
Bakı. Trend:
Sabunçu Dəmiryol Vağzalının sərnişinləri növbəti
günlər ərzində buradan keçərkən “Qara qızılın saldığı dəmir yollar”
fotosərgisi ilə də tanış ola biləcəklər. Vağzalın üst mərtəbəsində
açılan sərgi Azərbaycanın sənaye tarixində mühüm yer tutan iki
sahənin – neft və dəmir yollarının bir-birini tamamlayan inkişaf
yolunu nümayiş etdirir.
“Azərbaycan Dəmir Yolları”nın bu il qeyd edilən 145 illik
yubileyinə həsr edilən fotosərgi “Balakhani Operating Company” ilə
birgə təşkil edilib. İzləyiciləri vizual tarixi ekskursa aparan
sərgi xatırladır ki, Azərbaycanda XIX əsrin sonlarında başlanan
neft hasilatı nəqliyyat sisteminin inkişafını da zəruri edib. Buna
görə də 1880-ci ildə ilk dəmir yolu – Bakı–Sabunçu–Suraxanı xətti
istifadəyə verilib. Bu qatarlar dünyada ilk dəfə nefti
vaqon-sisternlərlə daşıyaraq tarix yazıblar. Həmin dəmir yolları
təkcə neft deyil, həm də sərnişinləri daşıyırdı: Abşeronun
mədənlərindən şəhərə və ya əksinə üz tutan minlərlə neftçi və
onların ailələrini.
Rəsmi açılışı tarixi Sabunçu vağzalı- bu günkü Dəmiryol
Muzeyində baş tutan fotosərgidə çıxış edən “Balakhani Operating
Company” hasilat şirkətinin prezidenti Rövşən Rzayev vurğuladı ki,
neftçilərlə dəmiryolçuların peşəkar yolları və fəaliyyəti bu günə
qədər sıx bağlıdır. Hətta bu gün Sabunçu və Suraxanı rayonlarındakı
mədənlərdə çalışan əməkdaşların 10%-dan çoxu işə qatarla gəlib
gedirlər.
“Qara qızılın saldığı dəmir yollar” fotosərgisində nümayiş
etdirilən tarixi fotoların əksəriyyəti Milli Arxivdən alınaraq ilk
dəfə izləyicilərə təqdim edilir.

