Böyük Britaniyada sığınacaq müraciətlərinin sayı rekord həddə çatıb

Baş səhifə

Bakı. Trend:

2024-cü ildə Böyük Britaniyada sığınacaq üçün edilən
müraciətlərin sayı 108 mini keçərək ölkə tarixində rekord
göstəriciyə çevrilib.

Trend xəbər verir
ki, bu barədə “The Times” qəzeti İqtisadi Əməkdaşlıq və İnkişaf
Təşkilatının (OECD) hesabatına istinadən məlumat yayıb.

Məlumata görə, 2024-cü ildə sığınacaq üçün müraciət edənlərin
sayı əvvəlki illə müqayisədə 28 faiz artıb. 2023-cü ildə bu
göstərici 84 min təşkil edib. 1979-cu ildən bəri belə yüksək rəqəm
qeydə alınmayıb. Əvvəlki rekord 2002-ci ildə 103 min müraciətlə
müəyyən olunmuşdu.




OECD bildirib ki, ötən il 44 min miqrant Böyük Britaniyaya
qeyri-qanuni yollarla daxil olmağa cəhd edib. Onların əksəriyyəti
qaçaqmalçıların köməyi ilə şişmə qayıqlarda La-Manş boğazını
keçiblər. 2023-cü ildə bu cəhdlərin sayı 38 min olub.

Qeyri-qanuni miqrantların əsas hissəsi Pakistandan (10 mindən
çox), eləcə də Əfqanıstan və İrandan (hər biri təxminən 8 min
nəfər) gələn şəxslərdir.