
Zəngilan. Trend:
Zəngilanın azad edilməsi ilə ölkəmizin geosiyasi gücü artdı və
Qarabağ Zəfərinin hərbi-siyasi mənzərəsi tamamlandı.
Trend xəbər verir ki, bunu bu
gün “Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi” mövzusunda
konfransda Azərbaycanın Hərbi prokuroru Bəhruz Əhmədov deyib.
O bildirib ki, bu gün bu torpaqda dalğalanan üçrəngli bayraq,
dövlətimizin suverenliyinin, xalqımızın birliyinin və igid
oğullarımızın qanı ilə yazılmış qələbənin rəmzidir:
“Bu qələbənin əsas dayağı və şərəf simvolu, əlbəttə ki,
Azərbaycan Ordusudur. Ordumuzun mərdliyi, rəşadəti, fədakarlığı və
Vətən sevgisi qarşısında dərin ehtiramla baş əyirik. Əsgərdən
zabitə, hər bir döyüşçü öz qanı və canı ilə bu torpaqların azadlığı
və dövlətin bütövlüyü uğrunda misilsiz qəhrəmanlıq göstərdi.
Onların igidliyi, andına sadiqliyi, dövlətə və xalqa sədaqəti Zəfər
tariximizin qızıl səhifələrinə yazıldı. Azərbaycan əsgəri döyüş
meydanında təkcə silahla deyil, imanla, ruhla və haqq inamı ilə
vuruşdu.
O, Vətən uğrunda can verərkən xalqına qürur, gələcək nəsillərə
azadlıq miras qoydu”.
Hərbi prokuror qeyd edib ki, müharibə günlərində Baş prokuror
raket atəşinə məruz qalan Gəncə və Bərdə şəhərlərinə, həmçinin hələ
aktiv döyüşlərin getdiyi vaxtda, son dərəcə təhlükəli şəraitdə
Tərtər rayonuna şəxsən səfər edib:
“Hadisə yerlərində vəziyyəti qiymətləndirmiş, 30-a yaxın səfir
və müavinləri, 19 nəfər diplomatik korpusun digər əməkdaşları, eyni
zamanda yerli və xarici medianın 30 dan artıq nümayəndələrinin
iştirakı ilə brifinqlərdə Azərbaycan reallıqlarını əsaslı faktlarla
təqdim edib”.

