
Bakı. Trend:
“Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə
Heyətinin sədri İlqar Mustafayev, onun köməkçisi Rəşad Bədəlov,
“GİRASOL” MMC-nin direktoru Fuad Babayev və digərilərinin cinayət
işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Trend xəbər
verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə
təqsirləndirilən şəxslər ifadə verib.
Proseddə təqsirləndirilən Rəşad Bədəlov ifadə verib.
O, bildirib ki, Dəniz Kənarı Bulvar İdarəsində və idarənin
tabeliyindəki bir sıra vəzifələrdə çalışıb:
“Mən Dövlət Bayrağı Meydanının tabeliyində olan bir müəssisədə
iqtisadçı olmuşam. Bir müddət sonra elə həmin müəssisənin başqa
vəzifədə çalışmışam.
2018-ci ildə İlqar Mustafayevin köməkçisi, 2019-cu ilin sonundan
sonra Dəniz Kənarı Bulvar İdarəsinin müxtəlif idarələrində rəis
olmuşam.
Mən istintaq zamanı da bildirmişəm ki, bu işin mənə aidiyyatı
yoxdur. Baxılan cinayət işində iştirak etməmişəm. Mənə nə əmr
edilibsə, yerinə yetirmişəm.
Mən əməkhaqqıdan əlavə pul da almışam. Bu pul qeyri-büdcə
vəsaitlərindən əldə edilən maliyyə hesabına verilib. Vəsaitin
yığılması ilə bağlı mənim heç bir səlahiyyətim olmayıb”.
Daha sonra iş üzrə təqsirləndirilən Fuad Babayev ifadə
verib.
O, bildirib ki, gül təssərrüfatı ilə məşğul olmaq istəyib və bu
barədə İlqar Mustafayevə məlumat verib. İlqar Mustafayev də deyib
ki, işləmək istəyirsə, tenderə qoşulmalıdır. Mən də bujun üçün “GİRASOL” MMC-ni yaratdım.
Təqsirləndirilən şəxs bildirib ki, ona təkcə Maraş dondurmadan
deyil, başqa sahələrdən pullar verilib.
“Mən həmin pulları təhcizat şöbəsinə verirdim. Sonra bizə ordan
tələbnamə gəlirdi. Həmin tələbnamədə pulun hansı təyinat üzrə
xərclənməsi yazılırdı. Biz Türkiyədən tenderlərlə güllər gətirirdik
və həmin güllərin də gömrük bəyannaməsi də var idi. “GİRASOL” MMC
ilə idarə arasında maliyyə əməliyyatlar hər zaman nağdsız formada
olub və vergi orqanı bizdə hər hansı bir yoxlama aparmayıb”.
Proses dekabr 8-də davam etdiriləcək.
Qeyd edək ki, “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin
fəaliyyətinin yoxlanılması ilə bağlı Azərbaycan Respublikasının
Hesablama Palatasından daxil olmuş materiallar əsasında Baş
prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində
araşdırma aparılıb.
Məlumata görə, ibtidai istintaqla İlqar Mustafayevin
“Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin
sədri vəzifəsində işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov,
“GİRASOL” MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə cinayət
əlaqəsinə girib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil
etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin
icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin
təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət
sahələrindən əldə edilmiş ümumilikdə 12 milyon manatdan artıq pul
vəsaitini vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə
mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq
məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmasına və
cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan
artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə
müvafiq əmlaklar alaraq leqallaşdırmasına əsaslı şübhələr müəyyən
olunub.
Toplanmış sübutlar əsasında İlqar Mustafayevə Cinayət
Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə
mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə
əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda
vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla
vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə
saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin
179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib, İlqar
Mustafayev barəsində istintaq orqanının vəsatəti və ibtidai
araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun
təqdimatı əsasında məhkəmə qərarı ilə həbs, digərləri barəsində isə
istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə
qətimkan tədbiri seçilib.
İş üzrə müəyyən edilmiş maddi ziyanın ödənilməsini təmin etmək
məqsədilə ümumilikdə 11 milyon manatdan artıq dəyərdə əmlak üzərinə
həbs qoyulub.
Eyni zamanda cinayət işindən həmin əməllərin
törədilməsində iştirak etmiş digər şəxslər barəsində cinayət işi
ayrıca icraata ayrılmaqla ibtidai istintaq davam etdirilir.

