurlar da daxil olmaqla, ABŞ-dən və xaricdən çoxsaylı nüfuzlu şəxslər olub.

10 avqust 2019-cu ildə Epşteyn həbsxana kamerasında intihar edib və bundan sonra cinayət işi dayandırılıb.