
Bakı. Trend:
“Bakı KOB evi”ndə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir
keçirilib. Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon
təşkilatının və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin
(KOBİA) ərazi partiya təşkilatının təşkilatçılığı ilə keçirilən
tədbirdə millət vəkilləri, YAP rayon təşkilatının və ərazi partiya
təşkilatının, KOBİA-nın nümayəndələri iştirak ediblər.
Trend xəbər
verir ki, tədbirdə Zəfər Gününə dair film nümayiş olunub, KOBİA-nın
İdarə Heyətinin sədri Orxan Məmmədov, millət vəkili Hikmət Məmmədov
və YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev çıxış
ediblər. Çıxışlarda 44 günlük Vətən müharibəsindən, Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin
qətiyyəti, ordumuzun şücaəti və xalqımızın birliyi nəticəsində
qazanılmış tarixi qələbədən bəhs olunub.
Tədbir çərçivəsində Vətən müharibəsində iştirak etmiş KOBİA
əməkdaşlarına təşəkkürnamələr, YAP-a yeni üzv olan Agentlik
əməkdaşlarına üzvlük vəsiqələri və partiyanın işində aktiv iştirak
edən əməkdaşlara fəxri fərmanlar təqdim edilib.

