
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və
İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan
Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) baş direktoru Xamis
Seyranov Fransanın Sevr şəhərində keçirilən Çəkilər və Ölçülər üzrə
Beynəlxalq Büronun (BIPM) 24-cü iclasında iştirak edib.
AzMİ-dən Trend-ə bildiriblər ki, iclasa, həmçinin Amerika
Birləşmiş Ştatları, Almaniya, Argentina, Avstraliya, Böyük
Britaniya, Braziliya, Cənubi Afrika Respublikası, Cənubi Koreya,
Çexiya, Çin, Finlandiya, Fransa, Hindistan, Niderland, İndoneziya,
İspaniya, Kanada, Meksika, Misir, Norveç, Özbəkistan, Qana,
Səudiyyə Ərəbistanı, Tayvan, Türkiyə, Yaponiya, Yeni Zelandiya və
digər üzv dövlətlərin milli metrologiya qurumlarından nümayəndələr
qatılıblar.
İclas zamanı BIPM-in Çəkilər və Ölçülər üzrə Beynəlxalq
Komitəsinin (CIPM) ötən il ərzindəki fəaliyyəti, habelə Metrik
Konvensiyanın imzalanmasının 150 illiyi münasibətilə həyata
keçirilən tədbirlər barədə təqdimatlar dinlənilib. Bundan əlavə,
metrologiya sahəsində süni intellektin və rəqəmsal texnologiyaların
tətbiqi, CIPM-in strategiyasının icra vəziyyəti, beynəlxalq və
regional əməkdaşlıqlar, saniyənin yeni metroloji tərifinin müəyyən
edilməsi və digər məsələlər müzakirə olunub.
Daha sonra “Elektrik batareyalarının ölçülməsi sahəsində müasir
yanaşmalar”, “Ağıllı şəbəkə” (Smart grid) xüsusiyyətləri”,
“Metrologiyada süni intellektin tətbiqi”, “Metrologiya və
rəqəmsallaşma” mövzularında təqdimatlar nümayiş olunub.
Tədbir çərçivəsində BIPM-ə üzv ölkələr, o cümlədən Türkiyə,
Cənubi Koreya, Çin, Polşa və Özbəkistanın nümayəndələri ilə
görüşlər keçirilib, qarşılıqlı əməkdaşlığa dair fikir mübadiləsi
aparılıb.

