Azərbaycanın və Rumıniyanın milli xəbər agentlikləri arasında əməkdaşlığın dərinləşdirilməsi müzakirə olunub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Rumıniyada səfərdə olan Azərbaycan nümayəndə heyəti noyabrın
5-də bu ölkənin AGERPRES xəbər agentliyinin baş direktoru Klaudiya
Viktoriya Nikolae ilə görüşüb.

Trend bu barədə
Medianın inkişafı Agentliyinə istinadən xəbər verir.

Görüşdə Azərbaycanın və Rumıniyanın milli xəbər agentlikləri
arasında əməkdaşlığın dərinləşdirilməsi, informasiya mübadiləsinin
genişləndirilməsi və birgə media layihələrinin həyata keçirilməsi
məsələləri müzakirə olunub.

Klaudiya Viktoriya Nikolae AGERPRES agentliyinin beynəlxalq
informasiya şəbəkələrində, o cümlədən Avropa Xəbər Agentlikləri
Alyansında (EANA) və Avropa İttifaqı (Aİ) Media Forumu çərçivəsində
gördüyü işlər haqqında məlumat verib. O, Azərbaycanla informasiya
sahəsində əlaqələrin inkişaf etdirilməsinin, eləcə də qarşılıqlı
xəbər və foto mübadiləsinin genişləndirilməsinin vacibliyini
bildirib.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev qeyd edib ki,
agentliklə AGERPRES arasında uzunmüddətli əməkdaşlıq mövcuddur və
bu əlaqələrin daha da gücləndirilməsi regional, beynəlxalq
informasiya məkanında etibarlı tərəfdaşlıq üçün əsas yaradır. O,
qarşılıqlı təcrübə mübadiləsinin, jurnalistlər üçün təlim
proqramlarının və birgə media məhsullarının hazırlanmasının gələcək
əməkdaşlıq istiqamətləri kimi nəzərdə tutulduğunu söyləyib.




Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov
media sahəsində yeni kommunikasiya texnologiyalarının tətbiqindən
və süni intellekt əsaslı xəbər istehsalında əməkdaşlığın
perspektivlərindən danışıb. O vurğulayıb ki, bu sahədə təcrübənin
və innovativ yanaşmaların paylaşılması iki ölkənin media
sistemlərinin inkişafına töhfə verə bilər.

Audiovizual Şuranın sədri İsmət Səttarov isə audiovizual və
rəqəmsal media platformaları üzrə tənzimləmə, ictimai nəzarət
mexanizmlərinin təkmilləşdirilməsi sahəsində Rumıniya təcrübəsinin
öyrənilməsinin vacibliyini qeyd edib.

Süni intellektin tətbiqi mövzusunun davamı olaraq tərəflər Aİ
texnologiyalarının fotoarxivlərin rəqəmsallaşdırılması, arxivlərin
bərpası və avtomatlaşdırılmış təsnifləşdirilməsi sahəsində
istifadəsini geniş müzakirə ediblər. Bu istiqamətdə birgə pilot
layihələrin hazırlanması və təcrübə mübadiləsi barədə ilkin razılıq
əldə olunub.

Ölkəmizin Rumıniyadakı səfiri Qüdsi Osmanovun da iştirak etdiyi
görüşdə Azərbaycan nümayəndə heyətinə AGERPRES-in arxivi barədə
məlumat verilib. Qonaqlara agentliyin zəngin tarixi foto və video
fondları, o cümlədən Rumıniya ilə Azərbaycan arasında ötən əsrdən
bu günədək baş tutmuş ikitərəfli səfərlər, dövlət başçılarının
görüşləri və mədəni tədbirləri əks etdirən nadir materiallar
nümayiş olunub.

Tərəflər bu materiallar əsasında ortaq fotosərgi təşkil etmək
barədə razılığa gəliblər. Sərgidə sovet dövründən müasir dövrədək
Rumıniya-Azərbaycan münasibətlərinin inkişafını və iki ölkə
arasında dostluğun tarixi köklərini əks etdirən fotoların nümayişi
nəzərdə tutulur.