
Bakı.Trend:
Həm qızlar, həm də oğlanlar üçün nikah yaşının 18 olaraq müəyyən
olunmasına nail olmuşduq. Lakin bu sahədə bəzi istisnalar qalmaqda
idi.
Trend xəbər
verir ki, bunu bu gün “Ailə, qadın və uşaq məsələləri Azərbaycan
qanunvericiliyində” adlı mətbuat konfransında Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxış
zamanı səsləndirib.
O qeyd edib ki, mövcud istisnalar həm bu şəxslərin hüquqlarının
pozulmasına şərait yaradırdı, həm də bu pozuntuların mümkünlüyü
qanuna zidd hərəkətlərin baş verməsinə gətirib çıxarırdı.
“Eyni zamanda, 2014-cü ildən etibarən nikaha daxil olmaq istəyən
şəxslərin tibbi müayinədən keçməsi ilə bağlı məcburi qaydanın
tətbiqi bu sahədə kifayət qədər müsbət nəticələrin əldə olunmasına
imkan verib. Bununla belə, problemlər hələ də qalmaqdadır və biz
onların aradan qaldırılması üçün müvafiq qanunvericilik
təşəbbüsləri ilə çıxış edirik”, – deyə komitə sədri bildirib.
Bahar Muradova vurğulayıb ki, bu istiqamətdə inzibati
tədbirlərin gücləndirilməsini nəzərdə tutan bir sıra dəyişikliklər
edilib.
“Belə ki, 16 yaşına çatmayan şəxslərin evliliyə dair razılaşmaya
daxil olması – yəni ailələr arasında bu mövzuda hər hansı razılığın
əldə edilməsi artıq qadağan olunub. Eyni zamanda, yetkinlik yaşına
çatmayan şəxslərin evliliyi ilə bağlı mərasimlərin keçirilməsi də
qanunla qadağan edilib”, – deyə o əlavə edib.
Komitə sədri bildirib ki, 16 yaşına çatmayan şəxslərin
evliliyinin təşkili və keçirilməsi ilə bağlı cinayət məsuliyyəti
müəyyən olunub: “Bu hallarda həm nikah mərasimlərini təşkil edən
şəxslər, həm də bələdiyyə və yerli icra hakimiyyəti orqanlarının
məsul əməkdaşları cinayət məsuliyyətinə cəlb oluna bilərlər”.

