AYİB Türkiyədə yeni külək elektrik stansiyalarının inşasına kredit ayıracaq

Baş səhifə

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Türkiyənin ən böyük
müstəqil enerji şirkətlərindən biri olan və ümumi gücü 4,2 QVt olan
“Enerjisa Enerji Üretim A.Ş.” şirkətinə 200 milyon ABŞ dollarınadək
məbləğdə kredit təqdim edir.

Bu barədə Trend
AYİB-ə istinadən xəbər verir.

Qeyd olunur ki, səkkiz il müddətinə veriləcək kredit YEKA-2
külək enerjisi layihəsinin ikinci mərhələsinin işlənməsi və
tikintisinə yönəldiləcək. Layihəyə “Gaia”, “Falp” və “Arturna”
külək elektrik stansiyaları daxildir.

“Müəssisələrin ümumi quraşdırılmış gücü 250 MVt-a qədər, illik
enerji istehsalı isə təxminən 630 QVt/saat təmiz elektrik enerjisi
olacaq. Bu isə ildə təxminən 220,000 ton CO₂ emissiyasının
azaldılmasına imkan verəcək.




Layihənin ümumi dəyəri 399 milyon ABŞ dolları həcmində
qiymətləndirilir. Təşəbbüs AYİB-in “yaşıl” və inklüziv inkişafın
təşviqi prioritetlərinə tam uyğundur.

“Yaşıl” komponent çərçivəsində layihə iqlim dəyişikliyinin
nəticələrinin yumşaldılmasına, bərpa olunan enerji istehsalının
payının artırılması vasitəsilə töhfə verir. İnklüziv istiqamət üzrə
isə “Enerjisa” yerli əmək bazarının tələblərinə cavab vermək üçün
iki yerli mərkəz – Peşəkar ixtisas və sertifikatlaşdırma mərkəzi
(VQCC), həmçinin kənd təsərrüfatı, heyvandarlıq və turizmin
inkişafını dəstəkləyəcək sosial müəssisə təsis edəcək”, – məlumatda
bildirilir.

Məlumata görə, bu layihə həmçinin Türkiyədə kömür enerjisindən
ədalətli imtina prosesinin bir hissəsi olacaq, yeni iqtisadi
imkanlar yaradacaq və qadınların enerji sektorundakı iştirakını
təşviq edəcək.