
Bakı. Trend:
Avropa Elektrik Ötürücü Sistem Operatorları Şəbəkəsinin
(ENTSO-E) növbəti Onillik Şəbəkə İnkişaf Planı (TYNDP) çərçivəsində
qiymətləndiriləcək elektrik enerjisi infrastrukturu layihələrinin
ilkin siyahısı dərc olunub. “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji
Dəhlizi”nin Faza 1 və Faza 2 layihələri TYNDP 2026 layihə
portfelində yer alıb. Ümumilikdə bu portfelə 178 ötürmə və 49
saxlama layihəsi daxil edilib.
Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, bu
layihələr 2025-ci ilin aprel-may aylarında keçirilmiş ilk müraciət
mərhələsində layihə təşəbbüskarları tərəfindən təqdim edilib.
ENTSO-E bütün müraciətlərin TYNDP 2026 üçün qəbul meyarlarına
uyğunluğunu yoxlayıb və Azərbaycan, Gürcüstan, Rumıniya və
Macarıstanı əhatə edən “Yaşıl Enerji Dəhlizi” layihəsinin də
tələblərə cavab verdiyi təsdiqlənib. Növbəti mərhələdə, ikinci
müraciət pəncərəsi 2025-ci il 15 sentyabr – 15 oktyabr tarixləri
arasında açıq olub və ideya mərhələsində olan layihələri
hədəfləyib. Bütün təqdim edilmiş layihələr 2025-ci ilin noyabr
ayında inzibati və texniki yoxlamadan keçiriləcək. 2026-cı il
ərzində TYNDP 2026 portfelinə daxil olan bütün layihələr üzrə
xərclər və faydalar təhlili (cost-benefit analysis) aparılacaq.
Nəticələr isə 2026-cı ilin sonlarında açıqlanacaq.
Xatırladaq ki, “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və
Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və
ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” 17 dekabr
2022-ci ildə Buxarestdə imzalanıb. Layihənin icrasına məsul qurum
“Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti” (GECO) yaradılıb. İndiyə
qədər Nazirlər/Rəhbər Komitənin 10 iclası keçirilib. Layihənin
texniki-iqtisadi əsaslandırması isə “CESI” şirkəti tərəfindən
həyata keçirilir.

