Şəklin mənbəyi, Michal Walusza/FIDE
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Şahmat adətən Qazaxıstanla əlaqələndirilmir, amma son illərdə qazax qadın şahmatçılar beynəlxalq turnirlərdə getdikcə daha çox qələbə qazanır və ölkəyə kişi həmkarlarından daha çox titul gətirirlər. Onların uğurunun sirri nədədir?
“Mənim arzum yoxdur, yalnız bir məqsədim var — dünya çempionu olmaq”.
Bibisara Asaubayeva 21 yaşındadır və əgər onun öz gücünə şübhəsi olubsa belə, FIDE-nin sentyabr ayındakı “Böyük İsveçrə turniri”ndən əvvəl BBC müxbiri ilə söhbətində bunu heç göstərməyib.
Bibisara hündürboyludur, uzun, tünd rəngli saçı və üzündə ciddi ifadə olan gənc qadındır. Bu il “İsveçrə”də Qazaxıstanı təmsil edən yeganə qadın şahmatçıdır — ölkəni bu nüfuzlu turnirdə bu il yalnız qadınlar təmsil edir.
Lakin təkcə Asaubayevanın, yəni, Qazaxıstanın qadınlardan ibarət komandasının kapitanının klassik şahmat üzrə dünya çempionatına düşmək üçün real şansı var. Bunun üçün isə o, bu dəfə Səmərqənddə qızıl və ya gümüş medal qazanmalıdır.
Həlledici an 9-cu turda gəlir: Bibisaranın qarşısında parlaq qırmızı pencəkdə turnirin lideri – rus əsilli ukraynalı Yekaterina Laqno oturub.
Laqno 12 yaşında şahmat üzrə ən gənc qadın qrossmeyster olub.
Şəklin mənbəyi, Michal Walusza/FIDE
Asaubayeva öz “qadın” qrossmeyster titulunu 15 yaşında alıb. Keçən ilin iyulunda isə o, Qazaxıstandan olan ikinci qadın kimi beynəlxalq qrossmeyster titulunu qazanıb — şahmatda ən yüksək rütbəni.
Yeddi yaşında dünya çempionu
“Uşaqlıqdan, valideynlərimin dediyinə görə, kifayət qədər ağıllı uşaq olmuşam. Konstruktorlar toplamağı, şeir öyrənməyi, kitab oxumağı xoşlayırdım. Altı yaşımda valideynlərim məni şahmat kursuna apardılar. İlk məşqçim babam idi,” – Bibisara BBC-yə danışır.
O, Taraz şəhərində doğulub, bu, Qazaxıstanın cənubundakı kiçik bir şəhərdir. Bir neçə ildən sonra ailəsi paytaxt Astananın yaxınlığına köçüb. Astana yaxınlığında Bibisara üçün yaxşı müəllimlər tapmaq mümkün olub və dərhal nəticələr görünməyə başlayıb.
Yeddi yaşında, o, dünya çempionu olub. Dərsləri isə Rusiyadan gəlmiş qrossmeyster keçirirdi.
Asaubayeva deyir: “Dünyanın ən güclü şahmat məktəblərindən biri Rusiyada idi. O zaman [orada] ən çox yaxşı məşqçi də məhz Rusiyada tapılırdı. Əgər Qazaxıstanı Hindistan və ya Çinlə müqayisə etsək, biz o vaxtlar hələ şahmat ölkəsi deyildik”, – o əlavə edir.
Şahmat Qazaxıstanda sovet dövründə — SSRİ-nin hər yerində olduğu kimi — populyar idi, amma qazax şahmatçılar nadir hallarda ittifaq çempionatlarında və beynəlxalq yarışlarda qalib gəlirdilər. İlk böyük qələbələri isə yalnız müstəqillik dövründə əldə olundu.
Şəklin mənbəyi, AFP via Getty Images
Qazax qadın şahmatçılar arasında dünya səviyyəsində çempionlar isə müstəqillikdən sonra yetişməyə başlayıb. Beynəlxalq qrossmeyster (BQ) titulunu almaq üçün tələb olunan reytinq həddi qadın titulundan daha yüksəkdir və şahmatda BQ adətən “kişi” titul kimi tanınır.
Qazaxıstan tarixində ilk dəfə bu statusu 2021-ci ildə Jansea Abdumalik əldə edib. O zaman 21 yaşı var idi və ölkənin ilk qadın şahmat ulduzlarından biri kimi tanınmağa başladı. Bibisara Asaubayevadan bir neçə yaş kiçikdir. Yeddi yaşında Qazaxıstan çempionu olub və həmin il səkkiz yaşadək uşaqlar arasında dünya çempionu titulunu qazanıb.
Bibisaranın karyerasında əsas dəstək anasından gəlib — özü şahmat məşqçisi olan ana həm də qızının meneceri idi: o, məşqçiləri seçir, təşkilati məsələləri həll edirdi.
2021-ci ildə Asaubayeva blits üzrə dünya çempionu oldu, rapid üzrə isə üçüncü yeri qazandı. Bu qələbə sayəsində, o, Almatıda çox yaxşı tanındı.
Şəklin mənbəyi, Bibisara Assaubayeva
Şahmatda üç əsas kateqoriya var — klassik, rapid və blits. Bunlar gediş üçün ayrılan zamana görə fərqlənir. Klassik şahmatda gedişlər üçün çox vaxt verilir, rapiddə oyunlar orta sürətlə gedir, blitsdə isə hər oyunçuya cəmi beş dəqiqəyə qədər vaxt verilir.
“O zaman bu, sensasiya idi”, – deyə Bibisara gülərək xatırlayır. – “Hətta mənim üçün də bu inanılmaz idi. O vaxt mən çox gənc idim və düşünürdüm ki, finala çıxmaq belə möcüzədir, qızıl qazanmaq isə heç ağlıma gəlməzdi”.
Lakin şahmat dünyasında ən nüfuzlu sayılan məhz klassik şahmatdır.
Bu kateqoriyada “Şahmat tacı” adətən dünya çempionu olan şəxsə verilir.
“Gündə 1500 dollar”
Ötənilki Macarıstan Olimpiadasında Qazaxıstan qadınlardan ibarət şahmat komandası ən güclülərdən olub — gümüş medal qazanıb və yalnız Hindistan komandasına uduzub. Həmin vaxt komandanın orta yaşı 18 idi (Hindistan komandasında isə 27).
Son on ildə məhz qadınlar Qazaxıstana beynəlxalq yarışlardan mükafatlar gətiriblər. Bibisara Asaubayevanın reytinqi hazırda 2509 xal təşkil edir və o, qadın şahmatçılar arasında dünyada 10-cu yerdədir.
Qazaxıstan Şahmat Federasiyası qadın şahmatını inkişaf etdirməyi prioritet elan edib. “Biz gördük ki, qadın şahmatçılar kişilərdən daha stabil və nəticəyə yönəlik oynayırlar. Ona görə qadınlara dəstək proqramlarına üstünlük verdik”, – deyə Federasiyanın prezidenti Timur Turlov bildirib.
O əlavə edir: “Biz elə bir ölkəyik ki, qadınlar çox vaxt kişilərdən daha fəal və məqsədyönlü olur. Bizim qadın şahmatçılarımız bu keyfiyyətləri şahmat taxtasında da nümayiş etdirirlər”.
Şəklin mənbəyi, Maria Emelianova/FIDE
Bibisara Asaubayeva etiraf edir ki, indi onun karyerasında yeganə çətinlik maliyyə məsələsidir. Böyük turnirlərdən əvvəl o, fərdi məşqçisi ilə təlim toplanışlarına gedir və bu, ona gündə təxminən 1500 dollara başa gəlir.
“Bir günlük məşq yetərli deyil. Belə toplanışları ayda ən azı 10–12 gün keçirməliyəm. Bu, artıq peşəkar səviyyədə idmandır”, – o deyir .
Asaubayevanın əsas gəliri mükafatlardan formalaşır. Məsələn, 2022-ci ildə dünya çempionatında o, 70 min dollar qazanıb, blits üzrə birinciliyə görə 40 min, rapid üzrə ikinci yerə görə isə 30 min dollar.
Şahmatçılar həmçinin sponsor dəstəyi də alırlar, o cümlədən dövlətə məxsus “Samruk–Kazına” Milli Rifah Fondu da onlara maddi dəstək olur. Qazaxıstan Şahmat Federasiyasının rəhbəri Timur Turlovun sözlərinə görə, təşkilat ildə təxminən, 10 milyon dollar xərcləyir və bu məbləğin böyük hissəsini “Samruk–Kazına” fondu təmin edir. Federasiya bu büdcəni şahmatçıların təliminə, yarış öncəsi toplantılara, ölkədaxili turnirlərin təşkili və istedadlı oyunçulara təqaüdlərin verilməsinə sərf edir.
Müqayisə üçün, keçən il dünyanın ən güclülərindən biri sayılan Hindistan Şahmat Federasiyasının büdcəsi 8 milyon dollar təşkil edib. Rusiya Şahmat Federasiyasının büdcəsi isə açıqlanmır, çünki Ukraynaya müdaxilədən və sanksiyalardan sonra bir çox rus şahmatçılar digər ölkələrdə və ya neytral statusda çıxış edirlər.
“Şahmat bumu”
Qazaxıstanın ilk qadın şahmat ulduzları — Jansea Abdumalik və Dinara Saduakassova olub. Onlar gənc yaşlarına baxmayaraq (25 və 28 yaş) artıq şahmat karyeralarında mühüm mərhələyə çatıblar. Abdumalik hazırda Almatının meri yanında ictimai şurada fəaliyyət göstərir. Saduakassova isə Prezidentin yanında gənclərə məsləhət şurasının üzvüdür və şahmatın ölkədə inkişafına fəal dəstək verir.
“Onların nümunəsi bütün ölkə üzrə uşaqları şahmata həvəsləndirdi”, – deyə Bibisara Asaubayeva bildirir. – “Buna görə də indi məktəblərdə şahmata daha çox maraq var”.
O əlavə edir: “İndi Qazaxıstanda hətta kiçik şəhərlərdə belə şahmat öyrənmək üçün şərait yaradılıb. Bu, perspektivli və istedadlı uşaqları tapmaq imkanlarını artırıb”.
Şəklin mənbəyi, SOCIAL MEDIA
Hazırda şahmat Qazaxıstan məktəblərində tədris proqramına daxil edilib — 500 məktəbdə bu fənn məcburidir. Gələn il bu sayın ikiqat artırılması planlaşdırılır. Timur Turlov deyir: “Ümid edirəm ki, tədricən ölkədəki məktəblərin yarısından çoxunu əhatə edəcəyik. Hökumət səviyyəsində təsdiqlənmiş şahmatın inkişaf planımız var”.
O həmçinin qeyd edir ki, Qazaxıstanda çox sıx yarış təqvimi mövcuddur: yerli yarışlardan əlavə, federasiya ildə 200-dən çox respublika səviyyəli turnir təşkil edir.
“FIDE tez-tez Qazaxıstanı nümunə kimi göstərir”, – deyə Federasiyanın prezidenti Arkadi Dvorkoviç “Tengrinews” nəşrinə bildirib. – “Burada sistem aydın şəkildə qurulub: şahmat məktəbdən başlayır, sonra klublar, bölmələr, çempionatlar gəlir. Ən əsası isə dövlət dəstəyi, biznes və şahmat ictimaiyyəti arasında balansın qorunmasıdır. Məhz bu triada uğurla işləyir”.
Kişilər və qadınlar arasında gender məhdudiyyəti
Əsas, açıq turnirlərdə şahmatda gender məhdudiyyəti yoxdur. Lakin təcrübədə bu yarışlarda kişilər üstünlük təşkil edir və adətən daha çox qalib gəlirlər.
Məsələn, bu il FIDE-nin Səmərqənddə keçirdiyi “Böyük İsveçrə” turnirində 80 şahmatçı iştirak edib, onlardan yalnız ikisi qadın idi. Üç mükafat yerinin hamısını kişilər tutdu.
Qadınlar üçün ayrıca yarışlar da təşkil olunur və onlar çox vaxt açıq turnirlərlə paralel keçirilir. Mükafat fondları isə adətən bir neçə dəfə az olur — məsələn, bu il “Böyük İsveçrə” turnirinin ümumi mükafat fondu 625 min dollar idisə, qadınlar üçün bu rəqəm 230 min dollar olub.
Qazax şahmatçısı Kseniya Balbayeva bunu belə izah edir: “Qadınların FIDE reytinqi kişilərdən aşağıdır, bu səbəbdən mükafat məbləğləri də az olur. Məsələn, ən güclü qadının reytinqi 2600 civarındadır, ən güclü kişinin isə 2800. 200 xal fərqi çox böyük göstəricidir”.
Araşdırmalar da bu fərqi təsdiqləyir: peşəkar səviyyədə şahmat oynayan kişilərin sayı qadınlardan xeyli çoxdur. Buna görə də kişilər arasında daha çox istedadlı oyunçu çıxır. Bu amil qismən qazax qadınlarının şahmatdakı uğurunu da izah edə bilər — dövlət dəstəyi və şəxsi istedadla yanaşı, rəqabətin nisbətən az olması onların yüksəlməsini asanlaşdırır.
Hazırda dünyanın ilk 100 şahmatçısı arasında bir qadın da yoxdur. Şahmat tarixində yalnız üç qadın 2700-dən yuxarı reytinqə yüksəlib: macar Yudit Polqar, gürcü Maya Çiburdanidze və çinli Hou Yifan.
Bibisara Asaubayeva isə özünü “feminizm tərəfdarı” kimi görmür: “Mən qadın və kişi turnirlərini ayırmağın tərəfdarı deyiləm. Mən hesab edirəm ki, şahmatda cinsin əhəmiyyəti yoxdur. Hər kəs eyni qaydada oynayır və eyni qaydada düşünür”, – deyir o.
Lakin Asaubayeva və digər qadın şahmatçılar cinsiyyətə görə ayrı-seçkilik və obyektivləşdirmə ilə üzləşdiklərini də gizlətmirlər. Məsələn, onların kişiləri məğlub etməsi bəzən belə şərh olunur ki, guya kişi oyunçunun fikri rəqib qadının görünüşü və ya geyimi üzündən yayınıb.
Kseniya Balbayeva bildirir ki, bəziləri “qadın şahmatı” ifadəsini alçaldıcı mənada işlədir:
“Kişilər tez-tez deyirlər: “Qadın şahmatı çox qəribədir, orada çoxlu səhv olur”. Məsələn, mən bir turnirdə oynayanda komandamızın kapitanı dedi ki, hər il qadın masasında problemlərimiz olur. O, belə dedi: “Kişi oynayanda mövqedən baxıb anlayıram ki, nə baş verəcək. Qadın oynayanda isə son gedişə qədər nəticəni təxmin etmək mümkün deyil””.
“Şahmat heç vaxt bitmir”
Bibisara Asaubayeva və Yekaterina Laqno arasındakı “Böyük İsveçrə” turnirinin 9-cu tur partiyası Səmərqənddə dörd saat davam edib. Bibisara ağ fiqurlarla oynayırdı və bir neçə dəqiqə düşünsə də düşdüyü mövqedən çıxış yolunu tapa bilmədi. Laqno isə hücum zamanı üstünlük qazandı və nəticədə qalib gəldi.
Bu nəticəyə görə Bibisara bürünc medal – yer qazandı, lakin bu, FIDE namizədlər turnirinə vəsiqə qazanmaq üçün kifayət deyildi. Onun dünya çempionatına çıxmaq şansı hələ də qalır — Qazaxıstan Şahmat Federasiyasının hesabatında qeyd olunur ki, əgər o, dekabrda Dohada keçiriləcək rapid və blits üzrə dünya çempionatlarında yaxşı nəticə göstərsə, növbəti mərhələyə vəsiqə qazana bilər.
Şəklin mənbəyi, FIDE
Mükafatlandırma mərasimində Bibisara təmkinlə gülümsəyirdi, amma kədərli görünürdü.
“Şahmatda mənə ən çox xoş gələn cəhət onun heç vaxt bitməməsidir. Yeddi yaşından bəri gündə səkkiz saatadək məşq edirəm, indi 21 yaşım var və hələ də eyni qədər çalışıram,” – deyir o, – “Düzünü desəm, mən şahmat haqqında hər şeyi bildiyimi deyə bilmərəm, çünki nə qədər öyrənsən də, hər dəfə yeni, maraqlı, bəzən də səni təəccübləndirən nəsə tapırsan. Elə buna görə də şahmat bu qədər gözəldir”.

