
Bakı. Trend:
Bu gün Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan
Respublikası regionda lider və dünyada mötəbər bir dövlət kimi
tanınır. Azərbaycanın Çindəki səfirliyində 8 Noyabr – Zəfər Günü və
9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.
Azərbaycanın Çindəki səfirliyindən Trend-ə verilən məlumata görə, Pekindəki
diplomatik missiyaların rəhbərlərinin, hərbi attaşelərin, Çin
ictimaiyyətinin, işgüzar dairələrin nümayəndələrinin, Çində təhsil
alan və çalışan azərbaycanlıların qatıldıqları tədbirdə çıxış edən
səfir Bünyad Hüseynov Prezident İlham Əliyevin müvafiq Sərəncamı
ilə 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan
edildiyini, bu qərarın ölkəmizin müasir tarixinin iki mühüm
hadisəsini – Konstitusiyanın qəbul edilməsinin 30-cu və Vətən
müharibəsində şanlı Qələbəmizin 5-ci ildönümü kimi iki mühüm
hadisəni özündə birləşdirdiyini deyib.
“Bu iki mühüm hadisə birlikdə müasir Azərbaycan dövlətçiliyinin
təməli olan Konstitusiyamızda əks olunmuş qanunun aliliyini, eyni
zamanda, çətin qazanılan müstəqilliyini, xalqımızın vəhdəti,
Silahlı Qüvvələrimizin rəşadəti və Müzəffər Ali Baş Komandan,
Prezident İlham Əliyevin qətiyyəti sayəsində ərazi bütövlüyünün
bərpasını simvolizə edir”, – deyə B.Hüseynov vurğulayıb.
Qeyd olunub ki, 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin
uzaqgörən rəhbərliyi ilə qəbul edilmiş Konstitusiya sabit idarəetmə
sisteminin, vətəndaşların hüquqlarının qorunmasının və milli
suverenliyin institusionallaşdırılmasının əsasını qoyub. 2020-ci il
Vətən müharibəsi və 2023-cü il lokal xarakterli antiterror
əməliyyatları Azərbaycanın beynəlxalq səviyyədə tanınan əraziləri
üzərində suverenliyini bərpa edərək, xalqımızın birliyini və gücünü
bir daha təsdiqləyib.
“Bu gün Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan
Respublikası konstitusiya dəyərlərini və beynəlxalq hüquq
normalarını rəhbər tutan müasir, güclü və suveren dövlətdir.
Müharibədə qalib və sülhdə qətiyyətli olan ölkəmiz regionda lider
və dünyada mötəbər bir dövlət kimi tanınır”, – deyən diplomat əlavə
edib ki, ölkəmiz milli maraqlarını və təhlükəsizliyini uğurla
müdafiə etməklə yanaşı, regionda sabitliyə və əməkdaşlığa töhfələr
verir.
Səfir B.Hüseynov tədbirin xüsusi qonağı – Aprel döyüşlərinin
iştirakçısı, “Vətən uğrunda” medalı ilə təltif olunan
polkovnik-leytenant Vüqar Abduləzimovun simasında Azərbaycanın
ərazi bütövlüyü və suverenliyi uğrunda haqlı mübarizəsinin
iştirakçılarının qəhrəmanlığını xalqımızın heç vaxt unutmayacağını
deyib.
Sonra musiqiçilər Çilənay Bədəlova, Cavid Mehdiyev, Cəlal
Kərimov və Emin Kazımzadənin ifasında Azərbaycan musiqisinin
inciləri təqdim edilib, ölkəmizə aid videoçarxlar nümayiş
olunub.

