Elm, Siyasət, İdeologiya – Prezident İlham Əliyevin strateji baxışı

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3
noyabr 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)
80 illik yubileyində etdiyi çıxış həm elmi, həm siyasi, həm də
milli ideoloji baxımdan çoxşaxəli, strateji və dərin məzmunlu bir
nitqdir.

Bunu Trend-ə
politoloq Azər Qarayev deyib.

Onun sözlərinə görə, bu çıxışda dövlət başçısı həm Azərbaycan
elminin tarixi inkişaf yolunu dəyərləndirmiş, həm də gələcək
istiqamətləri müəyyən etmişdir.

“Prezident İlham Əliyevin çıxışı bütövlükdə Azərbaycan elminin
keçdiyi tarixi mərhələlərin təhlilinə, Heydər Əliyev irsinin bu
inkişafdakı əhəmiyyətinə, müasir dövrdə elmin, texnologiyanın, süni
intellektin, kibertəhlükəsizliyin, hərbi sənayenin, enerji
sektorunun, tarix və dilin qorunmasının prioritet istiqamətlər kimi
müəyyənləşdirilməsinə həsr olunmuşdur. Azərbaycan alimləri bu gün
də ölkənin uğurlu inkişafına öz töhfələrini verməkdə davam edirlər,
gələcəkdə isə bu fəaliyyət daha da genişlənəcək. Bu fikirlər
dövlətin elmə davamlı dəstəyini və intellektual kapitalın strateji
əhəmiyyətini vurğulayır.”

Politoloq qeyd edib ki, Prezident İlham Əliyev çıxışının mühüm
hissəsini Ulu Öndər Heydər Əliyevin elmin inkişafındakı roluna həsr
etdi.

“Heydər Əliyev hələ ötən əsrin 70-ci illərində akademiyanın
fəaliyyətinin təkmilləşməsi, yeni elmi-tədqiqat institutlarının
yaradılması və elmin maliyyələşməsinin artırılması istiqamətində
mühüm addımlar atmışdı. Onun təşəbbüsü ilə minlərlə azərbaycanlı
gənc Sovet İttifaqının aparıcı ali məktəblərində təhsil almış, bu
da ölkənin intellektual potensialının güclənməsinə xidmət etmişdir.
Bu siyasət bu gün də uğurla davam etdirilir — on minlərlə
azərbaycanlı gənc dünyanın aparıcı universitetlərində təhsil alır
və vətənə qayıdaraq onun inkişafına xidmət edir. Heydər Əliyevin
iradəsi və xalqına olan sədaqəti Azərbaycanı 1990-cı illərin
faciəvi böhranından xilas etdi. O çətin dövrlərdə belə, AMEA-nın
qorunmasına və alimlərin fəaliyyətinə vəsait ayrılmasına xüsusi
diqqət yetirirdi. Prezident İlham Əliyev qeyd etdi ki, son
onillikdə elmin maliyyələşməsi iki dəfədən çox artmış, elmi
infrastruktur yenilənmiş, Elmi Fondu yaradılmış, “Elm haqqında”
Qanun və Elmin İnkişafı üzrə Dövlət Proqramı qəbul edilmişdir.
AMEA-nın binaları təmir edilmiş, Milli Ensiklopediya və Elmi
Kitabxana üçün yeni binalar tikilib. Bütün bu işlər Heydər Əliyev
siyasətinin davamı kimi həyata keçirilmiş və elmin inkişafı
dövlətin uzunmüddətli strategiyasına çevrilib.”

A. Qarayev bildirib ki, Azərbaycanın 2020-ci ildə əldə etdiyi
Qələbə dünyada analoqu olmayan bir hadisədir. Ölkə artıq bütün
suveren torpaqlarına sahibdir, işğalçı və xarici hərbi qüvvələrdən
tam azaddır.

“Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, bu gün texnoloji
inkişaf ölkənin əsas prioritetidir. Ölkənin təhlükəsizliyi və
dayanıqlı inkişafı texnoloji imkanlardan asılıdır. Bu baxımdan
alimlərin rolu xüsusilə önəmlidir. Dövlət başçısı vurğuladı ki,
tükənməz sərvət intellektual potensialdır, lakin bu potensial
yalnız sərmayə qoyulduğu halda dəyər qazanır. Buna görə dövlət
elmin və texnologiyanın inkişafına investisiya yatırmalı, alimlər
isə bu imkanlardan maksimum istifadə etməlidirlər.”

Politoloqun sözlərinə görə, dövlət başçısı ilk dəfə olaraq bu
səviyyədə süni intellektin (AI) əhəmiyyətindən danışaraq bildirdi
ki, artıq bu, ölkələrin gələcək inkişafının ayrılmaz
hissəsidir.

“Azərbaycan bu sahədə geri qalmamalı, dövlət və alimlər birgə
fəaliyyət göstərməlidirlər. Rəqəmsallaşma və kibertəhlükəsizlik
sahəsində aparılan islahatlar da məhz bu strateji məqsədə xidmət
edir. Prezident İlham Əliyev Kibertəhlükəsizlik Mərkəzinin
yaradılmasını vaxtında atılmış addım kimi dəyərləndirdi və alimləri
bu sahəyə də cəlb etdi. Bundan başqa Azərbaycan artıq bir çox
ölkələrə hərbi təyinatlı məhsul ixrac edir və bu sahəyə özəl
sektorun da cəlb edilməsi prosesi başlanmasına diqqət çəkilib.
Ölkədə pilotsuz uçuş aparatlarının istehsalı həyata keçirilir.”

A. Qarayev qeyd edib ki, dövlət başçısı iqtisadi sahədə əldə
edilən nailiyyətlərdən danışaraq vurğuladı ki, Azərbaycanın aparıcı
qüvvəsi artıq qeyri-neft sektorudur.

“Valyuta ehtiyatları 80 milyard dollardan artıqdır, xarici borc
ümumi daxili məhsulun cəmi 6 faizindən bir qədər çoxdur. Bu,
Azərbaycanın iqtisadi müstəqilliyini təmin edən mühüm göstəricidir.
Azad edilmiş ərazilərdə Qarabağ və Şərqi Zəngəzurda geniş bərpa və
enerji layihələri həyata keçirilir. 30-dan çox su elektrik
stansiyası inşa edilib, günəş və külək stansiyalarının generasiya
gücü 2030-cu ilə qədər 6 min meqavata çatacaq. Bu, Azərbaycanın
“yaşıl enerji” strategiyasının əsas sütunudur.”

Politoloq vurğulayıb ki, Prezident İlham Əliyev çıxışında tarixi
ədalətin bərpası və Azərbaycanlıların indiki Ermənistana qayıdışı
məsələsinə toxunaraq bildirdi ki, bu, ədalətli və təbii
prosesdir.

“Dövlət başçısı Çar Rusiyasının xəritələrinə istinad edərək qeyd
etdi ki, indiki Ermənistan ərazisindəki toponimlərin mütləq
əksəriyyəti Azərbaycan mənşəlidir. Bu faktların elmi şəkildə
araşdırılması və dünya ictimaiyyətinə təqdim edilməsi Azərbaycan
tarixinin saxtalaşdırılmasının qarşısını almağa xidmət etməlidir.
Prezident alimlərə çağırış etdi ki, Azərbaycan tarixi ilə bağlı
daha çox elmi əsər, xəritə, sərgi və təqdimatlar hazırlasınlar.
Azərbaycan dilinin saflığı məsələsinə toxunaraq bildirdi ki, dil
millətin əsas kimlik rəmzidir. Prezident çıxışını Zəfər bayramının
beşinci ildönümü münasibətilə yekunlaşdıraraq bildirdi ki, bir neçə
gün sonra Azadlıq Meydanında keçiriləcək hərbi parad Azərbaycan
xalqının qürur və birliyinin simvolu olacaq. O qeyd etdi ki,
Azərbaycan xalqı bu şanlı Qələbə ilə əbədi fəxr edəcək, bu Zəfər
dövlətin gücünü, ordunun qüdrətini və xalqın birliyini əks
etdirir.”